Qaynar xətt:

(+99450) 247 90 86

Körfəzdəki müharibə Azərbaycan turizminə necə təsir edib? – Ekspert danışdı  

Körfəzdəki müharibə Azərbaycan turizminə necə təsir edib? – Ekspert danışdı  

CƏMİYYƏT

59

06.07.2026, 18:44

2026-cı ilin ilk aylarında Azərbaycana gələn xarici turistlərin sayında azalma qeydə alınıb. Mövcud vəziyyət fonunda aviabilet qiymətləri, viza prosedurları və hotellərin qiymət siyasətinin turist axınına nə dərəcədə təsir göstərdiyi cəmiyyətdə və mediada geniş müzakirə olunur.

Dövlət Turizm Agentliyi, Dövlət Turizm Bürosu və yerli turizm şirkətləri ölkəyə xarici qonaqları cəlb etmək üçün fəal şəkildə çalışır, genişmiqyaslı reklam kampaniyaları həyata keçirirlər.

Lakin daxili cəhdlərə baxmayaraq, xarici amillər və qlobal miqyasda baş verən proseslər statistika daxilində öz mənfi təsirini göstərməkdədir. Hazırda dünyada cərəyan edən geosiyasi gərginliklər və dərinləşən iqtisadi böhranlar insanların səyahət imkanlarını və qərarlarını birbaşa məhdudlaşdırır.

Xüsusilə Azərbaycanın əsas hədəf bazarları hesab olunan regionlardakı qeyri-sabitlik birbaşa hava nəqliyyatına və uçuş coğrafiyasına təsir edir. Ekspertlərin rəyinə görə, qeydə alınan bu azalma ölkə daxilindəki xidmətdən deyil, tamamilə qlobal çağırışlardan və beynəlxalq vəziyyətdən qaynaqlanır.

Mövzu ilə bağlı Oxu24.com-a ətraflı və açıqlama verən turizm məsələləri üzrə ekspert Rəhman Quliyev ölkəyə gələn turist sayındakı azalmanın pərdəarxası məqamlarını və səbəblərini tam təfərrüatı ilə diqqətə çatdırıb:

“Bəli, ilin ilk aylarında Azərbaycana gələn turist sayında biz azalmanı müşahidə etdik. Burada Azərbaycanla heç bir əlaqəsi olmayan bir amil var idi. Bu, bütün dünyada baş verən geosiyasi vəziyyət, xüsusən də Körfəz ölkələrində baş verən çox ciddi qarşıdurma və müharibədir. Həmin müharibə Azərbaycana gələn aviareyslərin sayında çox ciddi azalmaya gətirib çıxartdı ki, bu da gələn turist sayına çox ciddi mənfi təsir göstərdi”.

Onun sözlərinə görə, müharibədən əvvəlki dövrdə Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında üstünlük təşkil olunurdu. Bu gün isə Körfəz ölkələrinin müharibəyə qoşulması və müharibəyə cəlb edilməsi səbəbindən hava limanlarının fəaliyyəti məhdud şəkildə işləyir və uçuşlar uzun müddətə təxirə düşür. Bu vəziyyət həmin ölkələrin turist qabiliyyətini çox ciddi şəkildə aşağı salır. 

Ekspert aviabiletlərin qiymətinə təsir edən əsas mexanizmi və bunun turizmə vurduğu zərbəni belə izah edib:

“Bu amillə bərabər, digər bir məsələ də var: Asiya ölkələrindən Azərbaycana gələn aviareyslər məhz Körfəz ölkələri səmalarından keçərək gəlirdi. Artıq uzun zamandır, bəlkə də 4-5 aydır ki, bu məsələ hələ də tam olaraq öz həllini tapmayıb. Hava məkanları çox məhdud şəkildə işləyir, Körfəz ölkələri səması hələ də bağlı olaraq qalır”.

R.Quliyev bildirir ki, zəruri uçuşlar həyata keçirilir, lakin bu uçuşlar artıq uzun məsafəli uçuşlardır. Yəni, Asiya ölkələrindən Körfəz üzərindən 3-4 saata uçuş həyata keçirən aviareyslər, indi məsafə uzandığına görə 7-8 saat məsafə qət edirlər. Bu da aviaşirkətlərə əlavə xərclər gətirib çıxarır. Əlavə xərclər isə turistlərin aldığı biletin üzərinə hesab-faktura olaraq əlavə olunur. Bu, biletin bahalı olmağını qaçılmaz edir. Bilet baha olduqda isə yalnız zəruri uçuşlar həyata keçirilir, turistik məqsədli səfərlər isə müəyyən qədər geriləyir. 

Rəhman Quliyev vurğulayıb ki, problem təkcə Yaxın Şərqlə bitmir, qlobal iqtisadi böhran digər böyük bazarlarda da özünü göstərir:

“Hesab edirəm ki, problem tək Körfəz ölkələrində deyil. Bütün dünyada baş verən digər münaqişələr və iqtisadi böhran da təsir edir. Bu gün Avropada, Rusiyada və Asiya ölkələrində də iqtisadi böhran mövcuddur. Qırmızı dəniz ətrafında və Körfəzdə gedən müharibə bütün dünya ölkələrinin iqtisadiyyatına çox ciddi zərbə vurub. İqtisadiyyatı zəifləyən bir ölkənin vətəndaşlarının isə istər-istəməz turist qabiliyyəti aşağı düşür. Bu baxımdan Azərbaycana gələn turist sayının azalması qaçılmaz idi.

Azərbaycan neytral və çox güvənli bir ölkədir. Hazırki dövrümüzdə Azərbaycan güvən və etibarlılıq baxımından dünyada ilk onluqdadır. Amma qonşu ölkələrin, Körfəz regionunun və digər dövlətlərin vətəndaşlarının iqtisadi durumu aşağıdırsa, onların turist qabiliyyəti yoxdursa, necə gəlsinlər? Biz nə qədər çabalar göstərsək, reklamlar etsək də, əgər bir ölkə vətəndaşının turist qabiliyyəti yoxdursa, onu ayağa qaldırmaq bizim işimiz deyil. O, həmin ölkələrin öz rəhbərliyinin problemidir ki, vətəndaşına qayğı göstərsin, sosial rifahını yaxşılaşdırsın”.

Çimnaz Telmanqızı