Dizayner Vera Vongun arxasında təkcə moda imperiyası deyil, həm də idman sahəsində inanılmaz bir karyera dayanır.
Publika.az bu yazıda oxucuları bu yaxınlarda inanılmaz bədən quruluşu ilə hər kəsi təəccübləndirən 70 yaşlı modelyer Vera Vonqun uğur hekayəsi ilə tanış edib.
Gənclikdə fiqurlu konkisürmə ilə məşğul olan Vera parıltılı moda jurnalları və podiumlar dünyasını necə fəth etdi?
Dizayner Vera Vonq karantin günlərində İnstaqramda ən çox danışılan ulduzlardan biri oldu. Buna səbəb onun İnstaqramda olduqca cəsarətli fotolarını paylaşması idi. 70 yaşlı dizayner mükəmməl bədən quruluşu ilə hər kəsi sözün əsl mənasında şoka salmışdı. Pərəstişkarlarının çoxsaylı təriflərini eşidən modelyer cavanlıq sirrini izləyiciləri ilə paylaşmağa xəsislik göstərmədi. O, hesab edir ki, sevdiyin işlə məşğul olmaq, araqlı kokteyllər, möhkəm yuxu və daha az günəş dərinin gəncliyini və elastikliyini qorumağa kifayət edir. Əlbəttə ki, öz üzərində işləmədən buna nail olmaq mümkün olmazdı.
İndi çoxları Veranı qüsursuz və romantik gəlinliklərin zamini kimi tanısa da, onun şöhrətə gedən yolu əslində dəb dünyasından deyil, idmandan başlayıb. Kiçik yaşlarından etibarən fiqurlu konkisürmə ilə peşəkar şəkildə məşğul olub, daha sonra moda jurnalistikasın ilə maraqlanmağa başlayıb ki, bu da onu istənilən gəlinin xəyallarını reallığına çevirən toy dəbinin əsl inhisarçına çevirib. Gəlin bu zəhmətkeş qadının moda dünyasında qopardığı fırtına və heyrətamiz hekayəsi ilə yaxından tanış olaq...
Yüksək cəmiyyətin ərköyün qızı
Vera Vonq Nyu Yorkda 40-cı illərdə vətənini tərk edən Çinli mühacirlərin ailəsində anadan olub. Anası Florense Vu BMT-də tərcüməçi işləyib, atası Van Çençin Çin tibb şirkətinin direktoru idi. Veranın uşaqlığının maddi baxımdan hər şeylə təmin olunduğunu demək olar: o, Manhettenin Yuxarı Şərq tərəfində böyüyüb, valideynləri onun ən nüfuzlu məktəblərdə təhsil alması üçün hər cür şərait və imkan yaratmışdı. Vonq bir müddət Parisdə Sorbonnada təhsil alıb, lakin sənət tarixində bir dərəcə qazanmaq üçün yenidən ABŞ-a qayıdıb.
Hər şeyin təməli uşaq ikən qoyulur: xarakter, vərdişlər və bir çoxlarına görə sağlam və qocalana qədər bədənin tonusda qalması. Uşaq nə qədər tez idman oynamağa başlayırsa, bir o qədər yaxşıdır. Vera Vonq bu nəzəriyyəni öz timsalında tamamilə təsdiqləyir. Axı o, moda həftələrində deyil, Olimpiyadada parlaya bilərdi. Uşaq ikən idman karyerasında inanılmaz uğurlar fəth etmişdi, altı yaşından etibarən qızcığaz peşəkar şəkildə konkisürmə ilə məşğul idi. O, heç vaxt Olimpiya ambisiyalarını reallaşdırmasa da, dövrünün tanınmış fiquristlərindən biri idi. Vera və tərəf müqabili Ceyms Stüart 1968-ci il ABŞ Milli Çempionatında yeniyetmələr yarışlarında beşinci olmuşdu. Cütlüyün hədəfi Olimpiyadaya getmək idi, ancaq onlar milli komandaya qəbul edilmir. Vera üçün bu nəticə qənaətbəxş deyildi, odur ki, qız peşəkar idman karyerasını bitirmək qərarına gəlir. Əlbətdə onun üçün ölümcül bir qərar idi, həyatı 180 dərəcə dəyişmişdi.
“Ayrılmaq olduqca çətin, lakin zəruri idi. Məncə, həyatda hər şey maddi nəticələrlə ölçülmür. Yekunda qazanılan bilik və təcrübə ilə yanaşı, proses əhəmiyyət kəsb edir. Seçim etməkdən və yeni bir şey sınamaqdan qorxmayın” , - risk etməkdən qorxmayan modelyer tövsiyə edir.
Dəbdə ilk addımlar
70-ci illərdə karyerası kəskin şəkildə dəyişdi – 23 yaşlı qız Amerikanın “Vogue” dəb junralında işləməyə dəvət edildi. O dövrdə nəşr tarixində ən gənc fəşn-redaktoru idi. Burada onu çox sürətli karyera yüksəlişini gözləyirdi. Veranın dəb dünyasından xəbərsiz olduğunu demək olmazdı, anası olduqca dünyəvi bir həyat sürür, tez-tez şoularda iştirak edir və qızını da daima özüylə aparırdı. Bu illər ərzində tanınmış dizaynerlərlə şəxsi tanışlıq qazanmaq imkanı əldə edən Vera dəb sahəsində öz biliklərini inkişaf etdirmişdi. Onlardan bütün detalları öyrənmək üçün olduqca məmnun idi: istehsalın və cədvəllərin necə qurulması və s.
17 illik dəb redaktorluğu ərzində Vera ən qaynar tendensiyalar haqqında yazmaq və dizaynda yeni adlar kəşf etməklə məşğul idi. 1987-ci ildə o, qərara gəlir ki, dəb dünyası ilə əlaqələrini daha möhkəm tellərlə bağlasın. Özünü dizayner kimi sınamağa qərar verən ulduz bu sahədə də biliklərini doğrultmağı bacarır. O, iki il əməkdaşlıq etdiyi “Ralph Lauren” moda evində dizayn direktoru təyin edilir və bu müddət ərzində 13 aksesuar kolleksiyasını hazırlayır.
Axtardığını tapa bilmirsən, özün yarat
İllər sürətlə ötür, Vera isə moda sahəsində ən güclü ekspert kimi yerini çoxdan bərkitmişdi. Artıq öz markasını yaratmaq vaxtı yetişmişdi. Vera tələsməsə də, həyat özü onu öz markasını qurmağa sövq edirdi. Daha dəqiq desək, qəfildən qarşılaşdığı problemlər və şəxsi ehtiyacları. 1989-cu ildə Veranın sevgilisi Artur Bekkerlə evlənməyə hazırlaşırdı. Hər gəlin kimi, o da xəyal etdiyi mükəmməl gəlinlik paltarını butiklərdə tapa bilmirdi. Bundan əlavə, mağazalarda daha yetkin qadınlar üçün çeşidlər tapmaq mümkün deyildi, yeri gəlmişkən, Veranın onda 40 yaşı var idi. O, yorulub əldən düşənə qədər ən tanınmış gəlinlik butiklərini gəzmiş, amma həddən artıq qabarıq, qat-qatlı və işləməli fasonlardan savayı gözünə heç nə dəyməmişdi. Bütün gəlinliklər gənc qızlar üçün nəzərdə tutulmuşdu. Sözsüz ki, moda ekspertini razı salmaq asan görünən iş deyildi. Gələcəyin parlaq moda şahzadəsi hesab edirdi ki, mağazalardakı bütün gəlinliklər zəriflikdən və seksuallıqdan çox uzaqdır, ya da yaşına uyğun deyil. Bu məqamda Veranın gəlinlik eskizini özünün çəkməsindən başqa variantı qalmamışdı. Eskizini çəkdiyi zərif gəlinliyi tikdirməksə ona 10.000 dollara başa gəlmişdi. Odur ki, gəlinlik geyimləri markasının yaradılış tarixinin dizaynerin şəxsi həyatı ilə bağlı olduğunu demək olar. Bu toy sərgüzəştləri bir neçə il sonra Veranı öz biznesi barədə düşünməyə vadar edir.
Gecikmiş məhəbbət
Modelyerin toyu 1989-cu ildə baş tutsa da, onların tanışlığı daha əvvələ söykənirdi. Vera onu gəlinlik markasını qurmağa ilhamlandıran gələcək əri Artur Bekkerlə 1980-ci ildə tanış olmuşdu. Artur Vera ilə eyni yaşda idi və o zaman atasının “Bear Stearns Co. Inc” şirkətində satış məsləhətçisi çalışırdı. Cütlük “Forrest Hills”dəki tennis matçında tanış olmuşdu. Ancaq görünür ki, həmin gün aralarında məhəbbət qığılcmları alovlanmamışdı. Vera ilə Artur yalnız 1987-ci ildən görüşməyə başlamışdı, bundan əvvəl ikisi də münasibət qurmağa vaxt tapmırdı, hər ikisinin başı karyerasına yaman qarışmışdı.
“Heç vaxt evlənməyəcəyimi düşünən qadınlardan idim. Bütün ömrüm boyu modaya bağlı bir rahibə olmağa hazırlaşırdım. Dəb sənayesi ilə yaşayan və onunla nəfəs alan qadınlar var. Ancaq Ralf Loren bir dəfə dedi ki, özünə ər tap və ailə qur. Anna Vintur da onunla eyni fikirdə idi, “Ailəyə ehtiyacın var. Üç on ildir ki, təksən” deyirdi. Beləliklə, Arturla evləndim. Elə günlər var ki, bundan məmnun deyiləm, amma xoş günlər də var. Məsələn, o, mənim təbiətimi həmişə başa düşür və qəbul edirdi”.
Toydan sonra Vera Ralf Lorenlə əməkdaşlığı dayandırır, amma buna səbəb şəxsi biznesi yaratmaq ideyası deyildi. Ana ola bilməyən Vera bütün vaxtını xəstəxanalarda keçirir, çoxsaylı müalicələr alır və qan analizləri verirdi... Təəssüf ki, onu məyusedici diaqnoz gözləyirdi. O, cür hamilə qala bilmirdi. Vonq bu dövrü psixoloji cəhətdən çətin keçirirdi, karyera arzu və planlarını bir kənara qoymuşdu.
Bir neçə il əvvəl şəxsi biznesini yaratmaq üçün maddi dəstək göstərməkdən imtina edən atası qızının dadına yetişir. Başlanğıcda qızına dəstək vermək istəməyən iş adamı bu dəfə Veranın toy seqmenti ilə məşğul olmasını israr edən əsas adam idi. Bir müddət düşündükdən sonra Vonq bu sahənin perspektivli olduğu fikri ilə razılaşır.
O, atasının maliyyə dəstəyi ilə “Vonq” Nyu Yorkun Madison prospektindəki nüfuzlu “Carlyle” otelində öz toy butikini açır. 1990-cı ildə onun “Vera Wang Bridal House LTD” biznesi fəaliyyətə başlayır. Bütün qorxulara baxmayaraq, işlər yaxşı gedirdi. Əvvəlcə məşhurlar və elit təbəqə üçün nəzərdə tutulan salonda “Guy Laroche”, “Arnold Scaasi”, “Carolina Herrera” və “Christian Dior” kimi məşhur markaların kuturye geyimləri təqdim edilirdi. Sonrakı bir neçə il ərzində Vonq moda dizayneri kimi yüksək bacarıqlarını sərgiləyir və nəfis toy geyimi kolleksiyasını buraxır. Onu bütün dünyaya sevdirən yersiz dəbdəbədən uzaq, olduqca sadə firma üslubu idi.
Bu müddət ərzində Vera Avril Lavin, Viktoria Bekhem, Şeron Stone, Hilari Daff, Holli Hanter, Cennifer Lopez, İvanka Tramp və Alisa Keys və s. məşhur gəlinlər üçün gəlinliklər hazırlayıb.
Peşəkar uğurundan qısa müddət sonra Vera analıq sevincini də hiss edə bilir - 1991-ci ildə Sesil adlı bir yaşlı qız uşağını övladlığa götürdülər və bir neçə il sonra daha bir qızcığaza sahib çıxırlar.
Вера Вонг с дочерьми
1997-ci ilə Vong dövrünün parlaq ulduzlarından biri idi. Qırmızı xalı məraismlərini Veraya öz libaslarını sərgiləmək üçün təşkil olunmuş qeyri-rəsmi podiumlar adlandırmaq olardı. Prezident Bill Klintonun andiçmə gecəsində, Qızıl Qlobusun və Oskarın təqdimolunması kimi yüksək səviyyəli tədbirlərdə iştirak edən məşhurlar kütləvi şəkildə ona müraciət edirdi.
İdman nisgilini ürəyindən silib ata bilməyən Vera Mişel Kvan, Nansi Kerrigan və Evan Laysaçek kimi skeytbeylər üçün böyük məmnuniyyətlə idman kostyumları hazırlayırdı. Bundan əlavə, dizayner Filadelfiya İqlz komandasının azarkeşləri üçün forma təqdim etmişdi.
2005-ci ildə o, Amerikanın Moda Dizaynerləri Şurasının mükafatına layiq görülüb, 2009-cu ildə idmandakı uğurları qeyd edildi - Vong sürətli konkisürmə modasına verdiyi töhfəyə görə mükafat alıb.
Nyu Yorkdakı bir toy butikindən başlayan biznes bu gün təxminən 80 milyon dollar dəyərində qiymətləndirilir. Vera qısa müddət ərzində çox böyük bir yol qət etdi. Hətta pop mədəniyyətinin bir hissəsi oldu - onun adı bir çox televiziya şoularında və filmlərdə toy moda əsas sinonimi olaraq xatırlandı. Məsələn, “Böyük şəhərdə seks”, “Çirkin qız” seriallarında, “Qərb qanadı”, “Gəlinlərin müharibəsi” filmlərində.
Ancaq Vera o qədər enerjiyə sahibdir ki, qazandığı uğurlarla yetinmək istəmir. “Müvəffəqiyyət son nəticədə deyil, yol boyunca öyrəndiklərinizdir. Yeganə bacarmadğım şey işsiz-güzcüz, boş oturmaqdır” , - deyə Vera müsahibələrinin birində qeyd edib. Deyəsən, bu, həqiqətən hər il daha yaxşı görünməyə və 70 yaşında gənc qızlara, xüsusilə həmkarlarına meydan oxumağa kömək edən əsas mantradır.
Bu gün bir dizayner markasının reklam ehtiyacı yoxdur və uğuru sübut tələb etmir. Hər şey aydın və həqiqətdir. 2013-cü ildə moda sahəsinə verdiyi töhfələrə görə, o, CFDA mükafatını alıb, 2018-ci ildə “Forbes” sıralamasında 34-cü olub: sərvəti 630 milyon dollar dəyərində qiymətləndirildi. Vonqun biznesi uzun müddətdir ki, toy geyimləri ilə məhdudlaşmır - parfümlər, aksesuarlar, ayaqqabı, məişət əşyaları, ulduzlar tərəfindən asanlıqla geyilən axşam paltarları, “Vera” demokratik brendi və s.
Veranın uğursuzluqları sadəcə şəxsi həyatı ilə bağlıdır. O, Arturdan 2012-ci ildə qarşılıqlı razılaşma ilə ayrılsa da, dostluq münasibətlərini qoruyub saxlayırlar.
Oxu24.com
ŞƏRHLƏR