Qaynar xətt:

(+99450) 247 90 86

Uşaq nə vaxt danışmalıdır? – Mütəxəssislərdən vacib açıqlama

Uşaq nə vaxt danışmalıdır? – Mütəxəssislərdən vacib açıqlama

TİBB

93

08.07.2026, 14:18

Valideynləri ən çox narahat edən məsələlərdən biri də uşaqların danışmağa gec başlamasıdır. Mütəxəssislər bildirirlər ki, hər uşağın inkişaf tempi fərqli olsa da, nitq inkişafı ilə bağlı müəyyən yaş normaları mövcuddur. Bu normalardan ciddi geri qalma müşahidə olunarsa, səbəbi vaxtında araşdırmaq vacibdir.

Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, körpələrdə nitqin inkişafı həyatın ilk aylarından başlayır. Uşaq təxminən 3–4 aylığından etibarən müxtəlif səslər çıxarmağa, ətrafdakı səslərə reaksiya verməyə və valideyninin səsinə cavab verməyə başlayır. Bu mərhələ gələcək danışığın təməlini təşkil edir.Artıq 1 yaş 6 aylığında sağlam inkişaf edən uşağın orta hesabla 15-ə yaxın söz işlətməsi gözlənilir. Bu sözlər “ana”, “ata”, “su”, “gəl”, “ver”, “top”, “yox”, “bəli” kimi sadə ifadələr ola bilər.1 yaş 8 aylığında isə uşağın söz ehtiyatı daha da genişlənməli və təxminən 50 sözə çatmalıdır. Bu yaş dövründə uşaq artıq eşitdiyi sözləri təkrar etməyə, əşyaların adlarını deməyə və sadə tapşırıqları yerinə yetirməyə başlayır.2 yaşına çatdıqda isə uşaq artıq iki və ya üç sözdən ibarət kiçik cümlələr qurmağı bacarmalıdır. Məsələn, “ana gəl”, “su ver”, “top gətir” kimi ifadələr normal nitq inkişafının göstəricisi hesab olunur.

Mütəxəssislər bildirirlər ki, son illərdə nitq ləngiməsi ilə bağlı müraciətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bunun müxtəlif səbəbləri var.Ən çox rast gəlinən səbəblərdən biri uşaqların erkən yaşlardan telefon, planşet, televizor və digər elektron cihazlardan həddindən artıq istifadə etməsidir. Uşaq saatlarla ekrana baxdıqda passiv informasiya qəbul edir, lakin qarşılıqlı ünsiyyət qurmadığı üçün beynin nitq mərkəzləri kifayət qədər stimul almır.Bundan başqa, mütəxəssislər uşaqların həddindən artıq şirniyyat, qazlı içkilər və müxtəlif hazır qidalar qəbul etməsinin də ümumi sinir sistemi inkişafına mənfi təsir göstərə biləcəyini bildirirlər. Sağlam və balanslı qidalanma uşağın həm fiziki, həm də zehni inkişafında mühüm rol oynayır.Nitqin gecikməsinə səbəb ola bilən digər amillər arasında sinir sisteminin inkişaf xüsusiyyətləri, anadangəlmə nevroloji problemlər, eşitmə pozğunluqları, autizm spektr pozuntuları və digər inkişaf xüsusiyyətləri də yer alır. Buna görə də nitq ləngiməsi müşahidə edilən hər bir uşaq fərdi şəkildə qiymətləndirilməlidir.

Mütəxəssislər vurğulayırlar ki, uşağın yalnız söz deməsinə deyil, ümumi ünsiyyət bacarıqlarına da diqqət yetirmək lazımdır. Əgər uşaq göz təması qurur, adını eşidəndə reaksiya verir, jestlərdən istifadə edir və müxtəlif səslər çıxarırsa, bu, nitq inkişafının başladığını göstərən müsbət əlamətlərdir.Valideynlərin bu prosesdə rolu isə son dərəcə böyükdür. Uşaqla mümkün qədər çox danışmaq, ona nağıllar oxumaq, laylalar demək, şəkilli kitabları birlikdə izləmək, müxtəlif inkişafetdirici oyunlar oynamaq və gündəlik həyatda gördüyünüz hər şeyi ona izah etmək nitqin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirir.

Mütəxəssislər deyirlər ki, “uşaq məni başa düşmür” düşüncəsi ilə onunla az danışmaq düzgün deyil. Əksinə, uşaq anlamasa belə, daim onunla ünsiyyət qurmaq lazımdır. Beyin eşitdiyi sözləri zamanla emal edir və bu, gələcək danışığın formalaşmasına kömək edir.Əgər uşaq yaşına uyğun nitq inkişafından geri qalırsa, valideynlər bunu “öz-özünə keçər” düşüncəsi ilə gecikdirməməlidirlər. Erkən diaqnostika və vaxtında başlanılan loqopedik, psixoloji və nevroloji dəstək gələcəkdə nitq problemlərinin aradan qaldırılmasında çox mühüm rol oynayır.Sevgi dolu ünsiyyət, sağlam həyat tərzi və valideyn diqqəti uşağın danışmağa başlaması üçün ən güclü “müalicə” vasitələrindən biridir. Uşaq nə qədər çox eşidər, dinləyər və ünsiyyət qurarsa, nitqi də bir o qədər sağlam inkişaf edər.

Turan