Qaynar xətt:

(+99450) 247 90 86

"Bəxt üzüyü" filmi  35 YAŞINDA: “Qoymayın ayə, üstümə İrasim gəlir..."  - Bir filmin TARİXÇƏSİ

news/2026_01_10/bet_wz_1768029987.jpg

CƏMİYYƏT

504

10.01.2026, 11:22

Bizi 35 ildir güldürə-güldürə kədərləndirən komediya filmi: “Bəxt üzüyü”

Hazırda Azərbaycanda elə adam tapa bilməzsən ki, “Bəxt üzüyü” filminin adı çəkiləndə gülümsəməsin.

 Oxu24.com xəbər verir ki, Bəxt üzüyü tammetrajlı bədii filminin bu il yubiley ilidir və 35 yaşı tamamdır.

Komediyanı dərindən bilən, yumor hissi güclü olan rejissor Ramiz Əzizbəyli  Vaqif Səmədoğlunun eyni adlı  pyesini 1991-ci ildə ekranlaşdırır .

Amma onu da xatırladaq ki, pyes o vaxta qədər artıq Şəki və Sumqayıt teatrlarında səhnəyə qoyulduğu üçün tamaşaçı mövzunu bilirdi  və tamaşaçının bildiyi bir əsəri ekrana gətirmək və onu qəbul etdirmək  böyük risq idi.

 Filmin sponsoru  “Qaraqaya”Assosiyasının prezidenti Sədrəddin Daşdəmirov olub. Film  "Qara Qaya film" studiyasında istehsal ediləndən və ilk göstərimə girəndən sonra   ən sevilən komediya filmi kimi sevildi.

Təsəvvür edin ki, 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə mükafat verildi.

 Film niyə sevildi?

 Filmin sevilməsinin bir neçə səbəbini oxucularımız üçün açıqlamaq istəyirik. Birinci səbəb o idi ki, filmin  rejissoru da, ssenari müəllifləri də (Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu) əsərin müəllifi də ( Vaqif Səmədoğlu) , bəstəkarı da ( Eldar Mansurov) öz işinin peşəkarları idi.Bir sözlə, çəkiliş truppasına daxil edilmiş quruluşçu operatordan  tutmuş  filmin direktoruna qədər hər kəs öz istedadına görə respublikada tanınmış ,  öz peşəsinin ustaları idi.

İkinci səbəb isə truppaya daxil edilən aktyor  və aktrisaları  bu filmə qədər tanınırdılar və sevilirdilər.   Afaq Bəşirqızı (Söylü), Valeh Kərimov ( Moşu), Gülşad Baxşıyeva ( Sara), Ayşad Məmmədov (Hüseyn), Firəngiz Rəhimbəyli (Sevda), Nəsir Sadıqzadə (Tanrıbəy) və Rafael Dadaşov(Rasim), Cahangir Novruzov ( milis rəisi),  Arif Quliyev (milis nəfəri), Muxtar Maniyev ( Zırpı) bu filmdə də tamaşaçının ürəyinə girməyi bacardılar.

Üçüncü, bəlkə də elə əvvəlki səbəblər qədər önəmli olan üçüncü səbəb isə  xalqın içdən gülməyə, başının üstündə gəzən problemləri unutmağa ehtiyacından yarandı. Fimin çəkilməsi sovet ordusunun  20 yanvar faciəsinin ölkəni  matəmə qərq etdiyi, ekrana çıxması isə  bu faciəədən bir il sonra baş tutdu. Bəli, belə bir vaxtda komediya haqqında düşünmək, komediya filmi çəkmək böyük cəsarət, güc tələb edirdi.

İnsanlar bir il müddətinə yaşadığı faciəsinə yanaraq ağlamış , dərd çəkmiş,  düşmən qüvvələri isə  nifrətlə yad edirdi. Həmçinin  artıq sovetlər birliyinin dağılması nəinki sovet məkanında elə dünyada da çaş -başlıq yaradırdı. Buna baxmayaraq , birliyin tərkibində olan respublikaların öz müstəqilliyi uğrunda mübarizə apararaq nəhayət azadlığı əldə etdiyi ilə təsadüf edir.   Bütün bu problemlərin arasında bu film ölkəmizin insanlarını   gülümsətməyi bacardı.

 Komediya filmin mövzusu və sətiraltı  kədər

 Cəmiyyətdə yaranmış o “çaş-baş”lığı hiss edən Ramiz Əzizbəyli də o vaxt film haqqında elə belə demişdi: “Film qəhrəmanlardan birinin bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Film insanları laqeyd olmamağa, bir-birlərinə qarşı diqqətli olmağa çağırır. Bu çağırış filmin əsasını təşkil edir”.

Kino mütəxəssisləri isə deyir ki, əsərdə üzüyü Hüseynin götürərək satdığı göstərilsə də, film versiyasında üzüyün sadəcə olaraq itdiyi bildirilir. Bu dəyişiklik süjet xəttinə fəlsəfi yük əlavə edir: üzük burada təkcə əşya deyil, həm də simvolik olaraq xalqın və ya cəmiyyətin "bəxti", ümumi harmoniyası kimi yozulur. Bu "itki" müxtəlif personajların daxilən və sosial olaraq deformasiyaya uğraması ilə nəticələnir.

 Elə filmdə cəmiyyətin müxtəlif təbəqə və davranış modellərini  təqdim edən personajlar da deyilən fikri təsdiqləyir. Moşu- bacarmadığı sahələrdə fəaliyyət göstərən, lakin ailəsinə bağlı kişi tipidir. Söylü- şəhər mühitinə uyğunlaşa bilməyən, kənd mentalitetini daşıyan obrazdır. Sevda- əxlaq normalarına etinasız yanaşan, sərbəst həyat tərzi sürən şəxsləri təmsil edir. Rasim-rüşvətxor, şəxsi maraqlarını ön planda tutan və sosial pozuntulara biganə münasibət göstərən obrazdır. Hüseyn – yetimxanada böyüyən, həyat çətinliklərinə uyğunlaşa bilməyən və cəmiyyətin mənəvi deformasiyasından əziyyət çəkən şəxsdir. Göründüyü kimi, Ramiz Əzizbəyli bizi güldürə-güldürə düşündürə bilib. Zahirən komediya janrında qurulan filmin əslində geniş sosial və fəlsəfi məzmunu daşıdığını filmə baxıb xeyli güləndən sonra anlayırıq.

 Filmin “atalar sözü”nə dönmüş frazaları

 Hamımız filmə dəfələrlə baxmışıq. O səbəbdən hansı frazanın kimə məxsus olduğunu yazmayacağam. 

- Xoşbaxtlıq, xoşbaxtlıq...

-A Moşu, eqologiya budur?

- Babam Qaçaq Kərəmin mehtəri olub

-Nemsə kopayoğlu

-  “Bolşe, zəhrimara..

-Neylədün ağəz, arağın tapılmayan vaxtında

- Pambıq çölləri, taxıl zəmiləri, başı qarlı dağlar, igid-igid Azərbaycan oğulları”

- Belə Dəli Kür, yaralı Araz

- “Qoymayın ayə, üstümə İrasim gəlir...

 -Deyirlər, dənizdə bir zırpı batıb...

-Gedir mənim şotuma tuluğun dolderer.. Qoymerlar dana, qoymerlar bu andıra qalmışı yazem…

 Yaddan çıxartdığımız frazaları da, əziz oxucu, siz əlavə edin.

 Beləliklə,  35  ildir, bizi güldürə-güldürə gələn bu kədərli komediya filminin  çəkilişləri  2 ay ərzində Şüvəlanda çəkilib. Bağ yeri Şüvəlanda, bazar Mərdəkanda, dəniz Bilgəhdə lentə alınıb .Filmi ərsəyə gəlməsində əziyyəti olan hər həsə bir tamaşaçı kimi dərin təşəkkürümüzü bildiririk, dünyasını dəyişənlərə isə “Allah rəhmət eləsin” deyirik.  

 Qeyd edək ki,  2017-ci ildə xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı "Bəxt üzüyü 2" filmi çəkilib. Eyni aktyorları 26 il sonra bir yerə toplayaraq personajların yaşlı dönəmlərini filmin mövzusuna çevririblər və  filmin çəkilişlərini "Planet Parni iz Baku" komandası həyata keçirib. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalsa da, tamaşaçıların diqqətini çəkməyib.

 Əntiqə Rəşid