Qaynar xətt:

(+99450) 247 90 86

"Tramp Çin vasitəsilə İranla dolayı anlaşma mexanizmləri qurmağa çalışır" - ŞƏRH

\"Tramp Çin vasitəsilə İranla dolayı anlaşma mexanizmləri qurmağa çalışır\" - ŞƏRH

SİYASƏT

117

13.05.2026, 18:13

"Trampın 14-15 may tarixlərində Çinə planlaşdırılan rəsmi səfəri artıq beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Səfər ABŞ-Çin münasibətlərinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyır".

Oxu24.com xəbər verir ki bu fikirləri Redaktor.az-a danışan politoloq Qəvami Sadıqbəyli ABŞ Prezidenti Donald Trampın Çinə səfərini şərh edərkən dedi.

Onun sözlərinə görə, bu səfər formal diplomatik görüşdən daha artıq məna daşıyır:

"Çünki söhbət XXI əsrin əsas geosiyasi rəqabətinin ABŞ ilə Çin arasında gedən qlobal güc mübarizəsinin yeni mərhələsindən gedir. Ən çox maraq doğuran məsələlərdən biri Trampın Çinə səfərinin əsas məqsədi nə olmasıdır. Müşahidələrə əsasən demək olar ki, Donald Trampın indiki Çin səfərinin strateji məqsədi ABŞ-Çin iqtisadi münasibətlərini sabitləşdirməkdir. Son illərdə Vaşinqton ilə Pekin arasında ticarət müharibələri, texnologiya sanksiyaları və tarif qarşıdurmaları dünya iqtisadiyyatına ciddi təsir göstərib. ABŞ administrasiyası xüsusilə yarımkeçiricilər, süni intellekt və nadir metallar sahəsində Çinin artan təsirindən ciddi narahatdır. Trampın əsas məqsədlərindən biri Çin bazarında Amerika şirkətləri üçün daha geniş imkanlar əldə etmək və iqtisadi münasibətlərdə nisbi sabitlik yaratmaqdır. Fikrimizcə, ABŞ biznes dairələrinin nümayəndələrinin səfərə cəlb olunması təsadüfi deyil. Bu, Vaşinqtonun Pekinlə iqtisadi əlaqələri tamamilə kəsmək istəmədiyini, əksinə, nəzarət olunan rəqabət modelinə keçmək niyyətində olduğunu göstərir".

Müsahibimizin sözlərinə görə, ABŞ İran məsələsində Çinin təsirindən istifadə etmək istəyir:

"Hazırkı mərhələdə ABŞ üçün ən həssas məsələlərdən biri İran ətrafında yaranmış böhrandır. Müşahidələrə görə, Çin İran üzərində müəyyən iqtisadi və siyasi təsir imkanlarına malikdir. Vaşinqton Pekinin Tehran rəhbərliyinə təsir göstərərək regionda gərginliyin azaldılmasına kömək etməsini istəyir. Xüsusilə Hörmüz boğazı və enerji təhlükəsizliyi məsələləri ABŞ üçün həyati əhəmiyyət daşıyır. Bir sıra mənbələrə görə, Tramp administrasiyası Çin vasitəsilə İranla dolayı anlaşma mexanizmləri qurmağa çalışır.

ABŞ Tayvan məsələsində “qırmızı xətləri” müəyyənləşdirmək istəyir. ABŞ-Çin münasibətlərində ən təhlükəli mövzulardan biri Tayvan problemidir. Pekin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir, Vaşinqton isə Tayvanın müdafiə potensialını gücləndirməyə davam edir. Görünən odur ki, Tramp administrasiyası bu səfərdə həm Çinə təzyiq göstərməyə, həm də mümkün hərbi eskalasiyanın qarşısını almaq üçün müəyyən qarşılıqlı anlaşma mexanizmləri formalaşdırmağa çalışacaq. Çünki Asiya-Sakit okean regionunda açıq hərbi qarşıdurma ABŞ üçün böyük iqtisadi və siyasi risklər yarada bilər".

O Çinin bu danışıqlardan nə qazanmaq istəyindən də bəhs etdi:

"Aydındır ki, Pekin də bu görüşə böyük strateji maraq göstərir. Hesab edirik ki, Çin rəhbərliyi də ABŞ ilə münasibətlərin tamamilə nəzarətdən çıxmasını istəmir. Xüsusilə texnologiya embarqoları, ixrac məhdudiyyətləri və qlobal bazarlardakı qeyri-müəyyənlik Çin iqtisadiyyatına əlavə təzyiq yaradır. Bununla yanaşı, Çin özünü beynəlxalq arenada daha sabit və praqmatik güc kimi təqdim etməyə çalışır. Çox güman ki, Pekin hazırda ABŞ-dəki daxili siyasi və iqtisadi problemləri diqqətlə izləyir və bu vəziyyətdən maksimum diplomatik üstünlük əldə etməyə çalışır. Mövcud şəraitdə Tramp-Si Cinpin görüşündən radikal dönüş gözlənilmir. Lakin aşağıdakı istiqamətlərdə müəyyən yumşalma mümkündür:

Qarşılıqlı tariflərin bir hissəsinin azaldılması; texnologiya sektorunda məhdud əməkdaşlıq; İran məsələsi ilə bağlı koordinasiya kanallarının yaradılması; Tayvan ətrafında hərbi ritorikanın müvəqqəti yumşaldılması; ABŞ şirkətlərinin Çin bazarına çıxışı ilə bağlı yeni razılaşmalar.

Lakin bütün bunlara baxmayaraq, ABŞ və Çin arasındakı strateji rəqabətin davam edəcəyi şübhə doğurmur. Çünki məsələ artıq yalnız iqtisadi maraqlarla bağlı deyil, gələcək dünya nizamında hansı dövlətin əsas güc mərkəzi olacağı ilə bağlıdır. Beləliklə, Donald Trampın Pekinə səfəri sadəcə diplomatik görüş kimi deyil, qlobal siyasi sistemin gələcəyinə təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilə bilər. ABŞ və Çin arasındakı münasibətlərin istiqaməti yalnız bu iki ölkəyə deyil, bütövlükdə dünyanın siyasi və iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərməyə davam edəcək".