SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul edib
14 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
210
14.07.2026, 12:13
Şuşadan dünyaya verilən mesajlar: Deputatlar Forumun əhəmiyyətini dəyərləndirdi
Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media dialoqunun mühüm məkanlarından birinə çevrilib. Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən jurnalistləri, media rəhbərlərini və ekspertləri bir araya gətirərək qlobal informasiya məkanında etimadın möhkəmləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və sülhün təşviqində medianın rolunun müzakirəsi üçün əsas platforma rolunu oynayır.
IV Şuşa Qlobal Media Forumunun beynəlxalq əhəmiyyətindən danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva Oxu24.com-a açıqlamasında qeyd edib ki, getdikcə daha çox qütbləşən dünyada sülhün möhkəmləndirilməsi üçün dialoq, həqiqət və məsuliyyətli jurnalistika həlledici əhəmiyyət daşıyır:
“Müasir informasiya mühitində dövlətlər yalnız ənənəvi diplomatik kanallarla kifayətlənə bilməzlər. Media forumları hökumətlərə, ekspertlərə və jurnalistlərə açıq fikir mübadiləsi aparmaq, yanlış təsəvvürləri aradan qaldırmaq və hadisələri birbaşa mənbədən təqdim etmək imkanı yaradır. Təbii ki, forumlar siyasi problemləri birbaşa həll etmir, lakin uzunmüddətli sabitlik üçün zəruri olan dialoq mühitini gücləndirir. Bu gün belə dialoq əvvəlkindən daha vacibdir. Dezinformasiyanın sürətlə yayıldığı və geosiyasi gərginliyin artdığı bir şəraitdə jurnalistlərin siyasi liderlərə birbaşa suallar verməsi, liderlərin isə mövqelərini vasitəçilər olmadan izah etməsi şəffaflığı artırır, etimadı möhkəmləndirir və beynəlxalq ictimaiyyətin daha dolğun məlumat əldə etməsinə imkan yaradır.
Bu baxımdan Şuşa Qlobal Forum bu gün artıq jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh quruculuğu kimi qlobal mövzuların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Hər il iştirakçıların coğrafiyası genişlənir və müzakirə olunan mövzuların əhatə dairəsi artır. Forum həmçinin Azərbaycanın açıq müzakirələr vasitəsilə dezinformasiyaya qarşı mübarizəyə və birbaşa ünsiyyətin təşviqinə verdiyi önəmin bariz göstəricisidir”.
Deputat diqqətə çatdırıb ki, 50-dən çox ölkədən media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirakı Forumun beynəlxalq nüfuzunun və etibarlılığının artdığını göstərir:
“Bu, Şuşanın artıq regional və qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir. Müxtəlif ölkələrdən olan iştirakçılar fərqli baxış və təcrübələri bir araya gətirməklə müzakirələrin keyfiyyətini daha da artırırlar.
Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat və kommunikasiya layihələri, eləcə də suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyi ilə bağlı fikirləri beynəlxalq diqqəti çox cəlb etdi. Bunlar təkcə regionumuz üçün deyil, beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından da aktual mövzulardır. Eyni zamanda, iqtisadi əməkdaşlığın davamlı sülhün əsaslarından biri kimi təqdim edilməsi də mühüm mesajdır.
Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir”.
P.Vəliyeva əlavə edib ki, çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu:
“Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi. O qeyd etdi ki, forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır.
Prezidentin çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki, son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verildi.
Məncə, builki Forumun əsas mesajı budur ki, həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir. Forum göstərdi ki, məsuliyyətli media yalnız hadisələri işıqlandırmır, eyni zamanda qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dezinformasiyanın qarşısının alınmasına və etimadın bərpasına mühüm töhfə verir. Bununla yanaşı, Forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviq olunduğu mühüm platformalardan birinə çevrildiyini bir daha nümayiş etdirdi”.
Milli Məclisin deputatı Səbinə Salmanova Oxu24.com-a açıqlamasında deyib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Şuşa Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir:
“Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir. Şuşa Qlobal Media Forumu, eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun, faktlara əsaslanan və birbaşa şəkildə çatdırılması baxımından mühüm platforma rolunu oynayır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, regionda yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi, nəqliyyat-kommunikasiya layihələri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər məhz bu forum vasitəsilə beynəlxalq media nümayəndələrinin diqqətinə çatdırılır. Xarici jurnalistlərin və ekspertlərin hadisələri yerində müşahidə etmələri, ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaları obyektiv informasiya mühitinin formalaşmasına xidmət edir”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli, məzmunlu və faktlara söykənən cavablar isə tədbirin əsas məqamlarından biri kimi yadda qaldı:
“Dövlətimizin başçısı təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm də regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi. Möhtərəm Prezidentimiz çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələləri geniş şəkildə şərh etdi. Ölkəmizin liderinin cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğulayıb:
“Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır. Ölkəmizin təşəbbüsləri heç vaxt qarşıdurmaya deyil, əməkdaşlığın genişlənməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edib. Bu siyasətin konkret təzahürlərindən biri Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırmasıdır. Bu qərar Azərbaycanın humanist və praqmatik yanaşmasının, regionda iqtisadi əlaqələrin genişlənməsinə verdiyi önəmin bariz nümunəsidir. Bundan başqa, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real töhfəni bir daha nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir”.
S.Salmanova vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub:
“Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu. Ölkə başçımız həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir”.
Deputat onu da söyləyib ki, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da verdi:
“Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Hazırda ölkəmiz boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir ki, bu da Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bütün bunlar bir daha təsdiqləyir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır. Bu gün ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır”.
Parlamentari sonda qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir:
“Məhz buna görə də Şuşa artıq təkcə tarixi və mədəniyyət şəhəri kimi deyil, beynəlxalq media diplomatiyasının, sivilizasiyalararası dialoqun və qlobal fikir mübadiləsinin mühüm mərkəzlərindən biri kimi tanınır. Bu cür beynəlxalq tədbirlər bir daha göstərir ki, Azərbaycan sabitliyi, təhlükəsizliyi, tolerant mühiti və praqmatik xarici siyasəti ilə seçilən ölkədir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” mövzusunda hazırlanıb.
Müəllif: Mehin Mehmanqızı
13:25 / 14 İyul 2026
14
13:21 / 14 İyul 2026
13
13:11 / 14 İyul 2026
32
13:08 / 14 İyul 2026
35
13:04 / 14 İyul 2026
31
12:48 / 14 İyul 2026
298
12:38 / 14 İyul 2026
100
12:25 / 14 İyul 2026
155
12:19 / 14 İyul 2026
67
12:16 / 14 İyul 2026
51
12:14 / 14 İyul 2026
60
12:11 / 14 İyul 2026
68
12:00 / 14 İyul 2026
57
11:54 / 14 İyul 2026
66
11:52 / 14 İyul 2026
62
11:51 / 14 İyul 2026
1064
11:38 / 14 İyul 2026
62
11:37 / 14 İyul 2026
113
11:27 / 14 İyul 2026
1099
11:25 / 14 İyul 2026
67
11:23 / 14 İyul 2026
65
11:20 / 14 İyul 2026
64
11:17 / 14 İyul 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.