Qaynar xətt:

(+99450) 247 90 86

Bağırsaq mikroflorası niyə bu qədər vacibdir? Həkim səbəbləri AÇIQLADI   

Bağırsaq mikroflorası niyə bu qədər vacibdir? Həkim səbəbləri AÇIQLADI   

TİBB

66

30.07.2026, 13:15

Bağırsaq mikroflorasının pozulması təkcə həzm sistemində narahatlıqlara səbəb olmur. Son illərdə aparılan müşahidələr göstərir ki, bağırsaqda yaşayan bəzi mikroorqanizmlərin sayının normadan artıq artması orqanizmin müxtəlif nahiyələrində iltihabi proseslərin yaranmasına da zəmin hazırlaya bilər. 

Mövzu ilə bağlı Oxu24.com-a danışan fitoterapevt-terapevt Camaləddin Bağırov bildirib ki, bağırsaq mikrobiotası ilə digər orqanlar arasında sıx əlaqə mövcuddur və bu əlaqələrin pozulması müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.

Həkimin sözlərinə görə, bağırsaqda yaşayan bakteriyaların əksəriyyəti normal şəraitdə insan sağlamlığı üçün faydalıdır. Lakin onların balansı pozulduqda və bəzi mikrobların sayı həddindən artıq artdıqda müxtəlif xəstəliklərin inkişaf riski yüksəlir.

 Camaləddin Bağırov qeyd edib ki, bağırsaqda yaşayan ən tanınmış bakteriyalardan biri Escherichia coli (bağırsaq çöpü) normal şəraitdə faydalı mikroorqanizm hesab olunur. O, həzm prosesində və bağırsaq mühitinin qorunmasında mühüm rol oynayır. Ancaq müxtəlif səbəblərdən bu bakteriyanın miqdarı artdıqda və ya bağırsaqdan kənar nahiyələrə keçdikdə problemlər yarana bilər.

Mütəxəssis bu barədə klinik praktikadan nümunələr də gətirib.

“Yaxın vaxtlarda müraciət edən pasiyentlərdən birində uzun müddət davam edən boğaz iltihabı və udlaq problemləri müşahidə olunurdu. Aparılan yaxma müayinəsində gözlənilmədən bağırsaq çöpü aşkarlandı. Halbuki boğaz infeksiyalarında adətən streptokok, stafilokok və ya digər mikroorqanizmlərlə rastlaşırıq. Bağırsaq çöpünün boğaz nahiyəsində aşkarlanması olduqca nadir hallarda müşahidə edilir və bunun əsas səbəblərindən biri reflüks xəstəliyi ola bilər”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, mədə və bağırsaq möhtəviyyatının qida borusu vasitəsilə yuxarı qalxması nəticəsində bəzi bakteriyalar ağız boşluğuna və boğaz nahiyəsinə keçə bilər. Bu isə xroniki boğaz iltihablarının səbəblərindən birinə çevrilə bilər.

Camaləddin Bağırov başqa bir pasiyent nümunəsini də diqqətə çatdırıb.

“Hələ illər əvvəl müraciət edən bir pasiyentdə uzun müddət sağalmayan ciddi dəri problemləri var idi. Müxtəlif müayinələrdən sonra aparılan analizlərdə yenə də bağırsaq çöpünün iştirak etdiyi müəyyən edildi. Bu, bir daha göstərir ki, bağırsaqda yaranan mikrobioloji balans pozğunluğu bəzən özünü tamamilə fərqli orqanlarda büruzə verə bilir”, – deyə o bildirib.

Həkimin sözlərinə görə, insan orqanizmində bütün sistemlər bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bağırsaq yalnız həzm orqanı deyil, eyni zamanda immun sisteminin ən mühüm hissələrindən biridir. Buradakı mikrofloranın vəziyyəti immun cavaba, iltihab proseslərinə və digər orqanların sağlamlığına birbaşa təsir göstərə bilər.

Camaləddin Bağırov bildirib ki, tibbdə bu proses “mikrobların translokasiyası” adlanır. Bu termin mikroorqanizmlərin normal yaşadığı mühitdən başqa nahiyələrə keçməsini ifadə edir.

“Bu keçid müxtəlif yollarla baş verə bilər. Ən çox rast gəlinən səbəblərdən biri reflüksdür. Reflüks zamanı mədə və bağırsaq möhtəviyyatı qida borusu vasitəsilə yuxarı qalxaraq ağız boşluğuna və boğaza çatır. Digər mümkün yol isə limfatik sistem vasitəsilə mikroorqanizmlərin orqanizmin müxtəlif hissələrinə yayılmasıdır”, – deyə həkim izah edib.

Mütəxəssis vurğulayıb ki, bağırsaq mikroflorasındakı balans pozğunluğu yalnız boğaz problemləri ilə məhdudlaşmır. Bəzi hallarda xroniki sinusit, təkrarlanan anginalar, dəri xəstəlikləri, hətta bəzi ağciyər infeksiyalarında da bağırsaq mənşəli problemlərin rolu ola bilər.

Onun sözlərinə görə, səbəbi uzun müddət müəyyən edilməyən iltihabi proseslər zamanı yalnız simptomların müalicəsi ilə kifayətlənmək düzgün deyil. Belə hallarda həzm sistemi, bağırsaq mikrobiotası və reflüks xəstəliyinin də araşdırılması vacibdir.

Dr. Camaləddin Bağırov qeyd edib ki, bağırsaq sağlamlığının qorunması üçün düzgün qidalanma, liflə zəngin məhsulların qəbulu, kifayət qədər su içilməsi, antibiotiklərin yalnız həkim təyinatı ilə istifadəsi və zərurət olduqda mikrobioloji müayinələrin aparılması mühüm əhəmiyyət daşıyır.

Sonda həkim vətəndaşlara müraciət edərək bildirib ki, təkrarlayan boğaz iltihabları, səbəbi bilinməyən dəri problemləri və uzunmüddətli həzm pozğunluqları olduqda yalnız lokal müalicə ilə kifayətlənmək olmaz. Problemin mənbəyi bəzən bağırsaqlarda gizlənə bilər və vaxtında aparılan kompleks müayinələr həm xəstəliyin səbəbini müəyyən etməyə, həm də daha effektiv müalicə planı seçməyə imkan verir.