Qaynar xətt:

(+99450) 247 90 86

İlham Qəhrəmandan Səidə Bəkirqızına ÇAĞIRIŞ: "Akif Nağı siyasi fəaliyyətiylə Külli-Qarabağ uğrunda savaşırdı"

news/2026_02_05/whatsapp_image_2026_02_05_at_135236_1770291440.jpeg

CƏMİYYƏT

741

05.02.2026, 15:35

Azad Vətən Partiyasının sədri Akif Nağı ilə aparıcı Səidə Bəkirqızı  arasında   efirdə   yaranan  mübahisədən  sonra əslən Laçın rayonundan olan   şair-publisist, folklor araşdırmaçısı İlham Qəhrəman məsələyə münasibət bildirib.

Oxu24.com-a danışan tanınmış şair Media Türk TV kanalında Azad Vətən Partiyasının sədri Akif Nağı və jurnalist Səidə Bəkirqızının debatını izlədiyini deyib:

“Debatı mən də izlədim. Düzü hər iki tərəfin bir-birini ağır ittiham etməsi fonunda gedən söhbət haqqında fikir bildirmək elə də asan deyil. Bir tərəfdən Akif müəllimin Qarabağın işğal dövrü ölkədə Qarabağ Azadlıq Təşkilatındakı siyasi fəaliyyəti göz önünə gəlir. Təşkilat rəhbəri kimi onun belə bir mövqe sərgiləməsi tərəfimdən hörmət və ehtiramla qarşılanıb: o həmişə deyirdi ki, Qarabağ ancaq müharibə yolu ilə azad oluna bilər, Quran oxumaqla donuz darıdan çıxmaz. Zaman onun dediyini təsdiqlədi”.

 Akif Nağının ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirən şair Səidə Bəkirqızı ilə bağlı fikirlərini də söyləyib:”O biri tərəfdən, özünün dediyi kimi, Səidə xanımın 25 illik jurnalist fəaliyyəti var. Bu, bir qələm adamı üçün az dövr deyil. (Bəri başdan onu da deyim ki, yayım haqqında bu balaca yazımda firkirlərimlə opponentin heç birinin şəxsiyyətinə qarşı deyiləm. Fikrim ancaq efirdən səsləndirilən mövqeyə qarşı ola bilər) Əvvala Səidə xanımın dönə-dönə “Ağdamın hansı kəndi uğrunda döyüşmüsüz” sualına Akif Nağı bəlkə də təvözakarlıqdan deyə bilmədi ki, Qarabağ uğrunda döyüş təkcə səngərdə getmirdi. Əsgərlər döyüş meydanında Qarabağın hansısa kəndi, şəhəri uğrunda döyüşəndə Akif Nağı siyasi fəaliyyətiylə Külli-Qarabağ uğrunda savaşırdı və bu fəaliyyət heç də az dəyər daşımır. Bir laçınlı qələm adamı kimi Laçına köçən keçmiş məcburi köçkünlərin evlərini kirayə verməsini efirlərdə, sosial şəbəkələrdə  “əldə silah” eləməyi tək Səidə Bəkirqızına yox, heç bir Azərbaycan vətəndaşına yaraşdırmıram. Akif müəllim keçid dövründə ev sahiblərinin dolanışıq üçün buna məcbur olduqlarını deyəndə Səidə xanım belə bir ritorik sual verdi ki, başqa kəndlərimizdə yaşayan Fatma xala necə dolanır?! 

Səidə xanım bilməmiş deyil ki, Fatma xala min illər binə olmuş bir kənddə yaşayır və iş yeri olmasa da, ona miras qalmış və sonradan özünün qurub-yaratdığı həyətyanı təsərrüfatla dolana bilir. Amma dünən salınmış bir kəndə köçən adam, el diliylə desək, quru yurda köçüb. Qapısında mal-qarası, toyuq-cücəsi, bağ-bostanı olmayan bir adam iş yeri olmayandan sonra necə dolana bilər?! Əlbəttə ki,  bu müvəqqəti bir haldır. Dövlət bununla bağlı fasiləsiz işlər görür,Qarabağa Böyük Qayıdış  prosesi hələ davam edir.

 Amma, tutaq ki, Bərdədən Laçına köçmüş bənna ailə başçısı məcburdur ki, Bərdədəki köhnə əlaqələriylə iş düşən kimi gedib orda işləsin. Bu zaman onu evi qıfıllı da ola bilər. Laçınlı qələm dostum əmək miqrantı kimi Avropaya getmişdi. Bir dəfə telefonla danışanda məlum oldu ki, Fransada Les Deuks Alpes şəhərində işləyir. Söhbət əsnasında dedi ki, Alp dağlarında yerləşən bu balaca şəhərin və ətraf kəndlərin əhalisi evlərini turistlərə kirayə verməklə dolanırlar. Yəni, dünya praktikasında bu ənənə – loru dillə desək, dolanışıq forması çoxdan mövcuddur. Bizdə isə bunu etmək kimlərəsə çətin gəlir. Səidə xanımın bu mövzuda ittihamının gözünə şəhidləri qatması da heç  yaxşı hal deyil. Səidə xanım Azərbaycanın elə bir yerini göstərə bilərmi ki, tutaq ki, tarixin hansısa dönəmində oranın uğrunda döyüş olmasın və şəhid verməmiş olaq. İndi duraq göyçaylıları, şamaxılıları, bakılıları qınayaq ki, 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən o yerlər azad olunanda şəhidlər vermişik – filan hərəkət şəhidlərin ruhuna hörmətsizlikdir və s. Yaxud 1990-ci ildə Bakıda da şəhidlərimiz oldu, orada evlər kirayəyə verilmədimi?

Məsələyə belə yanaşma “necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaqdır”. Şəhidlərimizə ehtiram hamımızın müqəddəs borcudur, toylarımızın əvvəlində şəhidləri yad etməklə himnimiz çalınanda məni qəhər boğur, himninin sözlərinin davamını deyə bilmirəm. Toylarımız həm də belə anımlarla dəyərlidir. Şəhidlik cəmiyyətin həssas yeridir, gəlin o müqəddəs hissləri öz fikirlərimizə söykək etməyək. Şəhidlərin onların ruhuna belə ehtirama ehtiyacı yoxdur”.

 İ. Qəhrəman özünün şahidi olduğum bir hadisəni də danışaraq bildirdi ki,  payızda Almaniyada yaşayan bacım Bakıya gələndə onu Laçına aparmışdım:” Laçında təzə köçürülmüş kəndlərin birindən keçəndə (kəndin adını yazmağı lazım bilmirəm) Laçında yaşayan bacım xaricdən gələn bacımın qulağına nəsə pıçıldadı. Bacım dedi, qağa, maşını 5 dəqiqə saxla. Bacımgil həmin küçədə olan bir evə girib, çıxdılar. Məlum oldu ki, evdə heç bir işi olmayan tək bir xanım xəstə oğluyla yaşayır. Bacım da o xanıma imkanı daxilində xərclik verib. Sonradan qonşular bacıma deyiblər ki, siz gedən kimi, o qadın mağazaya gedib ev üçün zəruri ərzaqlar almışdı. Onu da dedilər ki, həmin qadın evini kirayə verməyə utanır. Səidə xanım məgər bilmir ki, köçkünün hamısı yağ-bal içində yaşamır?!”  

Şair söhbətinin sonunda Akif müəllimə və blogger Səidə Bəkirqızına tövsiyə verməyi də unutmayıb:” Hər iki soydaşımız   qarşılıqlı nifrətdən uzaq durmalı, bir birinə hörmətlə yanaşmalıdır – çünki onların hər ikisi bizimdir! 

 Söhbəti qələmə aldı Əntiqə Rəşid