Qaynar xətt:

(+99450) 247 90 86

Pərvanə Vəliyeva: İndi əsas vəzifə Azərbaycan–Kamboca əlaqələrini konkret layihələrə çevirməkdir

Pərvanə Vəliyeva: İndi əsas vəzifə Azərbaycan–Kamboca əlaqələrini konkret layihələrə çevirməkdir

SİYASƏT

73

14.10.2026, 14:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan–Kamboca münasibətlərində qarşıdakı dövr üçün ən böyük potensial məhz iqtisadi əməkdaşlıqla bağlıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə konkret mexanizmin formalaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumlarının əsas məqsədlərindən biri qarşılıqlı imkanların, investisiya prioritetlərinin və əməkdaşlıq istiqamətlərinin daha yaxşı öyrənilməsidir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil əməkdaşlığının genişləndirilməsi də iki ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir. 

Bu sözləri Milli Məclisin deputat Pərvanə Vəliyeva Oxu24.com-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın son illərdə formalaşdırdığı innovativ dövlət idarəçiliyi təcrübəsi də ikitərəfli əməkdaşlığın yeni istiqamətlərindən biridir. Xüsusilə “ASAN xidmət” modeli Kambocanın maraq göstərdiyi sahələrdən biridir. “ASAN xidmət” sisteminin səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində yüksək müsbət qiymətləndirmə qazanmış model kimi digər ölkələrdə də maraq doğurması Azərbaycanın institusional təcrübəsinin beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir. Azərbaycan–Kamboca münasibətlərinin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi siyasi dialoqun inkişafına əlavə imkan yaradır. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında (AİPA) müşahidəçi statusu əldə edib. Bu, Azərbaycanın Cənub-Şərqi Asiyaya və bütövlükdə Asiya məkanına artan marağının göstəricilərindən biridir. 

P.Vəliyeva bildirib ki, bu əməkdaşlıq Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və parlament diplomatiyası müstəvisində genişləndirməsinə imkan verir.İki ölkə arasında əməkdaşlığın xüsusi istiqamətlərindən biri mina təhlükəsi ilə mübarizədir. Həm Azərbaycan, həm də Kamboca mina probleminin ağır nəticələrindən əziyyət çəkmiş ölkələrdir. Buna görə də təcrübə və bilik mübadiləsi, mütəxəssislərin hazırlanması və praktiki təlimlərin keçirilməsi bu sahədə mühüm əməkdaşlıq imkanları yaradır.Azərbaycan və Kambocanı yaxınlaşdıran digər mühüm məqam sülh və təhlükəsizliyə yanaşmadır. Hər iki ölkə sülhü və təhlükəsizliyi davamlı inkişafın əsas şərtlərindən biri hesab edir. Bu yanaşmanın təməlində beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət dayanır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının icrası ölkənin postmünaqişə inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Artıq həmin ərazilərdə insanların yaşaması və çalışması bu prosesin praktik nəticələrinin formalaşdığını göstərir.Bu təcrübə də Azərbaycanla Kamboca arasında qarşılıqlı maraq doğuran mövzulardan biri ola bilər.Azərbaycan–Kamboca münasibətləri bu gün yeni mərhələyə qədəm qoyur.

Millət vəkili əlavə edib ki, mövcud siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin möhkəm təməlini formalaşdırır. Qarşıdakı mərhələdə isə əsas məsələ bu siyasi əlaqələri ticarətə, investisiyaya, təhsilə, turizmə, nəqliyyata, rəqəmsal transformasiyaya və humanitar əməkdaşlığa çevirməkdir.Əslində, Azərbaycan və Kamboca arasında məsafə böyük olsa da, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, münasibətlərin inkişafı üçün imkanlar çoxdur. İndi əsas vəzifə bu imkanları konkret layihələrə və nəticələrə çevirməkdir.Azərbaycan–Kamboca münasibətlərinin gələcəyi yalnız diplomatik əlaqələrin inkişafında deyil, iki ölkənin xalqlarını və iqtisadiyyatlarını daha sıx birləşdirən real əməkdaşlıq körpülərinin qurulmasındadır.