Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
27 Oktyabr 2026, 14:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
142
27.10.2026, 13:50
Azərbaycan-Türkiyə münasibətləri bir daha həssas sınaq qarşısındadır. İki ölkə arasında tarixi, milli və mədəni bağlarla yanaşı, strateji müttəfiqlik və qarşılıqlı siyasi etimada əsaslanan münasibətlər mövcud olsa da, son günlər yaşanan hadisələr göstərdi ki, ayrı-ayrı şəxslərin açıqlamaları belə bu münasibətlər ətrafında ciddi müzakirələrə səbəb ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə vəzifəsindən azad olunan baş müşaviri Oktay Saralın Azərbaycanda hicab və məktəblilərin geyim qaydaları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan narazılıq artıq sosial şəbəkələrin hüdudlarını aşaraq siyasi müstəviyə keçib.
Hadisələrin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılması isə diqqətləri Ankaranın atdığı addımın siyasi mənasına yönəldib.
Saralın öz açıqlamasında vəzifədən ayrılmasının Prezident Ərdoğanın göstərişi ilə baş verdiyini təsdiqləməsi və bunun Azərbaycanla bağlı fikirləri ətrafında müzakirələrin getdiyi dövrə təsadüf etməsi müxtəlif şərhlərə yol açıb.
Bu hadisə Ankaradan Bakıya verilən siyasi mesaj kimi dəyərləndirilə bilərmi? Türkiyədə bəzi siyasi dairələrin Azərbaycanla bağlı sərt çıxışları iki ölkə arasında etimad mühitinə necə təsir göstərir və gələcəkdə oxşar halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatları və politoloqlar baş verənləri fərqli aspektlərdən dəyərləndirərək Azərbaycanın gözləntilərini, Türkiyənin atdığı addımların əhəmiyyətini və iki ölkə arasında münasibətlərin gələcək perspektivlərini şərh ediblər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu24.com-a bildirib ki,Azərbaycan-Türkiyə münasibətləri kimlərinsə istəyindən asılı olmayaraq möhkəm əsaslara malikdir.
Hər iki xalq bir köksdən gəlir, dostluğumuz və qardaşlığımız əbədidir. Biz heç vaxt bir-birimizin daxili işlərinə qarışmamışıq, uğurlarımıza sevinmişik. Bəzi şəxslərin bu münasibətləri korlamaq cəhdinə cəmiyyətin özü kəskin cavab verir.
Deputat qeyd edib ki, Biz Türkiyə cəmiyyətinin, Türkiyə Prezidentinin baş müşavirinin qəbuledilməz, diplomatiyadan uzaq fikirlərinə kəskin etirazını gördük. Prezident Ərdoğanın onu vəzifədən azad etməsi göstərir ki, Cənab Ərdoğan bir daha müdrikliyini nümayiş etdirdi.
Millət vəkili əlavə edib ki, onun üçün Azərbaycanla münasibətlər olduqca önəmlidir və o, heç vaxt komandasında işləyən şəxslərin bu münasibətlərə zərər vurmasına imkan verməz.
BAP sədri, millət vəkili Elşad Musayev Azərbaycan-Türkiyə münasibətlərində son günlərdə yaranan gərginliyə münasibət bildirib.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarından sonra Azərbaycana qarşı qara kampaniya başladıldığını deyib.
Deputatın sözlərinə görə, kampaniyada qardaş Türkiyənin müxtəlif kateqoriyalı şəxsləri də iştirak edib: “Bunların içərisində Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın olması təəssüf və təəccüb doğurdu. Biz mövqeyimizi bildirdik. Azərbaycanla Türkiyə qardaş ölkədir və münasibətlərin gərginləşməsi hər iki ölkənin milli maraqlarına uyğun deyil.”
E.Musayev gərginlikdən istifadə etmək istəyən kənar qüvvələrin olduğunu, Türkiyənin daxilində isə türkçülüyə düşmən marginal qrupların fürsətdən yararlanmağa çalışdığını bildirib. O, bəzilərinin real vəziyyəti bilmədən “başörtüsü problemi var” deyərək məsələyə müdaxilə etdiyini qeyd edib. Bunun Azərbaycan cəmiyyətində ciddi narazılıq yaratdığını və Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olduğunu deyib.
Deputat vurğulayıb ki, Azərbaycanda bütün dini qurumlara tam azadlıq verilib və başörtüsü qadağası yoxdur: “Orta məktəblərdə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərar icra edilməlidir. Şagirdlərin də, müəllimlərin də geyim forması var, hamı buna əməl etməlidir.” O əlavə edib ki, Azərbaycanın vəziyyəti nə Türkiyənin, nə də başqa ölkənin vəziyyəti ilə eyni deyil və milli təhlükəsizliyə müxtəlif istiqamətlərdən ciddi təhdid var.
E.Musayev Türkiyə tərəfinə etirazlarını da çatdırdıqlarını bildirib. Onun sözlərinə görə, Əfqanistanda qız uşaqlarının təhsildən məhrum edilməsinə, Orta Asiyada və digər ölkələrdə qız uşaqlarına qarşı şiddətə səs çıxarmayanlar Azərbaycanla bağlı səs-küy yaradıb. Deputat bunun siyasi təşkilatların və hökumətin mövqeyi ilə üst-üstə düşdüyünü qeyd edib.
Gərgin vəziyyətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə zəng etməsini müsbət qiymətləndirən E.Musayev bildirib ki, Ərdoğan həm də Türkiyədə keçirilən tədbirə dəvət edib, məsləhətləşmələr aparılıb. Oktay Saralın istefası ilə bağlı isə deyib: “Onun Türkiyədə bir jurnalistə verdiyi məlumata görə, istefanın səbəbi bu məsələ olub. Bu, çox doğru qərardır və hamı bilməlidir ki, Azərbaycanın daxili işinə müdaxiləyə yol verilməz.”
Deputat Türkiyədən Devlet Bahçeli və Ümit Özdağın Azərbaycanın daxili işinə qarışmamaq mövqeyini təqdir etdiyini, bəzi jurnalist, siyasətçi, təhlilçi və akademiklərin isə Azərbaycanın real daxili vəziyyətini bilmədən populist çıxışlar etdiyini bildirib. Onun fikrincə, bundan sonra münasibətlərdə buzların əridilməsi istiqamətində addımlar atılacaq: “Münasibətlərin kəskinləşməsinə yol vermək olmaz. Azərbaycan və Türkiyə qardaş ölkələrdir, problemlərimizin birgə həlli və dost-qardaş münasibətinin davamı hər iki ölkənin marağındadır.”
Politoloq Elxan Şahinoğlu Oktay Saralın vəzifəsindən uzaqlaşdırılmasının zəruri olduğunu bildirib.
Onun fikrincə, bu addım Bakı və Ankara arasındakı münasibətlərdə yaranmış gərginliyin nisbətən azalmasına xidmət edə bilər.
Politoloq qeyd edib ki, bu həftənin sonunda Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində liderlərin görüşməsi gözlənilir və bu görüş gərginliyin azaldılması baxımından mühüm rol oynamalıdır:“Çünki biz müttəfiq, qardaş dövlətlərik, Şuşa Bəyannaməsi də mövcuddur. Gərginliyin yaşanması həm iki dövlətə zərər vurur, həm də dövlətlərimizə qarşı mövqe tutan düşmən və rəqib ölkələr bundan faydalanmağa çalışırlar. Ona görə də ittifaqı daha da gücləndirməyə ehtiyac var.”
E. Şahinoğlu hesab edir ki, son hadisələr göstərdi: Türkiyə və Azərbaycan qardaş dövlətlər olsa da, aralarında müəyyən şübhələrin yaradılması cəhdləri gündəmdədir və koordinasiyanın gücləndirilməsinə ehtiyac var:“Bu koordinasiya qurumlar arasında, siyasi ekspertlər və deputatlar səviyyəsində olmalıdır. Yəni dialoq daimi xarakter daşımalıdır ki, hər hansı sual yarananda dərhal cavablandırılsın və boşluq yaranmasın. Çünki həmin boşluqdan təxribatçılar istifadə edə bilər.”
Turan Etibaroğlu
14:15 / 27 Oktyabr 2026
1
14:07 / 27 Oktyabr 2026
27
13:45 / 27 Oktyabr 2026
44
13:42 / 27 Oktyabr 2026
44
13:29 / 27 Oktyabr 2026
354
13:25 / 27 Oktyabr 2026
77
13:15 / 27 Oktyabr 2026
550
13:08 / 27 Oktyabr 2026
183
12:56 / 27 Oktyabr 2026
82
12:49 / 27 Oktyabr 2026
153
12:47 / 27 Oktyabr 2026
77
12:45 / 27 Oktyabr 2026
86
12:43 / 27 Oktyabr 2026
75
12:35 / 27 Oktyabr 2026
472
12:32 / 27 Oktyabr 2026
102
12:30 / 27 Oktyabr 2026
154
12:28 / 27 Oktyabr 2026
89
12:24 / 27 Oktyabr 2026
86
12:01 / 27 Oktyabr 2026
79
11:55 / 27 Oktyabr 2026
90
11:45 / 27 Oktyabr 2026
77
11:33 / 27 Oktyabr 2026
96
11:25 / 27 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.