Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: Cəfəng çağırışları rədd edirik

Zaur Şükürov: Cəfəng çağırışları rədd edirik

SİYASƏT

48

01.05.2026, 20:53

Məlum olduğu kimi Avropa Parlamenti Ermənistanla bağlı “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə alıb. Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir.

Qətnamədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən və 2023-cü ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyinin bərpasından sonrakı inkişaflar qəsdən təhrif olunur.

 “Ədalətsiz həbs” kimi ifadələrdən istifadə etməklə “hərbi əsir” kimi təqdim edilən məhbusların azadlığa buraxılması çağırışları hüquqi cəhətdən yanlış və qəbuledilməzdir. Azərbaycan xoşməramlılıq nümayiş etdirərək, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra məhbusların böyük əksəriyyətini geri qaytarıb. Hazırda həbsdə olanlar “hərbi əsir” deyil, terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir.

Qətnamədə qeyd olunan “Dağlıq Qarabağ ermənilərinin maneəsiz və ləyaqətli şəkildə geri qayıtması” barədə cəfəng çağırışları rədd edirik. Azərbaycan dəfələrlə Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq erməni əsilli sakinlərin hüquqlarını, təhlükəsizliyini və reinteqrasiyasını təmin etməyə hazır olduğunu bildirib. Ermənistan sakinlərinin ölkəni tərk etməsi məcburiyyət deyil, könüllü əsasda baş verib. Bundan əlavə, qətnamədə təxminən 1 milyon qaçqın və məcburi köçkün olan azərbaycanlının hüquqlarını tamamilə görməzdən gələrək, erməni sakinlərinin qayıtmasına selektiv şəkildə vurğu edilməsi qərəzli yanaşmanın bariz nümunəsidir.

“Mədəni irsin məhv edilməsi” ilə bağlı iddialar riyakarlıqdır. Təqribən 30 illik işğal dövründə Azərbaycanın mədəni və dini irsi sistematik şəkildə dağıdılıb, talan edilib və ya təhqir edilib. Bütün şəhərlər viran edilib, məscidlər, məzarlıqlar və tarixi abidələr yer üzündən silinib və bu halların heç birinə Avropa Parlamenti tərəfindən heç zaman diqqət belə yetirilməyib. Buna baxmayaraq, ölkəmiz tərəfindən həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə, ayrıseçkilik etmədən ən müxtəlif tarixi və dini abidələr qorunur və bərpa olunur. Bu faktları görməzdən gəlmək ikili standartların nümunəsidir.

Ermənistandakı revanşistlərin səsləndirdiyi fitnəkar iddialarla uzlaşan belə bir mövqe sərgilənməsi dolayısı ilə həmin qüvvələrin və erməni separatçıları tərəfindən xalqımıza qarşı törədilən, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, hakimiyyətin zorla ələ keçirilməsi və digər bu kimi ağır cinayətlərin dəstəklənməsi anlamına gəlir.

Qətnamədə belə riyakar və iftira dolu oxşar fikirlərin təkrarlanması bu fəaliyyətə cəlb olunmuş və maskalanmış Avropa siyasətçilərinin həqiqi üzünü bir daha nümayiş etdirdi.

Ermənistanla sülh prosesində əsas təşəbbüskar tərəf olan, sülh müqaviləsi layihəsini təklif edən, danışıqlar prosesinin uğurla nəticələnməsini və etimad quruculuğu tədbirlərini irəlilədən Azərbaycanın sabitliyi pozan tərəf kimi təsvir edilməsi riyakarlıqdan başqa bir şey deyil.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı daim saxta iddialarla çıxış edən, erməni lobbisinin alətinə çevrilmiş Luis Moreno Okamponun da yer aldığı qalmaqallı videoda səsləndirilən fikirlər isə istər bu siyasətçilərin, istərsə də bədnam Okamponun təxribatçı və korrupsiya əməllərini bir daha ifşa edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin heyrətamiz liderliyi sayəsində regionda yeni geosiyasi və geoiqtisadi reallıqların yaranmasını, Prezidentimizin sülh gündəliyi əsasında Azərbaycanla Ermənistan arasında tədricən formlaşmaqda olan normallaşma prosesini və nəhayət bütün bu reallıqların beynəlxalq platformalarda qəbul olunmasını həzm edə bilməyən qüvvələr hər vəchlə regionda sabitliyin yenidən pozulmasına cəhd edirlər.

Ümumiyyətlə, müəyyən Avropa institutları daxilində daha geniş qərəzli yanaşma hər kəsə yaxşı məlumdur. Ölkəmiz 2020-ci il Vətən Müharibəsindən sonra ayrı-seçkilik yanaşmalarının və əsassız ittihamların konstruktiv dialoqdan üstün tutulduğu bir şəraitdə, Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avronest Parlament Assambleyası və Avropa Parlamenti kimi bir sıra Avropa platformaları ilə əməkdaşlıq münasibətlərini yenidən nəzərdən keçirib. AŞPA-da təmsilçiliyimiz dayandırılmaqla, digər bir sıra qurumlarda iştirak səviyyəsi aşağı salınıb. Bu qərarlar Azərbaycanın ikili-standartlara qarşı prinsipial mövqeyini və milli maraqlarını qorumaq əzmini aydın şəkildə nümayiş etdirib.

Avropa Parlamentinin qətnaməsində yer almış Azərbaycan əleyhinə bu cəfəng və riyakar iddiaları qətiyyətlə pisləyir və rədd edirik. Bu fəaliyyətə cəlb olunmuş şəxslər unutmasınlar ki, ölkəmiz möhtərəm Prezidentimizin liderliyi ilə qarşıya qoyulan hədəflərə uğurla nail olur və regionda sülh, sabitlik, davamlı inkişaf naminə fəaliyyətə qarşı çıxan qüvvələrin niyyətləri yenə də puç olacaq.

Zaur Şükürov 

Millət vəkili