Qaynar xətt:

(+99450) 247 90 86

Bunker həbsi, möhürlənən pəncərələr və "Tərəddüd" düyməsi: DİM-in ən məxfi zonalarından DETALLAR   

Bunker həbsi, möhürlənən pəncərələr və \"Tərəddüd\" düyməsi: DİM-in ən məxfi zonalarından DETALLAR   

CƏMİYYƏT

105

17.06.2026, 22:16

Azərbaycanda hər il yüz minlərlə gəncin gələcək taleyini, universitet xəyallarını müəyyən edən imtahanların pərdəarxası hər zaman böyük müəmmalar və suallarla dolu olub. Suallar necə seçilir? İmtahana qədər harada və hansı şəraitdə saxlanılır? Cavab kartları yoxlanılarkən hansı gizli mərhələlərdən keçir? Dövlət İmtahan Mərkəzinin (DİM) tətbiq etdiyi unikal və kənar şəxslər üçün tamamilə qapalı olan təhlükəsizlik sistemi bütün bu suallara aydınlıq gətirir.

Oxu24.com imtahan suallarının hazırlandığı, çap edildiyi xüsusi "bunker"dən və imtahan bitdikdən sonra "marker müəllimlərin" gizli fəaliyyətindən ən geniş detalları təqdim edir.

•Mərhələ 1. İmtahan suallarının kənara sızma ehtimalını tamamilə sıfıra endirən ən əsas mexanizm "Bunker" sistemidir. Bura daxil olan ekspertlər imtahan prosesi tam başa çatana qədər sözün əsl mənasında dünyadan təcrid olunurlar.

Bunkerdə fəaliyyət göstərəcək ekspert heyəti içəri daxil olmazdan əvvəl çox ciddi yoxlanışdan keçir. İştirakçıların üzərində olan mobil telefonlar, planşetlər, ağıllı saatlar və hətta internetə qoşulma imkanı olan hər növ elektron cihaz əllərindən alınaraq xüsusi paketlərə yerləşdirilir və möhürlənir.

Bunkerdə hər bir addım, hər bir otaq fasiləsiz olaraq yüksək keyfiyyətli kameralarla izlənilir. Otaqların pəncərələri xüsusi qaydada möhürlənir ki, çöllə vizual təmas belə mümkün olmasın. Ekspertlər üçün düz 3 gün davam edən tam təcrid həyatı başlayır və bu müddətdə binadan çölə çıxmaq qəti qadağandır. Hətta heyətin qidalanması belə xüsusi qapılardan, ciddi nəzarət altında içəri ötürülən təamlarla təmin edilir.

 Çoxları elə düşünür ki, ekspertlər bunkerdə oturub sıfırdan sual uydururlar. Lakin proses tamamilə fərqlidir. Xüsusi alqoritm əsasında DİM-in nəhəng sual bankından testlər təsadüfi qaydada sistemdən çıxarılır. Ekspertlərin vəzifəsi isə həmin sualların dərslik proqramlarına uyğunluğunu, elmi, məntiqi və qrammatik doğruluğunu dəfələrlə, mikroskopik dəqiqliklə yoxlamaqdır.

Bunker eksperti Rauf Rzayevin verdiyi şok açıqlamaya görə, test sualları ekspertlər tərəfindən ilkin mərhələdə sistemə daxil edilərkən, çaşqınlıq olmasın deyə bütün düzgün cavablar "A" variantı olaraq təyin edilir. Sualların təsdiqlənmə prosesi bitdikdən sonra xüsusi proqram təminatı avtomatik olaraq cavabların yerini qarışdırır və müxtəlif variantlar (A, B, C, D) formalaşdırır. Kitabçalar elə bunkerin daxilində yerləşən gizli mətbəədə çap olunaraq xüsusi torbalarda qablaşdırılır.

•Mərhələ 2. Proses imtahanın bitməsi və sual kitabçalarının binadan çıxması ilə yekunlaşmır. Əksinə, imtahan başa çatdıqdan sonra nəticələr elan olunana qədər daha gərgin, daha məsuliyyətli bir mərhələ start götürür. İmtahan yekunlaşan kimi bütün cavab kartları imtahan rəhbərlərinin və xüsusi mühafizənin nəzarəti altında dərhal DİM-in mərkəzi binasına gətirilir. Sadə görünən optik oxuma və qiymətləndirmə prosesi, nəticələr rəsmi elan olunana qədər tam 3-4 dəfə fərqli proqramlar və optik qurğular vasitəsilə yenidən yoxlanılır. Səhv ehtimalı tamamilə aradan qaldırılır.

İmtahan günü testlər paylandıqdan dərhal sonra, kənarda gözləyən başqa bir ekspert qrupu sualların düzgün cavab etalonunu çıxarır. DİM-in öncədən təyin etdiyi rəsmi etalonla bu canlı ekspertizanın nəticələri müqayisə edilir və hər şeyin 100% qaydasında olduğu təsdiqlənir.

Kompüterin oxuya bilmədiyi, abituriyentin öz xətti ilə yazdığı açıq və təfərrüatlı cavab tələb edən suallar xüsusi seçilmiş professional "marker müəllimlər" tərəfindən qiymətləndirilir. Sistem elə qurulub ki, hər bir yazılı suala bir-birindən tamamilə xəbərsiz, fərqli məkanlarda oturan 2 fərqli marker qiymət verir. Müəllimlər heç bir halda işin hansı şagirdə məxsus olduğunu görə bilmirlər – qarşılarında yalnız kodlaşdırılmış yazı

Əgər iki markerin eyni suala verdiyi qiymət (məsələn, ballar) üst-üstə düşərsə, bu, yekun xal kimi bazaya oturdulur. Lakin qiymətlər arasında fərq yaranarsa, sistem avtomatik olaraq həmin abituriyentin işini bloklayır və 3-cü – daha təcrübəli bir markerə yönləndirir. Bundan əlavə, marker müəllimlər yoxlama zamanı hər hansı qeyri-adi və ya çətin yazı üslubu ilə qarşılaşdıqda kompüterdəki xüsusi "tərəddüd" düyməsini sıxaraq işi birbaşa fənn ekspertlərinin kollegial rəyinə göndərirlər.

Dünyanın bir çox inkişaf etmiş ölkəsində tətbiq edilən bu qapalı "bunker" sistemi imtahanların tam məxfiliyini və obyektivliyini qorumaq üçün yeganə çıxış yoludur. Məsələn, qardaş Türkiyədə (ÖSYM) imtahan verən namizədlərin sayı milyonlarla ölçüldüyü üçün, orada bunkerdəki qapalı və təcrid olunmuş şərait hətta 40 gündən çox davam edir.

Azərbaycanda tətbiq olunan bu çoxpilləli sistem isə sualların hər hansı formada kənara sızma ehtimalını tamamilə sıfıra endirir, rüşvət və korrupsiya riskini yox edir, hər bir gəncin öz biliyi ilə qiymətləndirilməsinə tam təminat verir.