Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin idmana verdiyi davamlı DƏSTƏK: RƏSMİ ŞƏXSLƏR DANIŞIR

Prezidentin idmana verdiyi davamlı DƏSTƏK: RƏSMİ ŞƏXSLƏR DANIŞIR

CƏMİYYƏT

160

01.05.2026, 14:47

Xəbər verdiyimiz kimi,ötən gün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş güləş üzrə Avropa çempionatında fərqlənən idmançıları və onların məşqçilərini qəbul edib.Görüşlə bağlı məlumatı və fotoları Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayımlayıb.

Bu mühüm görüşlə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu və Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı dövlətin idman siyasətini və güləşimizin hazırkı vəziyyətini geniş təhlil ediblər.

Politoloq Elşad Mirbəşiroğlu: "Azərbaycanın idman ölkəsi statusu getdikcə daha da möhkəmlənir". 

Elşad Mirbəşiroğlu qeyd edir ki, bütün sahələrə dövlət tərəfindən çox yaxından qayğı mövcuddur. Və xüsusilə də idman sahəsi birbaşa olaraq ölkə başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir:

“Ümumiyyətlə, Azərbaycanda olduqca səmərəli idman siyasətinin müəllifi də məhz cənab Prezidentdir. Çünki, ölkəmizdə Olimpiya hərəkatı başlayandan, Olimpiya strukturu qurulandan bəri cənab Prezident ona rəhbərliyi həyata keçirir. Və Azərbaycan da çox rahat bir şəkildə idman ölkəsi adlandırıla bilər. Ən möhtəbər idman yarışlarına Azərbaycan ev sahibliyi edib”.

Deputatın  sözlərinə görə, bu mənada 2015-ci ildə Birinci Avropa Oyunlarını xüsusi qeyd etmək lazımdır, çünki bu təcrübənin əsasını Azərbaycan qoyub. Məhz həmin prosesin sonrakı uğurları da elə birbaşa Azərbaycanın adı ilə bağlıdır. Ondan sonra İslam Həmrəyliyi Oyunları keçirilib, hər il ölkəmizdə Formula 1 yarışları keçirilməkdədir və biz görürük ki, bütün bunların hamısını çox böyük uğurla biz təşkil edirik, keçiririk:

“Bu baxımdan ölkə Prezidentinin Tiranada keçirilmiş Avropa Çempionatında, güləş üzrə Avropa Çempionatında fərqlənən idmançıları və onların məşqçilərini qəbul etməsi hər zaman bizim müşahidə etdiyimiz bir haldır. Yəni bu Azərbaycanda hər zaman müşahidə olunub. Bütün idman növləri üzrə fərqlənən yarışçılarımızı, onların məşqçilərini dövlət başçısı hər zaman təqdir edir, hər zaman onları mükafatlandırır, hər zaman həvəsləndirir.

Bu baxımdan elə güləş üzrə Avropa Çempionatında fərqlənən idmançıları və onların məşqçilərinin də qəbul edilməsi növbəti dəfə nümayiş etdirir ki, Azərbaycanda idman siyasəti Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir və bu siyasətin hər zaman uğurla həyata keçirilməsi üçün iradə nümayiş etdirilir, addımlar atılır, müxtəlif layihələr həyata keçirilir. Və idman siyasətinin də biz konseptual əsaslarının olduğunu müşahidə etməkdəyik.

Ona görə də bu gün Azərbaycan idmançıları dünyanın müxtəlif möhtəbər tribunalarında, idman tribunalarında mükafatlandırılırlar, ölkəmizin bayrağını ucaldırlar, himnini səsləndirirlər. Yəni bizim dövlətimiz özünü həm də idman üzərindən dünyaya tanıtmaqdadır”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Avropa Çempionatında fərqlənən idmançıları qəbul etməsi, onlara yenidən öz tövsiyələrini verməsi, onları təqdir etməsi bir daha nümayiş etdirir ki, Azərbaycanda idman sahəsi, bütün sahələr olduğu kimi idman sahəsi də ölkə rəhbərinin diqqət mərkəzindədir. Və məhz bu diqqət sayəsində də idman Azərbaycanda müxtəlif növlər üzrə çox sürətlə inkişaf edir. Azərbaycan özünün idman ölkəsi statusunu getdikcə daha da möhkəmləndirməkdədir: 

Sərxan Musalı: "Azərbaycan güləşində heç bir çəkidə boşluq yaşanmır".

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı isə qeyd edir ki, Azərbaycan güləş məktəbinin hazırkı səviyyəsi əslində yaxşıdır və xüsusən də 2022-ci ildən bu yana sürətli inkişaf müşahidə edirik. Bütün yaş qrupları üzrə nəticələrimiz son beş ildə xeyli güclənib - istər Avropa, istərsə də dünya arenasında. Azərbaycan ümumiyyətlə dünya güləşinin ön sıralarında yer alan ölkələrdən biri sayılır:

“Təbii ki, yerimizdə saymırıq, çünki, böyük bir rəqabət var. Bu rəqabətdə qalib ayrılmaq və həmişə ön sıralarda olmaq üçün daim öz üzərində işləməli, nələrisə inkişaf etdirməli və çatışmazlıqları görüb onları aradan qaldırmalısan. Başqa cür yüksək səviyyədə top komandalar sırasında yer almaq mümkün deyil.

Sözsüz ki, əldə olunan uğurlar sistemli hazırlığın nəticəsidir, çünki burada fərdlər rol oynamır. Məsələn, Yunan-Roma güləşində 82 kq-da illərlə Rafiq Hüseynov milli komandanı uğurlara daşıyıb - dəfələrlə Avropa və dünya çempionu, olimpiada mükafatçısı olub. Lakin o, karyerasını bitirsə də biz bu çəkidə boşluq yaşamırıq. Onun davamçısı kimi Qurban Qurbanov gəlib və o, artıq böyüklər arasında ikiqat Avropa çemponudur.

55 kq çəki dərəcəsində isə dördqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli Avropa çempionatında iştirak etməsə belə, onun yer aldığı çəkidə Rəşad Məmmədov bürünc medal qazandı. Ümumiyyətlə, bu çəkidə təkcə o yox, Elmir Əliyev kimi istedadlı güləşçimiz var ki, 23 yaşadək güləşçilər arasında dünya çempionu olub. Sistemli fəaliyyət olmasaydı, bu ardıcıllıq və silsilə pozulardı”.

O bildirir ki, Azərbaycan güləş ənənələri imkan verir ki, hansısa bir nəsil getsə də, digər bir nəsil onları əvəzləyə bilsin:

“Ola bilsin müəyyən qədər istedadda və ya nəticədə fərq olsun, amma ümumi fonda bu ciddi hiss olunmur və nəticə daim olur. Medal sayında və kəmiyyətində cüzi fərqlər olsa da, Azərbaycan dünya arenasında daim ön sıralarda yer alır".

Çimnaz Telmanqızı