Üzərliyin tərkibində bu maddələr var imiş — Həkim faydalarını AÇIQLADI
27 Fevral 2026, 12:13
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
212
27.02.2026, 20:07
Hazırda dünyada homoseksuallıq atmaqda davam edir və bu da bir sıra dəyərlərə dağıdıcı zərbələr endirir.
Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.
-Baxmayaraq ki, səmavi dinlərin hamısı birmənalı olaraq homoseksuallığı “iyrənc “ adlandırıb, amma homoseksual insanlar arasında bütün dinlərin nümayəndələri var. “Tövrat” da cinsi azlıqlardan 2 dəfə bəhs edilir və kişilərin bir-birləri ilə cinsi əlaqədə olmaları yəhudi qanunlarına görə edamla cəzalandırılır. Xristianlıq inancına görə, homoseksual sayılan hər cür münasibət iyrəncdir və bu Tanrının qəzəbinə layiq görülür və sair. Bəs İslam dinində bu bəla necə qarşılanır?
-Hazırda dünyada homoseksuallıq mövzusu çox açıq şəkildə ifadə olunur, haqq qazandırılır və müzakirə olunur. Bu məsələ əslində emosiya ilə yox, elmlə, dinlə və insan psixologiyası ilə dəyərləndirilməli məsələdir. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, qəlbdən keçən, amma əmələ çevrilməyən şeylərə görə, ümmətim sorğu-sual olunmaz. Bu hədis İslamın məsuliyyət anlayışını göstərir. Əgər insanın doğuşdan tibbi vəziyyəti varsa, bu onun imtahanıdır, günahı deyil.
-Siz düşünürsünüz ki, homoseksuallıq seçim yox, xəstəlikdir? Axı, tarixdə elə ağıllı, savadlı şəxslər var ki, ölkələrə başçılıq edib. Məsələn, Ksavye Bettel – Lüksemburqun baş naziri, Leo Varadkar – İrlandiyanın baş naziri, Ana Brnabiç – Serbiyanın baş naziri...
Həmçinin oxuyun
-Müasir biologiya da göstərir ki, insan cinsiyyəti sadəcə iki qutudan ibarət mexaniki sistem deyil. Xromosom pozuntuları, hormonal balans fərqlilikləri, genetik mutasiyalar nəticəsində müxtəlif hallar yarana bilir. Bu hallar çox nadir olsa da mövcuddur. Dünya səhiyyə təşkilatlarının məlumatına görə, interseks doğum halları müəyyən faizlə qeydə alınır. Bu tibbi faktdır və bunu inkar etmək mümkün deyil. Amma bu tibbi vəziyyətlə sonradan formalaşan cinsi yönəliş ideologiyasını bir tutmaq düzgün deyil. Birincisi bioloji reallıqdır. İkincisi isə fərdin psixoloji, sosial və davranış müstəvisində ortaya çıxan məsələdir. İslam hüququnda xünsa ilə Lut qövmünün əməli ayrı-ayrı başlıqlarda müzakirə olunub. Bu, onların eyni kateqoriya olmadığını göstərir.
-Yəni, dinimizdə harınlıqdan, özbaşnalıqdan baş verən homoseksuallıq qadağandır...
-Əgər bir insan doğuşdan belə fərqliliklə dünyaya gəlibsə, onun günahı nədir sualı əslində Quranın ədalət prinsipinə qayıdır. Allah Zilzal surəsində buyurur ki, kim zərrə qədər xeyir edərsə onu görər, kim zərrə qədər şər edərsə onu görər. Yəni, ölçü əməl üzərindədir. İnsan iradəsi xaricində olan xüsusiyyətə görə deyil, seçiminə görə cavabdehdir. Burada cəmiyyətin də məsuliyyəti var. Belə insanlara təhqir, damğa, zor tətbiq etmək İslam əxlaqına ziddir. Hucurat surəsi 13-cü ayədə insanlar arasında üstünlüyün yalnız təqva ilə olduğu bildirilir. Heç kim bioloji quruluşuna görə alçaldıla bilməz. Çünki söhbət ideologiyadan getmir, insandan gedir. Din əvvəlcə insana baxır, sonra onun əməlini dəyərləndirir.
-Bildiyimiz qədəri ilə İslam dinində homoseksuallıq barədə “Qurani-Kərim”də söhbət açılıb...
-Qurani Kərimdə bu mövzu ən açıq şəkildə Lut peyğəmbərin qövmü ilə bağlı ayələrdə keçir. Əraf surəsi 80–81-ci ayələrdə buyurulur ki, Lut öz qövmünə dedi ki, siz aləmlərdə heç kimin etmədiyi bir işi edirsiniz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Eyni məzmun Hud 77–83, Hicr 67–77 və Şuəra 165–166-cı ayələrdə də təkrar olunur. Klassik təfsir alimləri, o cümlədən İbn Kəsir, Təbəri və Qurtubi bu ayələri şərh edərkən bildirirlər ki, burada qadağan edilən məsələ cinsi münasibətin təbii fitrətdən çıxarılmasıdır.
Yəni, Quranda tənqid olunan yönəliş hissin özü yox, bu hissin əmələ çevrilməsidir. İslam hüququnda cinsi münasibət ailə çərçivəsində, kişi və qadın arasında halal sayılır. Nisa surəsi 1-ci ayədə insanın bir nəfsdən yaradıldığı və ondan zövcəsinin meydana gəldiyi bildirilir. Rum surəsi 21-ci ayədə isə kişi və qadın arasında sevgi və mərhəmətin qoyulduğu vurğulanır. İslam ailəni cəmiyyətin əsası sayır. Bu səbəbdən nikah modelindən kənar cinsi münasibətlərin hamısı günah sayılır. Bu yalnız homoseksual münasibətlərə yox, nikahsız heteroseksual münasibətlərə də aiddir.
-Eramızın 79-cu ilində Vezuvi vulkanının partlayışı İtaliyanın Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəb olur. Dinimizdə bu eyni zamanda homoseksualizmi adi hal hesab edən əxlaqsız Lut tayfasının məhvi kimi göstərilib...
-Hədis mənbələrində də Lut qövmünün əməlini ağır günah sayan rəvayətlər var. Lakin fiqh alimləri bu mövzuda hüquqi cəza məsələsini dövlət və məhkəmə səlahiyyəti ilə əlaqələndiriblər. Heç bir halda fərdi insanların özbaşına hökm verməsi qəbul edilməyib. İmam Əbu Hənifə, Şafii və digər məzhəb alimləri hüquqi məsələləri ciddi sübut və şərtlərlə bağlayıblar. Bu da göstərir ki, İslam hüququ emosional yox, sistemli yanaşma tələb edir. Burada mühüm bir məqam var. İslam insanın meylinə görə yox, əmələ görə hökm verir. Klassik alimlərdən İmam Qəzzali və İbn Teymiyyə qeyd edirlər ki, qəlbdə yaranan meyl insanın iradəsindən kənar ola bilər, lakin əməl insanın seçimi ilə bağlıdır. Bu baxımdan bir insanın daxilində hər hansı meylin olması ilə onun bunu həyat tərzinə çevirməsi eyni şey deyil. Günah əməl ilə bağlıdır.
-Amma bütün hallarda homoseksualizm ailə dəyərlərini hərtərəfli şəkildə məhv edir, istər bir dəfə bu hərəkət olsun, istərsə də bir neçə dəfə və yaxud həyat tərzinə çevrilsin...
-Müasir elmdə isə məsələ daha mürəkkəbdir. Psixologiya və biologiya sahəsində müxtəlif yanaşmalar var. Amerika Psixiatriya Assosiasiyası 1973-cü ildən homoseksuallığı xəstəlik siyahısından çıxarıb. Bu qərar sosial və elmi müzakirələr fonunda verilib. Bəzi tədqiqatçılar genetik faktorların rolundan danışır, bəziləri isə sosial mühitin təsirini vurğulayır. Hələ də bu mövzuda tam yekdil və qəti bioloji səbəb müəyyən olunmayıb. Bu da göstərir ki, məsələ yalnız bir amillə izah olunmur. Din ilə müasir hüquq sistemləri arasında fərq də burada ortaya çıxır. Bir çox Qərb ölkələrində bu məsələ fərdi azadlıq çərçivəsində dəyərləndirilir. İslam isə azadlığı məsuliyyətlə birlikdə düşünür. İslamın baxışında insanın cinsi həyatı ictimai nəticə doğuran bir məsələdir. Ailə modeli, nəsil davamlılığı və sosial sabitlik əsas prinsiplər kimi qorunur.
- Sosioloqlar iddia edir ki, qınamaq, tənbeh etmək meyilləri olmadıqca bu tip pis vərdişlər cəmiyyətdə baş verəcək və artacaq...
-Amma burada çox mühüm bir həqiqəti unutmaq olmaz. İslam heç bir halda zorakılığı, təhqiri, linçi qəbul etmir. Hucurat surəsi 11-ci ayədə insanlar bir-birini məsxərəyə qoymaqdan çəkindirilib. Məhəmməd peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, müsəlman o kəsdir ki, başqaları onun əlindən və dilindən əmin olsun. Günah ayrı şeydir, insanın ləyaqəti ayrı şey.
İslam günahı rədd edir, insanı yox. Tarix boyu İslam alimləri də bu mövzuda mötədil mövqe tutublar. Onlar əməli haram sayıb, amma insanın tövbə qapısının açıq olduğunu bildiriblər. Zümər surəsi 53-cü ayədə Allah buyurur ki, ey özlərinə qarşı həddi aşan qullarım, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Bu ayə bütün günah sahiblərinə aiddir. Bu mövzu ilə bağlı ən böyük səhv iki ifrat mövqedir. Biri hər şeyi tam normallaşdırmaq, digəri isə nifrət dili ilə yanaşmaq. İslam nə birincini qəbul edir, nə də ikincini. İslamın mövqeyi aydındır. Cinsi münasibət yalnız kişi və qadın arasında nikah çərçivəsində halal sayılır. Bunun xaricində olan bütün formalar günahdır. Amma insanla münasibətdə ədalət, mərhəmət və ədəbin qorunması əsasdır. Bu gün cəmiyyət üçün əsas məsələ mübahisə yox, maarifləndirmədir. Gənclərə ailə modelinin fəlsəfəsini anlatmaq lazımdır. Quranda ailə təsadüfi qurum kimi yox, ilahi hikmət kimi təqdim olunur. İnsan təkcə bioloji varlıq deyil, həm də mənəvi varlıqdır. Din insanın fitrətini qorumağa çalışır. İslam homoseksual əməli haram sayır. Bu mövqe açıqdır və dəyişməzdir. Lakin İslam heç kəsə qarşı zorakılığı və təhqiri qəbul etmir. Mövzuya yanaşma elmi, sakit və mərhəmətli olmalıdır. Çünki insanı qazanmaq nifrətlə yox, anlayışla mümkündür. Din qorxu üzərindən deyil, hikmət üzərindən yaşadılmalıdır.
-Ətraflı şərhə görə sizə təşəkkür edrik Əkrəm müəllim, sağ olun...
Söhbətləşdi: Əntiqə Rəşid
21:58 / 27 Fevral 2026
10
21:50 / 27 Fevral 2026
18
21:39 / 27 Fevral 2026
26
21:35 / 27 Fevral 2026
28
21:34 / 27 Fevral 2026
35
21:16 / 27 Fevral 2026
37
21:00 / 27 Fevral 2026
45
20:59 / 27 Fevral 2026
49
20:47 / 27 Fevral 2026
90
20:44 / 27 Fevral 2026
52
20:37 / 27 Fevral 2026
506
20:35 / 27 Fevral 2026
53
20:32 / 27 Fevral 2026
1715
20:26 / 27 Fevral 2026
77
20:23 / 27 Fevral 2026
45
20:21 / 27 Fevral 2026
53
20:13 / 27 Fevral 2026
66
20:00 / 27 Fevral 2026
198
20:00 / 27 Fevral 2026
61
19:53 / 27 Fevral 2026
188
19:49 / 27 Fevral 2026
61
19:40 / 27 Fevral 2026
112
19:29 / 27 Fevral 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.