Qaynar xətt:

(+99450) 247 90 86

LOR həkimi AÇIQLADI : Hovuz və dəniz sinusit riskini artırır  

LOR həkimi AÇIQLADI : Hovuz və dəniz sinusit riskini artırır  

TİBB

95

23.07.2026, 16:46

Yay mövsümündə havaların istiləşməsi ilə insanlar istirahət üçün daha çox hovuzlara və dəniz çimərliklərinə üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, suya düzgün qaydada daxil olmamaq və gigiyenik normalara əməl etməmək bəzi qulaq, burun və boğaz xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Oxu24.com-a açıqlama verən otorinolarinqoloq-cərrah Mehrdad Yavəri bildirib ki, yay aylarında LOR həkimlərinə müraciət edən pasiyentlərin əhəmiyyətli hissəsi məhz hovuz və dənizlə əlaqədar yaranan sağlamlıq problemlərindən əziyyət çəkir.

Onun sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri sinusitdir.

Həkim izah edib ki, insanlar suya başıaşağı və ya yüksək sürətlə tullandıqda suyun təzyiqi nəticəsində burun boşluğuna su daxil olur. Əgər hovuz suyunda və ya çirkli sularda bakteriya və digər mikroorqanizmlər mövcuddursa, onlar burun boşluğundan burunətrafı ciblərə keçərək iltihabi proses yarada bilər.

“Belə hallarda burun tutulması, alın və yanaq nahiyəsində ağrılar, baş ağrısı, irinli ifrazat və hərarət kimi sinusit əlamətləri meydana çıxa bilər. Xüsusilə immun sistemi zəif olan şəxslərdə bu risk daha yüksək olur”, – deyə Mehrdad Yavəri bildirib.

Mütəxəssis qeyd edib ki, yay aylarında tez-tez rast gəlinən digər problemlərdən biri də xarici qulaq keçəcəyinin iltihabı, yəni xarici otitdir.

Onun sözlərinə görə, uzun müddət suyun qulaqda qalması qulaq keçəcəyinin dərisini yumşaldır və onu bakteriya, göbələk və digər infeksiyalara qarşı daha həssas vəziyyətə gətirir.

“Pasiyentlər adətən qulaq ağrısı, qaşınma, eşitmənin zəifləməsi, qulaqda dolğunluq hissi və bəzi hallarda irinli ifrazat şikayətləri ilə müraciət edirlər. Xüsusilə hovuz suyunun gigiyenik vəziyyəti qənaətbəxş olmadıqda infeksiya riski daha da artır”, – deyə həkim vurğulayıb.

Mehrdad Yavərinin sözlərinə görə, bu problemlərin qarşısını almaq üçün sadə profilaktik qaydalara əməl etmək kifayətdir.

O tövsiyə edir ki, hovuzdan istifadə edən şəxslər mütləq üzgüçülər üçün nəzərdə tutulmuş xüsusi qulaq tıxaclarından istifadə etsinlər. Bu vasitələr suyun qulaq keçəcəyinə daxil olmasının qarşısını alır və infeksiya riskini əhəmiyyətli dərəcədə azaldır.

Həkim əlavə edib ki, qulaqları qorumaq məqsədilə suya girməzdən əvvəl hər qulağa 1-2 damcı qoruyucu yağ tərkibli qulaq damcısı damızdırmaq da faydalı ola bilər.

“Bu damcılar qulaq dərisi üzərində qoruyucu təbəqə yaradır və suyun birbaşa dəri ilə təmasını azaldır. Bunun nəticəsində qulaq keçəcəyində qıcıqlanma və infeksiya yaranma ehtimalı aşağı düşür”, – deyə mütəxəssis bildirib.

Otorinolarinqoloq-cərrah onu da qeyd edib ki, hovuz və dənizdən çıxdıqdan sonra qulaqları sərt əşyalar və ya pambıq çubuqlarla təmizləməyə çalışmaq düzgün deyil. Bu, qulaq dərisini zədələyərək infeksiya riskini daha da artırır.

Mehrdad Yavəri vurğulayıb ki, üzgüçülükdən sonra qulaq ağrısı, burun tutulması, baş ağrısı, hərarət və ya digər narahatedici əlamətlər müşahidə olunarsa, özbaşına müalicəyə başlamadan vaxt itirmədən LOR həkiminə müraciət etmək lazımdır.

Onun sözlərinə görə, vaxtında aparılan müayinə və düzgün müalicə həm sinusitin, həm də qulaq infeksiyalarının ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır. Həkim yay mövsümündə hovuz və dənizdən istifadə edərkən gigiyena qaydalarına riayət etməyin sağlamlığın qorunması baxımından vacib olduğunu da xüsusi qeyd edib.