Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə qorunur

Azərbaycanda vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə qorunur

CƏMİYYƏT

53

14.10.2026, 14:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycanın təhsil siyasətində dünyəvilik, millilik və ümumbəşəri dəyərlərə hörmət əsas prinsiplərdir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında vurğuladığı kimi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir”.

 Oxu24.com  bildirir ki,  bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputat vurğulayıb ki, dövlət başçısı bu istiqamətdə təhsilin və vətənpərvərliyin rolunu xüsusi qeyd edərək cəmiyyətin zərərli ideoloji təsirlərdən qorunmasında bilikli, savadlı nəslin yetişdirilməsinin əhəmiyyətinə diqqət çəkib:

“Məhz bu baxımdan məktəblərdə vahid geyim tələblərinin tətbiqi təhsil mühitində ümumi qaydaların və məsuliyyət hissinin formalaşmasına xidmət edir. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almağa, diqqətin tədris prosesinə yönəlməsinə kömək edir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli və 6 oktyabr 2026-cı il tarixli qərarları ilə şagird və təhsilverənlərin geyiminə dair tələblərin hüquqi çərçivəsi müəyyənləşdirilib. Müvafiq qaydalar geyimin səliqəli, təhsil mühitinə uyğun olmasını, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə riayət edilməsini nəzərdə tutur. Eyni zamanda, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə pedaqoji şuranın qərarı əsasında milli geyimlərdən və onların elementlərindən istifadə imkanları saxlanılır. Bu məsələyə yanaşarkən Azərbaycanın dünyəvi dövlət olması ilə dini etiqad azadlığının təmin edilməsi arasındakı tarazlıq da nəzərə alınmalıdır. Azərbaycanda vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə qorunur. Bununla yanaşı, məktəblərdə geyim qaydalarının tətbiqi konkret hüquqi normalara əsaslanır. “Uşaq hüquqları haqqında” Qanun da valideynlərin uşaqlarını dini əqidələrinə uyğun tərbiyə etmək hüququnu tanımaqla yanaşı, uşaqların dinə etiqad etməyə məcbur edilməsini qadağan edir. Bu müddəalar uşaqların hüquqlarının qorunmasının və onların sağlam, azad dünyagörüşü ilə yetişməsinin əhəmiyyətini göstərir. Məktəb və ailə arasında qarşılıqlı anlaşma, maarifləndirmə və qanunvericiliyin düzgün izahı bu prosesdə mühüm rol oynayır”.

Nigar Məmmədova diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 2389 məscid mövcuddur və həmin məscidlərdə eyni vaxtda təxminən 600 min nəfər ibadət edə bilər:

“2020–2025-ci illərdə dövlət dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə müxtəlif bölgələrdə məscidlərdə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Milli-mənəvi dəyərlərə hörmət, dini etiqad azadlığı və dünyəvi təhsil prinsipləri bir-birinə qarşı qoyulmamalı, cəmiyyətin birliyinə və gələcək nəslin sağlam formalaşmasına xidmət edən ümumi dəyərlər kimi təqdim edilməlidir. Milli dəyərlərimiz, Azərbaycan ailə modeli, milli təəssübkeşlik və vətənpərvərlik cəmiyyətimizin mənəvi dayaqlarıdır. Sekulyarlıqla milli-mənəvi dəyərlər bir-birinə zidd anlayışlar deyil. Əksinə, sağlam ailə münasibətlərinin, qarşılıqlı hörmətin, tolerantlığın və milli həmrəyliyin qorunması üçün hər ikisi mühüm əhəmiyyət daşıyır. Bu məsələdə erkən və məcburi nikahların yaratdığı fəsadlara xüsusi diqqət yetirilməlidir. İran, Əfqanıstan və bəzi ərəb ölkələrində qız uşaqlarının erkən yaşda nikaha cəlb olunması ilə bağlı nümunələr insan hüquqları, təhsil imkanları, sağlamlıq və gələcək həyat perspektivləri baxımından ciddi müzakirə tələb edir. Belə halların qızların uşaqlıqdan məhrum edilməsinə, təhsildən yayınmasına və ağır sosial problemlərlə üzləşməsinə səbəb olduğu unudulmamalıdır”.

Deputat qeyd edib ki, Türkiyədən ölkəmizə qarşı qərəzli ittihamlar təəssüf doğurur:

“Yeni Azərbaycan Partiyasının bəyanatında da qeyd olunduğu kimi, İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır. Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmağa yönələn əsassız iddialar yolverilməzdir, qarşılıqlı etimadın qorunması həm ictimaiyyətin, həm də medianın məsuliyyətidir. Bu gün əsas vəzifə cəmiyyətdə süni qarşıdurma yaratmaq deyil, qanunu, milli birliyi və uşaqların gələcəyini qorumaq olmalıdır”.