Qaynar xətt:

(+99450) 247 90 86

Etibarnamə ilə alınan torpaq kimə məxsus sayılır? - VƏKİL AÇIQLADI 

Etibarnamə ilə alınan torpaq kimə məxsus sayılır? - VƏKİL AÇIQLADI 

CƏMİYYƏT

128

20.07.2026, 13:40

Etibarnamə əsasında torpaq sahəsinin alınması və ya satılması ilə bağlı hüquqi mübahisələr Azərbaycanda ən çox rast gəlinən problemlərdən biridir. Xüsusilə də torpaq sahəsinin hüquqi sahibi vəfat etdikdən sonra etibarnamə əsasında həmin əmlakdan istifadə edən şəxslər ciddi hüquqi çətinliklərlə üzləşirlər. Bəs belə hallarda qanun nə deyir və vətəndaş hansı addımları atmalıdır?

Oxu24.com-a açıqlama verən vəkil Tural Abdullazadə  bildirib ki, ilk növbədə vətəndaşlar etibarnamə ilə mülkiyyət hüququnun əldə olunması anlayışı ilə mülkiyyətçinin verdiyi səlahiyyət arasında olan fərqi düzgün bilməlidirlər.

Vəkilin sözlərinə görə, etibarnamə yalnız müəyyən hərəkətləri həyata keçirmək üçün verilən hüquqi səlahiyyətdir. Bu sənəd həmin əmlak üzərində mülkiyyət hüququ yaratmır.

"Bir şəxs sizə etibarnamə verə bilər ki, həmin torpaq sahəsini idarə edəsiniz, becərəsiniz, əkib-biçəsiniz, sənədləşmə işləri aparasınız və ya onun adından müəyyən hüquqi əməliyyatlar həyata keçirəsiniz. Lakin etibarnamənin verilməsi o demək deyil ki, torpaq artıq sizin mülkiyyətinizə keçib", – deyə Tural Abdullazadə qeyd edib.

Hüquqşünas vurğulayıb ki, qanunvericiliyə əsasən daşınmaz əmlakın alqı-satqısı yalnız notariat qaydasında təsdiq edilmiş müqavilə və dövlət qeydiyyatı aparıldıqdan sonra hüquqi qüvvəyə minir. Yəni torpaq sahəsinin yalnız etibarnamə ilə "alınması" hüquqi baxımdan mülkiyyət hüququnun yaranması demək deyil.

Vəkilin sözlərinə görə, ən böyük problemlər torpaq sahəsinin hüquqi sahibi vəfat etdikdə ortaya çıxır. Çünki etibarnamə şəxsin həyatda olduğu müddətdə qüvvədə olur və etibarnamə verən şəxs vəfat etdikdən sonra həmin etibarnamənin hüquqi qüvvəsi də faktiki olaraq başa çatır.

"Əgər torpaq sahəsinin adına çıxarış olan əsas mülkiyyətçi vəfat edibsə, artıq əvvəl verilmiş etibarnamə ilə həmin torpağın rəsmiləşdirilməsi mümkün olmur. Bu halda məsələ tamamilə vərəsəlik hüququ çərçivəsində həll edilməlidir", – deyə vəkil bildirib.

Onun sözlərinə görə, belə vəziyyətdə ilk növbədə mərhumun qanuni vərəsələri müəyyən edilməlidir. Vərəsələr notariat qaydasında mirası qəbul etdikdən sonra torpaq sahəsi onların adına rəsmiləşdirilir və yalnız bundan sonra həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlamaq mümkündür.

"Tutaq ki, torpağın sahibi vəfat edib. Bu zaman həmin şəxsin övladları, həyat yoldaşı və ya digər qanuni vərəsələri müəyyən olunmalıdır. Onlar mirası qəbul etdikdən sonra artıq həmin torpaq üzərində hüquq sahibi olurlar. Bundan sonra vətəndaş həmin vərəsələrlə razılığa gələrək torpaq sahəsini öz adına rəsmiləşdirə bilər", – deyə hüquqşünas izah edib.

Tural Abdullazadə bildirib ki, əgər vətəndaş uzun illər etibarnamə ilə torpaqdan istifadə edibsə belə, bu fakt avtomatik olaraq ona mülkiyyət hüququ vermir. Daşınmaz əmlakın sahibi yalnız dövlət reyestrində göstərilən şəxs hesab olunur.

Vəkil vətəndaşlara etibarnamə əsasında daşınmaz əmlak almaqdan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu cür sövdələşmələr gələcəkdə ciddi hüquqi risklər yaradır.

"Praktikada təəssüf ki, insanlar etibarnamə ilə həm torpaq, həm də avtomobil alırlar. Sonradan isə müxtəlif problemlərlə üzləşirlər. Mən hər zaman vətəndaşlara tövsiyə edirəm ki, daşınmaz əmlakı yalnız notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə və dövlət qeydiyyatından keçirməklə əldə etsinlər", – deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, eyni yanaşma nəqliyyat vasitələrinə də aiddir. Onun sözlərinə görə, avtomobil də yalnız etibarnamə ilə istifadə üçün verilə bilər. Lakin mülkiyyət hüququ yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanıb nəqliyyat vasitəsi Dövlət Yol Polisi orqanlarında yeni sahibin adına qeydiyyata alındıqdan sonra yaranır.

Sonda vəkil vətəndaşlara çağırış edərək bildirib ki, gələcəkdə uzunmüddətli məhkəmə çəkişmələri və əlavə maddi itkilərlə qarşılaşmamaq üçün bütün əmlak alqı-satqısı əməliyyatları qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Onun sözlərinə görə, hüquqi sənədləşmə həm alıcının, həm də satıcının hüquqlarını qoruyan ən etibarlı təminatdır.

Nigar