Qaynar xətt:

(+99450) 247 90 86

Uroloq AÇIQLADI: Ağrı verməyən daş ciddi riskdir

Uroloq AÇIQLADI: Ağrı verməyən daş ciddi riskdir

TİBB

69

14.07.2026, 14:16

Bir çox insanlar hesab edir ki, böyrək daşı yalnız şiddətli ağrı verdiyi halda təhlükəlidir. Məhz bu səbəbdən təsadüfi müayinə zamanı aşkarlanan, lakin heç bir narahatlıq yaratmayan daşlar əksər hallarda diqqətdən kənarda qalır. Halbuki mütəxəssislər bildirirlər ki, ağrı verməyən böyrək daşları da ciddi fəsadlara səbəb ola bilər və vaxtında müalicə olunmadıqda böyrəyin funksiyasını tamamilə itirməsinə qədər ağır nəticələr yarada bilər.

Uroloq Tavat Seyidova Oxu24.com-a açıqlamasında bildirib ki, tibbdə heç bir əlamət verməyən böyrək daşları "lal daşlar" kimi tanınır. Bu daşlar uzun müddət xəstədə heç bir ağrı və ya narahatlıq yaratmadığı üçün insanlar onları təhlükəsiz hesab edir və müalicəni təxirə salırlar.

Onun sözlərinə görə, bu yanaşma tamamilə yanlışdır.

"Hətta ağrı verməyən daş da böyrək üçün təhlükə mənbəyidir. Xəstə heç bir şikayət hiss etmədiyi üçün düşünür ki, problem yoxdur. Əslində isə daş orada olduğu müddətdə öz mənfi təsirini göstərməyə davam edir. Biz praktikada elə xəstələrlə qarşılaşırıq ki, illərlə heç bir ağrı hiss etməyiblər, lakin müayinələr zamanı artıq böyrəyin ciddi zədələndiyi, hətta funksiyasını tam itirdiyi məlum olub", – deyə uroloq bildirib.

Mütəxəssis qeyd edib ki, böyrək daşının yaratdığı təhlükə yalnız ağrı ilə məhdudlaşmır. Daş sidiyin normal axınına mane olaraq böyrək daxilində durğunluq yaradır və zaman keçdikcə böyrəyin strukturunda geri dönməz dəyişikliklərə səbəb olur.

"Daş sidik yollarını qismən və ya tam bağladıqda sidik böyrəkdə toplanmağa başlayır. Bu vəziyyət böyrək ləyəninin genişlənməsinə, sonrakı mərhələdə isə böyrəyin əsas işləyən toxuması olan parenximanın nazilməsinə və zəifləməsinə gətirib çıxarır. Uzun müddət davam edən bu proses nəticəsində böyrəyin funksiyası azalır və bəzi hallarda orqanın tam itirilməsi ilə nəticələnə bilər", – deyə Tavat Seyidova vurğulayıb.

Onun sözlərinə görə, ağrının olmaması heç də xəstəliyin təhlükəsiz olması demək deyil.

"Əksər insanlar böyrək daşı deyəndə yalnız dözülməz sancını düşünürlər. Doğrudur, böyrək daşı olan xəstələrdə ən çox rast gəlinən əlamət güclü ağrıdır. Lakin bütün daşlar ağrı yaratmır. Bəzi hallarda daş uzun müddət sakit qalır, amma bu müddət ərzində böyrəyə zərər verməyə davam edir. Ona görə də 'ağrım yoxdur, deməli problem yoxdur' düşüncəsi son dərəcə təhlükəlidir", – deyə o bildirib.

Uroloq əlavə edib ki, vaxtında müdaxilə edilmədikdə daşlar müxtəlif ağırlaşmalara da səbəb ola bilər.

"Sidik durğunluğu bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Bu isə böyrək infeksiyalarının yaranmasına, təkrarlayan iltihabi proseslərə və zamanla xroniki böyrək çatışmazlığına qədər gedib çıxan ağır nəticələrə səbəb ola bilər. Belə xəstələrdə sonradan daha mürəkkəb əməliyyatlara və uzunmüddətli müalicəyə ehtiyac yaranır", – deyə mütəxəssis qeyd edib.

Tavat Seyidovanın sözlərinə görə, böyrək daşlarının erkən mərhələdə aşkarlanması və mütəmadi nəzarətdə saxlanılması böyük əhəmiyyət daşıyır.

"Ultrasəs müayinəsi və digər diaqnostik üsullar vasitəsilə daşın ölçüsü, yerləşməsi və böyrəyə təsiri qiymətləndirilməlidir. Hər daş dərhal əməliyyat tələb etməsə də, mütləq uroloqun nəzarətində olmalıdır. Hansı xəstəyə dərman müalicəsi, hansı xəstəyə isə cərrahi və ya endoskopik müdaxilə lazım olduğuna yalnız mütəxəssis qərar verə bilər", – deyə o bildirib.

Sonda uroloq vətəndaşlara çağırış edərək bildirib ki, təsadüfən aşkarlanan böyrək daşlarını laqeyd yanaşmaq olmaz.

"Əgər müayinə zamanı böyrək daşı aşkarlanıbsa, heç bir ağrınız olmasa belə, mütləq uroloqa müraciət edin. Erkən diaqnostika və vaxtında müalicə həm böyrəyin qorunmasına, həm də gələcəkdə yarana biləcək ciddi fəsadların qarşısının alınmasına imkan verir", – deyə Tavat Seyidova əlavə edib.