Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22317
az

Azərbaycanlı tanınmış professor vəfat etdi - FOTO + SON DƏQİQƏ !

15:2908 Yanvar, 2020
1116
SON DƏQİQƏ
  • A

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev 84 yaşında vəfat edib.

AMEA-dan  Oxu24.com-a  verilən məlumata görə, Vəli Əliyev 20 iyul 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub.

1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirərək AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayan Vəli Əliyev 1960-cı ildə kiçik elmi işçi, 1962-ci ildə aspirant, 1971-ci ildə baş elmi işçi vəzifəsində çalışıb.

1966-ci ildə V.Əliyev "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1959-1964-cü illərdə Naxçıvan arxeoloji ekspedisiyasının daimi üzvü olmuş, 1966-cı ildə Qazax arxeoloji ekspedsiyasına rəhbərlik etmişdir. Bununla yanaşı 1961-1967-ci illərdə Xoşbulaq, Fizuli, Abşeron arxeoloji ekspedisiyalarında fəal iştirak etmişdir. 1968-ci ildə Araz arxeoloji ekspedisiyasının rəis müavini vəzifəsində çalışmışdır. 1971-ci ildən başlayaraq Naxçıvan arxeoloji ekspedisiyasına rəhbərlik edib.

1984-cü ildə "Azərbaycanın Orta Tunc dövrü mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1990-cı ildən isə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri olmuşdu. 1994-cü ildə professor elmi adını alıb.

1994-cü ildə Vəli Əliyev professor elmi adını alıb.

O, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışıb.

2003-cü ildə V.Əliyev AMEA-nın müxbir üzvü seçilib.

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən, 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, "Qədim Naxçıvan”, "Ağsunun tarixi səhifələri”, "Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. "Gəmiqaya”, "Naxçıvanın Qədim qala şəhərləri”, "Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıb.

Vəli Əliyev Arxeologiya və Etnoqrafiya İnstitutunun "Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur. O, Naxçıvan arxeoloji ekspedisiyasına rəhbərlik edərək, bu ərazidə qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparıb.

Vəli Əliyev Azərbaycanın eramızdan əvvəl II-I minillikləri əhatə edən qədim şəhər mədəniyyəti, ilk tunc dövrü Kür-Araz mədəniyyəti, orta tunc dövrü Boyalı qablar mədəniyyəti, son tunc və ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti, Cənubi Azərbaycanın tunc dövrü mədəniyyətləri, qayaüstü təsvirlər və erkən piktoqrafik yazı mədəniyyəti, qədim tayfa ittifaqlarının dövlət qurumlarının təkamülü, Azərbaycan xalqının ilkin etnik formalaşması-etnogenezi və s. mühüm problem məsələlər üzrə geniş planda elmi-tədqiqat işləri aparıb. Vəli Əliyevin 1960-1980-ci illərdə apardığı gərgin və səmərəli arxeoloji tədqiqatlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib.

Vəli Əliyevin Naxçıvan ərazisində eneolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrü abidələrində apardığı tədqiqatlar nəticəsində əldə etdiyi elmi nailiyyətlər Azərbaycan, Qafqaz və Yaxın Şərq ölkələri arxeologiyasının öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Vəli Əliyev Naxçıvan çayı vadisindəki Kültəpə adlı yaşayış yerlərində, Şərurda Ovçular təpəsi, Sədərək, Xələc, Maxta, Daşarx və b. eneolit-tunc dövrü abidələrində apardığı arxeoloji tədqiqatlarda əldə etdiyi faktiki materiallara əsaslanaraq Azərbaycanda, bütövlükdə Qafqazda, Ön Asiyada – Anadoluda, Suriyada və Fələstində e.ə. IV-III minilliklərdə geniş yayılmış Kür-Araz mədəniyyətinin qədim Naxçıvanda, Qarabağda və Urmuda yerli oturaq əkinçi-maldar tayfaların eneolit mədəniyyəti əsasında təkamül tapdığını müəyyən edib.

Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı olub, onun ən dəyərli elmi nailiyyətidir. O, Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına – erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut edib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500–3700 m. yüksəklikdə qədim Boyalı Qablar mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq edib.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanıb.

İctimai fəaliyyəti ilə tanınan Vəli Əliyev Azərbaycan Ağsaqqallar şurasının və "Pakistan və Mərkəzi Asiya elmi Asosiasiyasının” üzvü olub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bildirir ki, şərəfli ömür yolu keçmiş Vəli Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim həyatını elmə həsr etmiş böyük alim, həmkarlarına və tələbələrinə qayğıkeşliyi ilə seçilən müəllim kimi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir
Rubl bahalaşdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi