Qaynar xətt:

(+99450) 247 90 86

Bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI 

Bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI 

CƏMİYYƏT

52

16.11.2026, 22:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dekabrın 16-da müxtəlif rayon və şəhərlərdə yerləşən torpaq sahələrinin satışı və icarəyə verilməsi üzrə hərraclar keçiriləcək.

Oxu24.com FED.az-a istinadla xəbər verir ki, bu barədə torpaq müsabiqə və hərraclarının keçirilməsi ilə bağlı açıqlanan elanda bildirilib.

Hərraclar 2026-cı il dekabrın 16-da saat 15:00-da baş tutacaq. İştirak üçün ərizələr noyabrın 16-dan dekabrın 14-dək qəbul edilir. Torpaq sahələri Xızı, Siyəzən, Sabirabad, Mingəçevir, Astara, Kürdəmir, Qazax, Qusar, Şabran və Xaçmaz ərazilərində yerləşir.

Hərraca çıxarılan torpaqların bir hissəsi satış, digər hissəsi isə 15 il müddətinə icarə məqsədi daşıyır. Sahələr fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin tikintisi, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq, eləcə də futbol meydançasının inşası üçün nəzərdə tutulub.

Satışa çıxarılan torpaq sahələri arasında Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 875 kvadratmetrlik sahə var. Nasosxana binasının tikintisi üçün nəzərdə tutulan bu torpağın ilkin qiyməti 14 280 manat, hərrac addımı isə 714 manat müəyyən edilib.

Siyəzən rayonunun Orta Calğan kəndində fərdi yaşayış evinin tikintisi üçün 1 200 kvadratmetr torpaq sahəsi satışa çıxarılıb. Sahənin ilkin qiyməti 8 724 manat, hərrac addımı 436 manatdır.

Sabirabad rayonunun Həşimxanlı kəndində sahibkarlıq məqsədilə 200 kvadratmetr torpaq sahəsi də satılacaq. Onun ilkin qiyməti 10 000 manat, hərrac addımı isə 1 000 manat təşkil edir. Qazax rayonunun Daş Salahlı kəndində sahibkarlıq məqsədilə ayrılmış 460 kvadratmetrlik sahənin ilkin qiyməti 13 500 manat, hərrac addımı 300 manatdır.

Xaçmaz rayonunun Əzizli kəndində fərdi yaşayış evi tikintisi üçün hər birinin sahəsi 1 200 kvadratmetr olan iki torpaq sahəsi satışa çıxarılıb. Hər iki sahənin ilkin qiyməti 8 160 manat, hərrac addımı 408 manat müəyyən edilib. İstisu qəsəbəsində isə fərdi yaşayış evi tikintisi üçün 93 kvadratmetr torpaq sahəsinin ilkin qiyməti 2 790 manat, hərrac addımı 140 manatdır.

İcarəyə veriləcək torpaqların qiymətləri illik əsasda müəyyənləşdirilib. Belə ki, Qusar şəhərində futbol meydançasının tikintisi üçün 1 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə təklif olunur. Sahənin bir illik ilkin icarə haqqı 1 500 manat, hərrac addımı 150 manatdır.

Ən böyük torpaq sahəsi Qusar rayonunun Yuxarı Tahircal kəndində yerləşir. Heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə veriləcək 30 hektar örüş sahəsinin bir illik ilkin icarə haqqı 1 650 manat, hərrac addımı 165 manatdır.

Sabirabad rayonunun Qaraqaşlı kəndində heyvandarlıq üçün 11,81 hektar, 13,24 hektar və 23,9 hektar olmaqla üç torpaq sahəsi icarəyə çıxarılıb. Onların illik ilkin icarə haqları müvafiq olaraq 1 441 manat, 1 615 manat və 2 915 manatdır. Hərrac addımları isə 144, 161 və 292 manat təşkil edir.

Həmin rayonun Kovlar kəndində 15,2 hektar örüş sahəsinin illik ilkin icarə haqqı 1 854 manat, hərrac addımı 185 manatdır. Axısxa kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 hektar torpaq sahəsi illik 400 manata, heyvandarlıq üçün 3,43 hektar sahə isə illik 418 manata icarəyə təklif olunur.

Digər ərazilərdə də kənd təsərrüfatı təyinatlı torpaqlar hərraca çıxarılıb. Mingəçevir şəhərində 3,4 hektar sahənin illik ilkin icarə haqqı 520 manat, Astara rayonunun Ərçivan qəsəbəsində 5 100 kvadratmetr sahənin illik icarə haqqı 102 manat müəyyən edilib. Kürdəmir rayonunun Qarasaqqal kəndində 5,12 hektar torpaq sahəsi üçün illik ilkin icarə haqqı 768 manatdır.

Şabran rayonunda isə Gəndob, Zağlı, Düz Bilici, Pirəbədil və Xəlfələr kəndlərində müxtəlif təyinatlı torpaq sahələri icarəyə veriləcək. Sahələrin ölçüləri 2 hektardan 18,5 hektaradək, illik ilkin icarə haqları isə 202 manatdan 1 905 manatadək dəyişir.

Torpaq sahələrinin ilkin qiymətləri və digər şərtlərlə bağlı ətraflı məlumat almaq, eləcə də torpaq sahələri və müqavilə layihələri ilə tanış olmaq üçün iştirakçılar müvafiq ərazi şöbələrinə müraciət edə bilərlər. Tanışlıq üçün son tarix 15 dekabr 2026-cı ildir.

Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq regional ərazi şöbələrində keçiriləcək.

Hərraca çıxarılacaq torpaqların siyahısını təqdim edirik: