Milli Məclis müəllimlərlə bağlı qərar qəbul edib
07 İyul 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
513
14.05.2026, 15:57
Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası öz işinə başlayıb. Tədbirdə Qlobal Cənubun dünya proseslərində rolunun artırılması, bu böyük regionun ölkələrini narahat edən digər aktual məsələlər müzakirə olunub.
Oxu24.com xəbər verir ki, tədbirin spikerlərindən biri beynəlxalq və regional gündəliyin əsas məsələləri üzrə rəsmi Bakının mövqeyini təqdim edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olub.
Müasir dünya nizamında Qlobal Cənubun rolu haqqında
Bugünkü dünya turbulentliyində Qlobal Cənubun rolu və əhəmiyyəti tədricən artır. H.Hacıyev qeyd edib ki, biz qlobal nizamsızlıq dövründə yaşadığımızı etiraf etməliyik: "Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər yaranır. Təəssüf ki, tarix boyu yeni dünya nizamı formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə də İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib. Bu gün də Qlobal Cənub ölkələri bu çatışmazlığı aradan qaldırmağa çalışırlar, çünki indiki dünya nizamı öz səmərəsizliyini göstərib.
Hazırda isə böyük potensialını və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yalnız formalaşmaqda olan yeni dünya nizamının müşahidəçisi və tamaşaçısı ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər.
Beynəlxalq institutların, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsinin eşidilməsi və onun ədalətli təmsilçiliyi əsas prioritetlərdən biri olmalıdır".
Bununla əlaqədar H.Hacıyev vurğulayıb ki, Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir və bu region ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır: "Azərbaycan həmçinin çoxtərəfli əməkdaşlığın ardıcıl tərəfdarı olaraq qalır".
Onun sözlərinə görə, təəssüf ki, "biz çoxtərəfli institutların və mexanizmlərin iflic olduğunu müşahidə edirik". Buna görə də, H.Haciyevin fikrincə, beynəlxalq institutların gücləndirilməsində Qlobal Cənub ölkələrinin rolu artacaq.
Bu gün Qlobal Cənub ölkələri rəqəmsal bərabərsizlik və iqlim dəyişikliyinin nəticələri də daxil olmaqla yeni təhdidlərlə üzləşirlər. Rəqəmsal transformasiya Qlobal Cənub və Qlobal Şimal arasındakı uçurumu artırır, dayanıqlı inkişaf üçün əlavə maneələr yaradır.
Bu fonda Azərbaycan Qlobal Cənub ölkələrini həmrəyliyi gücləndirməyə çağırır. "Həmrəylik və birgə iş vasitəsilə biz ədalətli səsimizin beynəlxalq arenada daha ucadan səslənməsinə nail ola bilərik", - H.Hacıyev vurğulayıb.
Azərbaycan həmçinin Qlobal Şimal və dünyanın digər regionları ilə əməkdaşlığın tərəfdarıdır, "lakin belə qarşılıqlı fəaliyyət ədalət və bərabərhüquqluluq prinsipləri üzərində qurulmalıdır".
Neokolonializm problemi Qlobal Cənub ölkələri üçün aktual problemlərdən biri olaraq qalır
H.Hacıyevin sözlərinə görə, Qlobal Cənub ölkələri tarixən kolonializm və neokolonializmdən çox əziyyət çəkib, problemin özü isə indiyədək aktual olaraq qalır: "Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük".
Neokolonializm probleminin hələ də qalmasının səbəblərinə toxunan H.Hacıyev vurğulayıb ki, bəzi ölkələr BMT-nin Dekolonizasiya Komitəsinin öz mandatını tam şəkildə yerinə yetirməsinə mane olurlar: "Biz həmçinin təəssüflə qeyd edirik ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir. Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər".
H.Hacıyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini də xatırladıb.
12:00 / 07 İyul 2026
8
11:58 / 07 İyul 2026
15
11:52 / 07 İyul 2026
76
11:51 / 07 İyul 2026
22
11:33 / 07 İyul 2026
40
11:22 / 07 İyul 2026
63
11:10 / 07 İyul 2026
58
11:09 / 07 İyul 2026
55
11:05 / 07 İyul 2026
54
11:01 / 07 İyul 2026
176
10:53 / 07 İyul 2026
236
10:48 / 07 İyul 2026
58
10:46 / 07 İyul 2026
60
10:39 / 07 İyul 2026
71
10:32 / 07 İyul 2026
62
10:15 / 07 İyul 2026
394
10:12 / 07 İyul 2026
77
09:59 / 07 İyul 2026
76
09:58 / 07 İyul 2026
962
09:38 / 07 İyul 2026
504
09:34 / 07 İyul 2026
151
09:27 / 07 İyul 2026
71
09:24 / 07 İyul 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.