Azərbaycan sizin əyalətiniz deyil! - Ankaraya SƏRT MESAJ
14 Oktyabr 2026, 14:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
210
14.10.2026, 13:54
Sərhədi keçərək Ermənistanın Sünik (Qərbi Zəngəzur bölgəsi - red.) vilayətinin Şəki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı yeni məlumatlar yayılıb. Ermənistan mətbuatının iddiasına görə, Musayev dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. Hadisənin necə baş verməsi ilə bağlı tərəflərin açıqlamaları isə bir-birindən fərqlənir.
Oxu24.com xəbər verir ki, Nəsimi Musayev ifadəsində ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahdan möhkəm yapışdığını və bu səbəbdən atəş açmağa məcbur qaldığını deyib. Hərbçi, həmçinin hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla zərbələr endirdiyini və onu döydüyünü iddia edib.
Hadisə ilə bağlı digər versiyanı isə yaralanan Ani Avetisyan səsləndirib. O, mediaya açıqlamasında Azərbaycan hərbçisinin evə daxil olarkən uşaqlarını silahla hədələdiyini iddia edib. Avetisyanın sözlərinə görə, Musayev üç dəfə atəş açmağa cəhd edib. Qadın ilk cəhddə atəşin açılmadığını, daha sonra hərbçinin oğluna tuşlandığını, silahı almağa çalışarkən isə yaralandığını bildirib. Onun iddiasına görə, hadisə zamanı Musayev qadının ayağına da atəş açıb. Avetisyan, həmçinin hərbçinin sursatının bitdiyini və silahını yenidən doldurmağa çalışdığını iddia edib. Qadının versiyasına əsasən, ona müqavimət göstərilməsəydi, Musayev ailənin digər üzvlərinə də atəş aça bilərdi.
Tərəflərin bir-birinə zidd açıqlamaları hadisənin bütün təfərrüatlarının müstəqil şəkildə araşdırılmasını zəruri edir. Bəs Azərbaycan hərbçisinin adından yayılan ifadə nə dərəcədə mötəbər sayıla bilər? Bu ifadə onun hüquqi vəziyyətinə təsir göstərə bilərmi? Ermənistanın aparacağı istintaqın obyektivliyini təmin etmək üçün hansı addımlar atılmalıdır və Nəsimi Musayevi hansı hüquqi nəticələr gözləyə bilər?
Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, hadisənin mahiyyəti və hərbçinin hərəkətlərinin hansı şəraitdə baş verdiyi aydınlaşdırılmadan onun məsuliyyəti barədə qəti fikir söyləmək mümkün deyil.
Ekspertə görə, hazırda yayılan məlumatlar əsasında yekun hüquqi nəticəyə gəlmək düzgün olmaz: “İndiki mərhələdə heç kim qəti fikir söyləyə bilməz. Əvvəlcə şəxsin törətdiyi iddia olunan əməlin xarakteri, hadisənin hansı şəraitdə baş verdiyi və onun bu addımı hansı səbəbdən atdığı aydınlaşdırılmalıdır. Bunlar müəyyən edilmədən məsuliyyət məsələsi ilə bağlı yekun rəyə gəlmək olmaz”.
Ə.Allahverdiyev hesab edir ki, araşdırma zamanı yalnız Ermənistan tərəfinin təqdim etdiyi məlumatlarla kifayətlənmək düzgün olmaz: “Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi bir vaxtda tərəflərin hadisənin obyektiv araşdırılması üçün zəruri məlumatları əldə etməsi vacibdir. Əgər hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması gündəmə gələcəksə, bu zaman təkcə Ermənistanın təqdim etdiyi məlumatlar deyil, Azərbaycanın əldə edə biləcəyi faktlar da nəzərə alınmalıdır. Azərbaycan tərəfi də hadisə ilə bağlı zəruri məlumatları əldə etməlidir. Hüquq-mühafizə orqanlarının əlində konkret dəlillər və sübutlar olmalıdır. Qərar məhz həmin sübutlar əsasında verilməlidir”, – ekspert vurğulayıb.
Nəsimi Musayevin hadisə zamanı Ermənistan ərazisinə hansı şəraitdə keçməsi də hüquqi qiymətləndirmə baxımından əhəmiyyətli məqamlardan biridir. Əlövsət Allahverdiyevin fikrincə, hərbçinin sərhədi bilmədən keçməsi ilə bunu bilərəkdən etməsi arasında ciddi fərq var. Ekspert qeyd edib ki, əgər hərbçi əraziyə bilmədən keçibsə, sonradan yaranmış vəziyyətin təsiri altında hərəkət edibsə və hadisənin digər təfərrüatları da bunu təsdiqləyirsə, həmin hallar onun məsuliyyətinin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər.
“Əgər o, əraziyə bilmədən keçibsə, bu, məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. Ancaq bilərəkdən keçibsə, məsələ daha mürəkkəb xarakter alır. Bu halda onun hansı səbəbdən həmin əraziyə getdiyi, məqsədinin nə olduğu və baş verən hadisələrin hansı şəraitdə inkişaf etdiyi araşdırılmalıdır”, – hüquqşünas bildirib.
Ekspert mətbuatda Nəsimi Musayevin hadisə baş verməzdən əvvəl erməni qadın tərəfindən göndərildiyi iddia olunan məkan məlumatı ilə bağlı xəbərlərin də yayıldığını xatırladıb. Onun sözlərinə görə, bu məlumat təsdiqlənərsə, hadisənin səbəblərinin araşdırılması baxımından əhəmiyyət daşıya bilər. Bununla belə, həmin iddianın həqiqətə uyğun olub-olmadığı müəyyənləşdirilmədən hərbçinin hərəkətlərinə hüquqi qiymət vermək mümkün deyil.
Ə.Allahverdiyev daha sonra vurğulayıb ki, hərbçinin sərhədi bilərəkdən keçməsi və qanunvericiliyin tələblərini pozması təsdiqlənərsə, bu hal onun məsuliyyəti məsələsini gündəmə gətirə bilər. Ermənistan mətbuatında Azərbaycan hərbçisinin adından yayılan ifadənin onun hüquqi vəziyyətinə necə təsir göstərəcəyi də açıq qalan suallardandır. Ekspert hesab edir ki, burada əsas məsələ ifadənin həqiqiliyi, səmimiliyi və digər sübutlarla nə dərəcədə uzlaşmasıdır. “Onun verdiyi ifadənin özünə hansı dərəcədə kömək edə biləcəyini müəyyənləşdirmək üçün əvvəlcə həmin ifadənin nə dərəcədə doğru olduğunu araşdırmaq lazımdır. İfadə həqiqəti əks etdirirsə və digər sübutlarla təsdiqlənirsə, hüquqi qiymətləndirmə zamanı nəzərə alına bilər. Ancaq yalnız mətbuatda yayılan məlumatlara əsaslanaraq onun məsuliyyəti barədə nəticə çıxarmaq olmaz”, – Ə.Allahverdiyev bildirib.
Ekspertin yanaşmasına görə, hərbçinin özünü müdafiə etmək üçün hansı şəraitdə hərəkət etdiyinin, real təhlükə ilə üzləşib-üzləşmədiyinin və atəş açmaq üçün əsaslarının olub-olmadığının müəyyənləşdirilməsi vacibdir: “Bu məqamlar hadisəyə hüquqi qiymət verilərkən əhəmiyyət daşıya bilər”.
Əlövsət Allahverdiyev hesab edir ki, hazırkı mərhələdə rəsmi Bakının əsas diqqəti istintaqın obyektiv və şəffaf aparılmasına yönəlməlidir. Onun fikrincə, araşdırmanın nəticələrinə etimadın təmin edilməsi üçün prosesə neytral beynəlxalq tərəfin cəlb olunması da müzakirə edilə bilər:
“Bakının ilkin tələbi istintaqın obyektiv aparılması ola bilər. Azərbaycan prosesdə birbaşa iştirak etməsə belə, neytral üçüncü tərəfin araşdırmaya cəlb olunması üçün şərait yaradılması vacibdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin və ya digər beynəlxalq təşkilatların təmsilçilərinin prosesdə iştirak etməsi obyektivliyin təmin olunmasına kömək edə bilər”.
Onun sözlərinə görə, hadisənin bütün təfərrüatları aydınlaşmadan daha sərt hüquqi nəticələr və ya konkret cəza barədə danışmaq tezdir. İlk növbədə faktlar müəyyənləşdirilməli, tərəflərin iddiaları yoxlanılmalı və sübutlar əsasında qərar qəbul edilməlidir.Musavat.com
14:45 / 14 Oktyabr 2026
6
14:45 / 14 Oktyabr 2026
8
14:40 / 14 Oktyabr 2026
25
14:29 / 14 Oktyabr 2026
54
14:24 / 14 Oktyabr 2026
38
14:19 / 14 Oktyabr 2026
52
14:15 / 14 Oktyabr 2026
48
14:06 / 14 Oktyabr 2026
52
13:44 / 14 Oktyabr 2026
123
13:32 / 14 Oktyabr 2026
82
13:22 / 14 Oktyabr 2026
88
13:17 / 14 Oktyabr 2026
72
13:14 / 14 Oktyabr 2026
279
13:07 / 14 Oktyabr 2026
66
13:03 / 14 Oktyabr 2026
75
13:01 / 14 Oktyabr 2026
292
12:58 / 14 Oktyabr 2026
99
12:55 / 14 Oktyabr 2026
131
12:47 / 14 Oktyabr 2026
87
12:42 / 14 Oktyabr 2026
73
12:31 / 14 Oktyabr 2026
69
12:21 / 14 Oktyabr 2026
3063
12:13 / 14 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.