Qaynar xətt:

(+99450) 247 90 86

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - VİDEO 

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - VİDEO 

QARABAĞ

85

27.02.2026, 19:04

1992-ci ildə Azərbaycana gələndə o vaxtkı müdafiə naziri Rəhim Qazıyev mənə 704 saylı briqada yaratmağı təklif etdi. Briqada komandiri təyin olunmağımla bağlı əmrdən sonra 120 nəfərlə Şuşaya getdim.

Oxu24.com  xəbər verir ki, bunu Axar TV-yə müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, general-mayor Elbrus Orucov Şuşanın işğalına şərait yaratması ilə bağlı 1990-cı illərdə yayılan iddialar haqda danışarkən deyib.

“Şuşaya aprelin 26-da getdim, Laçının ərazisinə baxdım. Hər kəs könüllü idi, bir nəfər də peşəkar zabit, texnika, qərargah yox idi, müavinlərim belə yox idi. Minaatanlar vardı, iynələri yox idi, mərmilər partlayıcısız idi. Bu yükü boynuma qoyandan 7 gün sonra döyüşlər başladı. Cəmi 850 nəfər tapmışdıq, amma Rəhim Qazıyev mənə demişdi ki, orada 3 min hərbçi var.

...Şuşa, Laçının işğalını kimin boynuna yıxmaq lazımdır? Kənardan gələn insan kimi məni odun içinə atdılar. Birbaşa günahı qoydular boynuma. Heç kim də heç vaxt sual vermədi ki, bu 7 gündə Elbrus Orucov nə edə bilərdi?

Bu yaxınlarda erməni separatçılarının məhkəməsində Şuşanın işğalı məsələsi qaldırıldı. Şuşanın işğalı zamanı tabor komandirləri olmuş Arkadi Qukasyan, Davit İşxanyan və Levon Mnatsakanyan çıxışlarında təsdiq etdilər ki, mayın 7-dən 8-nə keçən gecə artilleriya hazırlığından sonra hücuma keçdilər və saat 6-7 radələrində Şuşaya daxil oldular. Ancaq Azərbaycan qüvvələri əks-hücuma keçəndən sonra məcbur olub geri çəkildilər. Yalnız ayın 10-da kəşfiyyat Şuşanın boş olması barədə məlumat verəndən sonra şəhərə giriblər. Ancaq o vaxt məhkəmədə məni Şuşanı döyüşsüz təhvil verməkdə ittiham edərək, 15 il iş tələb etmişdilər. Ənvər Seyidov Cinayət Məcəlləsinin 255-ci maddəsi ilə həbs etmək istəyirdi. Yaxşı ki, o vaxtı ulu öndərimiz hakimiyyətə qayıtdı. Əgər mən Şuşanı, Laçını satmışdımsa, niyə mənə döyüşə qayıtmağı təklif etdilər?

Qeyd edim ki, Şuşada 1 gün yox, 36 saat qanlı döyüşlər gedib. Biz o müddət ərzində 258 şəhid vermişik. Həmçinin 400-dən çox ağır yaralımız olub. Şuşanı döyüşsüz təslim etməyimiz yalandır”.