Qaynar xətt:

(+99450) 247 90 86

Tramp gizli hərəkətə keçdi - Bu tarixdə İrana hücum ediləcək

Tramp gizli hərəkətə keçdi - Bu tarixdə İrana hücum ediləcək

SİYASƏT

275

20.05.2026, 18:46

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmək variantlarını dəyərləndirmək məqsədilə milli təhlükəsizlik qrupunun təcili iclasını çağırması, Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi atmosferi pik həddə çatdırıb. "Axios" nəşrinin etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, əvvəlcə mayın 19-na planlaşdırılan bu kritik görüş gözlənilmədən bir gün öncəyə çəkilib. Ağ Ev administrasiyasının bəzi üzvləri Trampın İslam Respublikasına qarşı birbaşa hərbi zərbələr endirmək barədə qəti qərar verəcəyini gözləsələr də, iclas Amerika liderinin İrana hücumu müvəqqəti təxirə saldığını elan etməsindən bir fəsil sonra baş tutub.

Vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və MKİ direktoru Con Ratkliffin iştirak etdiyi bu ali toplantıda əsas diqqət İrana qarşı hərbi müstəvidə atılacaq növbəti addımlara, kəşfiyyat planlarına və diplomatik manevrlərə yönəldilib. Vaşinqtonun bu addımı Tramp administrasiyasının Tehran rejiminə qarşı irimiqyaslı münaqişəni yenidən başlatmağı son dərəcə ciddi şəkildə masada saxladığının ən bariz sübutu kimi qiymətləndirilir. Baxmayaraq ki, Tramp region dövlətləri olan Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişlərini, eləcə də gələcəkdə mümkün bir diplomatik razılaşma ehtimalını əsas gətirərək hərbi əməliyyatları müvəqqəti təxirə salıb, regionda böyük müharibə riski hələ də aktuallığını qoruyur.

 Oxu24.com  bildirir ki məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Ağ Evdə keçirilən bu yüksək tərkibli hərbi-siyasi toplantı ABŞ-İran xəttində müharibə ehtimalının qaçılmaz faza daxil olduğunu göstərir: "Donald Trampın hərbi ritorikası və milli təhlükəsizlik komandasının tam tərkibdə bu müzakirəyə cəlb olunması sübut edir ki, Vaşinqton İrana qarşı strateji zərbə planlarını tam hazır vəziyyətə gətirib. 'Müharibə yenidən başlaya bilərmi?' sualının cavabı hazırda tamamilə Tehranın geri addım atıb-atmayacağından asılıdır. Körfəz ölkələrinin – Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin xahişi ilə hərbi əməliyyatların bir neçə gün təxirə salınması Trampın hələlik diplomatiyaya və iqtisadi-siyasi təzyiqlərə son bir şans verdiyini göstərir. Lakin bu, qətiyyən sülh demək deyil; əksinə, fırtınadan əvvəlki səssizlikdir. Əgər İran nüvə proqramında və regional proksi qüvvələrin maliyyələşdirilməsində kəskin zəifləməyə getməsə, ABŞ-ın strateji obyektləri hədəf alan nöqtəvi və ya irimiqyaslı hava zərbələri qaçılmaz olacaqdır. Çünki Tramp administrasiyası bu dəfə Tehran problemini birdəfəlik və kökündən həll etmək niyyətindədir".

Onun sözlərinə görə, ABŞ-ın hazırkı hərbi idarəetmə komandası, xüsusilə Marko Rubio və Pit Heqset kimi kəskin anti-İran mövqeyi ilə seçilən fiqurların ön xəttə olması münaqişənin hər an alovlana biləcəyini şərtləndirir: "Bu komanda İrana qarşı güzəştsiz siyasətin tərəfdarıdır və masadakı hərbi planlar sadəcə xəbərdarlıq xarakteri daşımır. Körfəz monarxiyaları müharibənin onların neft infrastrukturuna və iqtisadiyyatlarına dağıdıcı təsir göstərəcəyindən qorxduqları üçün Trampdan zaman istəyiblər və Tehranla gizli kanallarla danışıqlar aparırlar. Lakin bu diplomatik resurslar tükəndiyi an, ABŞ ordusu hərəkətə keçəcək. Bu mürəkkəb gərginlik dalğası birbaşa Cənubi Qafqaza, xüsusilə Azərbaycanın cənub sərhədlərinə də təhlükəsizlik riskləri gətirir. Rəsmi Bakı bu prosesləri çox böyük soyuqqanlıqla izləyir və regionun hərbi poliqona çevrilməməsi üçün öz balanslaşdırılmış neytrallıq xəttini qoruyur. Bütün indikatorlar göstərir ki, Yaxın Şərq son onilliklərin en kritik hərbi eskalasiya astanasındadır".