“Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 % təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Azərbaycanda istehlakçıların bu məsələyə yanaşması bir qədər fərqlidir:
“Ölkəmizdə hazırda 50 mindən çox ticarət şəbəkəsi var. Amma ticarət şəbəkələrində satılan vaxtı keçmiş ərzaq məhsullarına görə ittiham qida təhlükəsizliyinə cavadeh orqanının üzərinə düşür. Dünyada isə qida təhlükəsizliyinə nəzarət sistemi belədir ki, cavabdeh sahibkardır, ictimai nəzarət istehlakçıdadır. Qida təhlükəsizliyi orqanı isə tənzimləyicidir.
Bu orqan sahibkarla istehlakçı arasında münasibətləri tənzimləyir. Qida təhlükəsizliyi sahəsində bir sıra çatışmazlıqlar var. Hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir. Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandan kənar yoxlama həyata keçirək. Dünyada qida təhlükəsizliyi sahəsində nəzarət sistemi öncədən xəbər vermədən aparılır. Bizdə isə 1 il əvvəldən yoxlanılacaq müəssisələr haqqında məlumat veririk. Həmin müəssisələrə öncədən xəbərdarlıq edir ki, konkret müddətdən sonra sizi yoxlamağa gələcəyik. Sahibkar maksimum çalışır ki, həmin dövrə hazırlığını həyata keçirsin. Ondan sonra isə hansısa pozuntuları həyata keçirə bilirsə, yenidən davam etdirsin”.
AQTA sədri bildirib ki, bizdə istehlakçıların ictimai nəzarəti aşağı səviyyədədir:
“Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir. Azərbaycanda 2023-cü ildə baş verən 143 zəhərlənmənin 104-ü məişətdə baş verib. Bu ondan xəbər verir ki, ilkin istehsal zamanı qablaşdırmadan, saxlanmadan, satışdan daha çox biz özümüz onu istehlak edərkən, ev şəraitində həmin qidanı təhlükəli edirik. Qidanın təhlükəliliyi yalnız onun istehsalı, daşınması, qablaşdırılması prosedurunda deyil, eyni zamanda onun istehlakı prosedurundadır.
Azərbaycanda son zamanlar dönərxanalarda baş verən zəhərlənmələrlə əlaqədar mətbuatda da məlumat yayıldı. Qəribə də olsa, Azərbaycan satıcısı hələ də, elementar gigiyenik qaydalara əməl edib əllərini lazımi şəkildə yuya bilmir. Məsələn, qəssab mətbəxdə iş görən zaman bıçaqla əlini zədələyir və orada irinli yara əmələ gəlir. Həmin irinli yaranı da asanlıqla dönərə və yaxud lüləyə keçirir. Beləliklə 30-40 adamda mədə-bağırsaq pozğunluqları ilə bağlı hal ortaya çıxır. İnsanlarda belə bir təəssürat yaranır ki, həmin qidanın özündə baş verən pozuntu ilə bağlıdır. Əslində isə qidanın özü ilə düzgün davranmaq qaydalarına riayət etməyi öyrənməliyik. Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhülkəsiz olan ən öndə gedən ölkələrdən biridir”.
Q.Təhməzli onu da qeyd edib ki, qanunvericiliyə görə hazırda Azərbaycanda istehsal olunan məhsulların daxilində at ətindən istifadə olunmur:
“Kəsim yerlərindəki at ətləri Qazaxıstana ixrac olunur. Azərbaycanda at sahəsində xəstəliklər aradan qaldırıldığı üçün diri atın ixracına icazə verilir. Qazaxıstan, Qırğızıstan və Monqolustan kimi ölkələr Azərbaycandan ixrac həyata keçirirlər”.
Oxu24.com
ŞƏRHLƏR