Qaynar xətt:

(+99450) 247 90 86

Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ

Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ

KRİMİNAL

219

01.05.2026, 19:59

CİNAYƏT İŞİ

 

Qısa arayış...

2025-ci il mayın 29-da Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Gülbala Əliyev küçəsi, 37-də yerləşən fərdi evdə baş verib.

 

Kliniki Tibbi Mərkəzə çoxsaylı bıçaq yaraları ilə çatdırılan 1984-cü il təvəllüdlü Xəyal Ramazanovun həyatı xilas olunub.

 

Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib. 

Cinayəti törətməkdə təqsirləndirilən Kənan Məmmədzadə 1998-ci ildə Bərdə rayonun anadan olub. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 2026-cı il yanvarın 13-də Amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarına əsasən cəzasından azad edilib.

 

Oxu24.com bildirir ki, lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

 

İstitnaqla müəyyən edilib ki, Kənan Məmmədzadə sevgi münasibətində olduğu 1997-ci il təvəllüdlü Zülfiyyə Ramazanovanın əri Xəyal Ramazanov tərəfindən təhqir edildiyini bilərək, onu öldürmək qərarına gəlib. Bunun üçün tikinti təyinatlı bıçaq (rezak) alıb. Mayın 29-u saat 08:15-də Ramazanovların yaşadıqları evə gəlib və qapının açıq olmasından istifadə edərək, içəri daxil olub. Arxadan Xəyal Ramazanova yaxınlaşaraq, azyaşlı övladlarının gözləri qarşısında onun başına və boğazına 8 dəfə zərbə vurub. Xəyal Ramazanov aktiv müqavimət göstərdiyi və arvadının Kənana mane olduğu, habelə Xəyal vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub. 

 

Məhkəmə iclasında Kənan Məmmədzadə ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edib.

 

Verilmiş suallara cavab olaraq bildirib ki, 27 yaşı var və qazidir:

 

“Zülfiyyənin evli olduğunu biləndən sonra yenə də onunla olan münasibətimi davam etdirdim. Xəyal Ramazanovu hadisə gününə gədər heç vaxt görməmişdim. Onu öldürmək niyyətim yox idi”.

 

Prosesdə Kənan Məmmədzadənin istintaq zamanı verdiyi ifadəsi elan edilib. Kənanın sözlərinə görə, o, Yasamal rayonunda, D.Bünyadzadə küçəsi, 185 ünvanında yaşayıb. 2025-ci il martın 22-də “Azar” sosial şəbəkəsində Zülfiyyə adlı qadınla tanış olub:

 

“Telefonumda onu “Mələyim” adı ilə qeyd etmişdim. Danışmağa başlayandan təxminən 10 gün sonra qadın mənə evli, 2 övladı olduğunu və özünə yeni ev alıb, ərindən boşanacağını demişdi. İlk dəfə aprelin 20-də bulvarda görüşmüşük. 3 dəfə Zülfiyyənin evində olmuşam. Həmin vaxt yoldaşı işdə, uşaqları isə bağçada idi. Zülfiyyə mənə daim əri tərəfindən döyüldüyünü, ümümiyyətlə yola getmədiklərini demişdi. Dəfələrlə ayrılmasını məsləhət görsəm də, qadın bir neçə ay səbrli olmağını söylədi. Bir neçə dəfə telefonda danışanda yoldaşının Zülfiyyəni söydüyünü eşitmişəm. Bundan əsəbləşib, qadına gəlib ərini öldürəcəyimi demişəm. Mayın 29-u səhər saat 6:30-da yuxudan oyandım ki, Zülfiyyə sabahın xeyir yazıb, amma sonra yenə yatdım. Bir müddətdən sonra qadın cavab yazaraq, niyə telefona baxmamadığımı? soruşdu və məndən şəklimi atmağımı istədi. Zülfiyyəyə uzandığım çarpayıdan şəklimi çəkib göndərdim. Amma qadın qısqanaraq, mənim evdə olmadığımı, gecə başqası ilə qaldığımı bildirdi. Sonra isə nömrəmi bloka atdı. Zülfiyyənin yenə əri ilə dalaşdığını və bu səbəbdən kefinin olmadığını düşündüm.

 

Saat 8 radələrində Bayıl qəsəbəsinə, Zülfiyyənin yaşadığı evin qarşısına çatdım. Məhlənin girişində olan inşaat mağazasından 1 manat 40 qəpiyə dəftərxana bıçağı aldım. Gözlədim ki, Xəyal uşaqları bağçaya aparsın. Qapının qarşısında olan zaman Zülfiyyənin əri tərəfindən təhqir edildiyini eşitdim. Bundan əsəbləşdim və qapının açıq olmasından istifadə edərək içəri girdim. Xəyalın yataq otağına keçən pilləkənin üzərində dayanıb Zülfiyyə ilə əl-qolla danışdığını, yanında isə övladlarının dayandığını gördüm. Arxadan Xəyalın üzərinə tullanıb sağ əlimdəki bıçaqla ön tərəfdən boğazını kəsdim. Xəyal mənə tərəf çevrilərək, bıçağı əlimdən almağa çalışdı. Dava başladı. Kortəbii şəkildə mənə tərəf zərbələr atdı. Ayağım büdrəyib divana yıxılan kimi, Xəyal da üzərimə yıxıldı. Bıçaq əlimdən yerə düşdü. Dalaşdığımız vaxt Zülfiyyə bizi ayırmağa çalışırdı. Xəyala gücüm çatmadığı üçün istəyimi yarımçıq qoyub ordan qaçdım. Zülfiyyə bıçağı məndən almaq istəyərkən, sol əlimin baş barmağı kəsildi. Aptekdən dərman və bint alaraq əlimi sarıdım. Sonra polis əməkdaşları tərəfindən saxlanıldım”.

 

Zərərçəkmiş Xəyal Ramazanov ifadəsində göstərib ki, mayın 29-da Zülfiyyənin geyindiyi paltar xoşuna gəlmədiyi üçün aralarında sözlü mübahisə yaranıb:

 

“Bu səbəbdən arvadım yataq otağına qayıtdı, uşaqlar isə yanımda qaldı. Övladlarımla oynayan zaman içəri kiminsə daxil olduğunu hiss etdim. Həmin şəxs arxadan hücum edərək, nalayiq ifadə işlətdi. Bir əli ilə boynumdan tutdu, digər əlindəki kəsici alətlə boğazımı kəsdi. Çevrilib əlini tutmağa çalışsam da, o, boğazıma zərbələr vurmaqda davam edirdi. Zülfiyyə qaçaraq, yanımıza gəlib bizi ayırmaq istəyirdi. Bıçağı həmin şəxsin əlindən alandan sonra gözlərimin qaraldığını və çoxlu qan itirdiyimi hiss etdim. Küçəyə qaçıb qonşuları köməyə çağırdım. Hadisədən sonra arvadımla boşandım”.

 

Şahid Zülfiyyə Əzimzadə ifadəsində göstərib ki, 2019-cu ildə birinci həyat yoldaşı ilə boşanıb. Boşanmasının əsas səbəbi övladlarının olmaması olub:

 

“Bir ildən sonra Xəyal Ramazanovla tanış olduq. Xəyal birinci evliliyindən olan qızına görə hər ay aliment ödəyirdi. Xəyalın məni döyməsi ilə əlaqədar 2021-ci ilin yay aylarında 8-ci Polis Bölməsinə şikayət etmişdim. 2025-ci ilin mart ayında sosial şəbəkədə Kənan Məmmədzadə ilə tanış olmuşam. Bir müddət danışandan və bir-birimizi tanıyandan sonra görüşməyə başladıq. Kənana bir neçə aydan sonra yoldaşımla rəsmi boşanacağımı demişdim. Bir neçə dəfə Kənanın tapdığı müxtəlif evlərdə intim əlaqədə olmuşuq. Bundan başqa o, 2-3 dəfə yaşadığım evə də gəlib. Mayın 29-da baş verən məlum hadisədən sonra həkimlər Xəyalı xəstəxanaya apardılar. Sonra hadisə yerinə polis əməkdaşları gəldi. Xəyal xəstəxanadan qayıdanda, mən şəxsi əşyalarımı yığdım və uşaqları da götürüb evdən çıxdım. Ərimdən boşanandan sonra əvvəlki Əzimzadə soyadımı götürdüm. Hadisə baş verən gün Xəyal məni döyüb, əlindəki bıçaqla məni öldürmək istəyirdi. Baş verənləri eşidən Kənan müdaxilə edərək, ərimlə dalaşdı”.

 

Məhkəmə şahidin ifadəsini sevgi münasibətində olduğu Kənan Məmmədzadənin müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib.

 

Prokuror təqsirləndirilən şəxsə 15 il 3 ay cəza təyin edilməsini istəyib.

 

Məhkəmə nəticəyə gəlib ki, Kənan Məmmədzadənin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibinin iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə düzgün tövsif edilib. Ona, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Kənan Məmmədzadə 14 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.