Qaynar xətt:

(+99450) 247 90 86

Maaşı ödənilməyən işçilər necə hüquqlarını qoruya bilər?  

Maaşı ödənilməyən işçilər necə hüquqlarını qoruya bilər?  

CƏMİYYƏT

58

24.07.2026, 13:30

Bəzi şirkətlərdə əməkhaqlarının aylarla gecikdirilməsi və işçilərin əmək hüquqlarının pozulması ilə bağlı müraciətlər artmaqda davam edir. Xüsusilə tikinti sektorunda fəaliyyət göstərən bəzi müəssisələrdə işçilərin uzun müddət maaş ala bilməməsi ciddi sosial və hüquqi problemlərə səbəb olur.

Məsələ ilə bağlı hüquqşünas Anar Quliyev Oxu24.com-a açıqlamasında bildirib ki, belə hallarda işçilər qanunvericiliyin onlara verdiyi hüquqlardan istifadə etməli və hüquqlarının bərpası üçün aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər.

Hüquqşünasın sözlərinə görə, ona daxil olan müraciətlərdən birində MMC formasında fəaliyyət göstərən tikinti şirkətinin yüzdən artıq əməkdaşının əməkhaqqını doqquz aydan artıq müddətdə ödəmədiyi bildirilib. Müraciətdə qeyd olunub ki, şirkət təkcə işçilərin maaşlarını deyil, eyni zamanda dövlət və özəl sektorda olan bir sıra maliyyə öhdəliklərini də yerinə yetirməyib. İddialara əsasən, müəssisə dövlət satınalmaları üzrə keçirilən tenderlərdə qalib gələrək müəyyən layihələr üçün avans vəsaitləri əldə etsə də, həmin layihələrin əksəriyyəti yarımçıq qalıb və öhdəliklər icra olunmayıb.

Anar Quliyev bildirib ki, əgər işçilərlə müəssisə arasında rəsmi əmək müqaviləsi bağlanıbsa, onların əmək hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qorunur və işəgötürən əməkhaqqını qanunla müəyyən edilmiş müddətdə ödəməyə borcludur. Əməkhaqqının uzun müddət ödənilməməsi isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması hesab olunur.

Hüquqşünas qeyd edib ki, belə vəziyyətlə üzləşən işçilər ilk növbədə Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməlidirlər. Bu qurum əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir və daxil olan müraciətlər əsasında araşdırma apararaq qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər.

Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılan yoxlamalar zamanı əməkhaqlarının ödənilmədiyi təsdiqlənərsə, işəgötürənə qanunvericiliyə uyğun göstərişlər verilə, inzibati məsuliyyət tədbirləri tətbiq oluna və pozuntuların aradan qaldırılması tələb edilə bilər.

Anar Quliyev vurğulayıb ki, əgər Dövlət Əmək Müfəttişliyinin müdaxiləsinə baxmayaraq işəgötürən əməkhaqqını ödəməkdən yayınmağa davam edərsə və ya qanun pozuntusunu aradan qaldırmasa, bu halda işçilər məhkəməyə müraciət edərək əməkhaqlarının tutulmasını, gecikdirilmiş ödənişlərin ödənilməsini və digər hüquqlarının bərpasını tələb edə bilərlər.

Hüquqşünas bildirib ki, əmək münasibətlərindən irəli gələn tələblər qanunvericilikdə xüsusi qaydada qorunur. İşçilər əmək müqaviləsi, işə qəbul əmri, əməkhaqqı cədvəlləri, bank köçürmələri, əmək kitabçası və digər sənədlərlə öz hüquqlarını sübut edə bilərlər.

Onun sözlərinə görə, əməkhaqqının ödənilməməsi təkcə maliyyə problemi deyil, eyni zamanda insanların sosial təminatına, ailə büdcəsinə və gündəlik yaşayışına birbaşa təsir edən ciddi hüquq pozuntusudur. Aylarla maaş ala bilməyən işçilər kredit öhdəliklərini yerinə yetirməkdə, kommunal xərclərini ödəməkdə və ailələrinin sosial təminatını qorumaqda ciddi çətinliklərlə üzləşirlər.

Anar Quliyev əlavə edib ki, bəzi hallarda işçilər hüquqlarını bilmədikləri üçün uzun müddət gözləmə mövqeyi tutur və rəsmi qurumlara müraciət etmirlər. Halbuki qanun onların hüquqlarını müdafiə etmək üçün kifayət qədər mexanizmlər nəzərdə tutur və bu mexanizmlərdən vaxtında istifadə olunması mühüm əhəmiyyət daşıyır.

Hüquqşünas hesab edir ki, işəgötürənlər əmək müqaviləsi bağladıqları işçilərin hüquqlarına hörmət etməli, əməkhaqlarını vaxtında ödəməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Əks halda, onlar həm inzibati, həm də məhkəmə müstəvisində hüquqi məsuliyyətlə üzləşə bilərlər.

Sonda Anar Quliyev işçilərə tövsiyə edib ki, əməkhaqlarının uzun müddət ödənilmədiyi hallarda məsələni gecikdirmədən aidiyyəti dövlət orqanlarına müraciət etsinlər, bütün sənədlərini toplasınlar və hüquqlarının bərpası üçün qanunun verdiyi imkanlardan istifadə etsinlər. Onun sözlərinə görə, əmək hüquqlarının qorunması hər bir işçinin konstitusion hüququdur və bu hüququn pozulmasına qarşı hüquqi müdafiə mexanizmləri mövcuddur.