Qaynar xətt:

(+99450) 247 90 86

Prezident beynəlxalq tribunadan onların adını çəkdi  — Politoloq pərdəarxası məqamları AÇIQLADI

Prezident beynəlxalq tribunadan onların adını çəkdi  — Politoloq pərdəarxası məqamları AÇIQLADI

SİYASƏT

403

02.09.2026, 12:22

İlham Əliyev BMT-nin 1993-cü il qətnamələrini xatırlatdı: “Azərbaycan özü icra etdi”

Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT Plyus” formatında keçirilən görüşdəki çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin 30 il ərzində kağız üzərində qaldığını və onların icrasının yalnız Azərbaycanın öz gücü hesabına təmin edildiyini vurğulayıb.

Dövlət başçısı beynəlxalq hüququn təsirli olması üçün BMT qətnamələrinin qısa müddətdə icrasını şərtləndirən xüsusi mexanizmlərin formalaşdırılmasının vacibliyinə diqqət çəkib.

Bu bəyanat müasir beynəlxalq münasibətlər sistemində BMT-nin böhranlı vəziyyətlərə reaksiya vermək qabiliyyətinin yenidən nəzərdən keçirilməsi zərurətini növbəti dəfə gündəmə gətirib.

Otuz il ərzində təcavüzkar tərəfə qarşı heç bir sanksiya tətbiq etməyən təşkilatın fəaliyyətsizliyi qlobal miqyasda hüququn aliliyini ciddi şübhə altına alır. Mövcud reallıq göstərir ki, təsirli icra alətləri olmadan qəbul edilən qərarlar münaqişələrin həllinə deyil, onların uzanmasına xidmət edir. Qlobal təhlükəsizlik sisteminin tamamilə iflic olmaması üçün BMT Təhlükəsizlik Şurasında köklü islahatların aparılması artıq təxirəsalınmaz tələbə çevrilib.

Mövzu ilə bağlı Oxu24.com-a geniş açıqlama verən siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu BMT-nin mövcud durumu, qətnamələrin icrasındakı problemlər və zəruri islahatlarla bağlı məsələlərə aydınlıq gətirib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev “ŞƏT Plyus” görüşü çərçivəsində çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi dörd qətnaməyə də toxunub:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev “ŞƏT Plyus” görüşü çərçivəsində çıxışı zamanı həmçinin vaxtilə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə haqqında danışdı. Həqiqətən də cənab Prezidentin qeyd etdiyi kimi, o qətnamələr kağız üzərində qaldı. Azərbaycan öz iradəsi, öz gücü ilə o qətnamələrin icrasını gerçəkləşdirdi.

Bu, onu göstərir ki, müasir mərhələdə ümumiyyətlə BMT dövlətlər arasında mübahisəli məsələləri, münaqişələri tam effektiv tənzimləmək və ya həll etmək gücündə deyil”.

Elşad Mirbəşiroğlu qeyd edib ki, BMT-nin 1945-ci ildə yaranmasından sonra dövlətlərarası münaqişələrin tənzimlənməsində təşkilatın fəaliyyəti ciddi nəticələrlə yadda qalmayıb:

“Ümumiyyətlə, BMT-nin mövcudluğu tarixinə diqqət yetirsək, yarandığı 1945-ci ildən sonra – yəni dünyanı çox böyük təhlükə qarşısında qoymuş İkinci Dünya Müharibəsindən sonra – dövlətlərarası münaqişələrin tənzimlənməsində demək olar ki, heç vaxt səmərəli fəaliyyət ortaya qoya bilməyib. Yəni ciddi bir nəticə yoxdur.

Bəli, BMT sülhməramlıları ayrı-ayrı ölkələrdə sülh missiyasını, humanitar missiyanı yerinə yetirib, BMT-nin aktivində bununla bağlı müsbət nəticələr mövcuddur. Amma diqqət yetirsək görərik ki, etno-milli, etno-ərazi zəminində, ümumiyyətlə dövlətlərarası münaqişələrdə BMT-nin bugünkü rolu sıfıra bərabərdir. Yəni biz bunu açıq mətnlə deyə bilərik”.

Politoloqun sözlərinə görə, hazırda dünyada mövcud olan bir sıra münaqişələrdə də BMT-nin effektiv rolu görünmür:

“Tutaq ki, bugün aktual problemlərdən – mövcud münaqişələr vəziyyətində, ABŞ-İran münaqişəsi, Rusiya-Ukrayna münaqişəsi, eləcə də zaman-zaman kəskinləşən Pakistan-Hindistan münaqişəsi və yaxud da ki, digər lokal xarakterli münaqişələri də xatırlada bilərik – bütün bu münaqişə vəziyyətlərində ümumiyyətlə BMT-nin mövcudluğu görünmür.

Sadəcə olaraq BMT deklarativ bəyanatlar verir, Təhlükəsizlik Şurasında isə qətnamələr qəbul edilir. Lakin əksər hallarda onlar icra olunmur”.

Elşad Mirbəşiroğlu hesab edir ki, bu vəziyyət BMT-nin strukturunda ciddi dəyişikliklərin aparılmasını zəruri edir.

“Bu da onu göstərir ki, BMT-nin strukturunda ciddi dəyişikliklər edilməlidir. Birincisi, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bu, həm vaxtilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən, həm qardaş Türkiyə Prezidenti cənab Ərdoğan tərəfindən səsləndirilib.

Ərdoğanın məşhur sözlərini xatırlatmaq istəyirəm: “Dünya 5-dən böyükdür”. Yəni BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, bu da qərarların qəbul olunmasında və icrasında özünü mütləq göstərəcəkdir”.

Politoloq ikinci mühüm məsələnin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizminin yaradılması olduğunu vurğulayıb:

“İkinci məqam ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr BMT-yə üzv olan ölkələr üçün məcburi xarakter daşıyır, amma əksər hallarda biz görürük ki, bu qərarlar sadəcə tövsiyə xarakteri daşıyır.

Yəni BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmi mövcud deyil. Qətnamə qəbul olunmazdan əvvəl onun icrası haqqında düşünmək lazımdır. Yəni kağız üzərində qalacaqsa, onun qəbul edilməsinə heç gərək yoxdur”.

Elşad Mirbəşiroğlu bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əksər hallarda siyasi və hüquqi baxımdan da lazımi çəkiyə malik olmur:

“Əslində yenə də BMT-nin fəaliyyət tarixi, müasir dövrümüzün tarixi göstərir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr həmçinin əksər hallarda nə siyasi, nə də hüquqi çəkiyə malik olmur.

Məsələn, 1993-cü ildə Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qəbul olunan qətnamələri effektiv istifadə etmək mümkün olmadı. Sadəcə bu müəyyən platformalarda səsləndirilirdi, amma bu nəticəyə heç bir təsir etmədi.

Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasını təmin etdi”.

Politoloqun fikrincə, qətnamələrin icrası üçün həm resurslar, həm də konkret mexanizmlər müəyyənləşdirilməlidir:

“Bu baxımdan icra mexanizmi və icra resursları müəyyənləşdirilməlidir. Əksər hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılmasına həm də Təhlükəsizlik Şurasına üzv olan ölkələr arasındakı fikir ayrılığı mane olur.

Tutaq ki, bir səs çoxluğu ilə qətnamə qəbul olunursa, iki tərəf üzv qalırsa, bütün hallarda qətnamənin reallaşdırılması və uyğun addımların atılması istiqamətində bir nəticə olmur. Bunu bizim müşahidələrimiz çox aydın göstərir.

Ona görə də həm resurs müəyyənləşməlidir, həm icrası mexanizmləri işlənib hazırlanmalıdır – belə bir mexanizm mövcud deyil”.

Elşad Mirbəşiroğlu qətnamələrin mətnində də konkretlik və dəqiqliyin vacib olduğunu bildirib. Onun sözlərinə görə, 1993-cü ildə Azərbaycanla bağlı qəbul edilən dörd qətnamədə işğalçının adı konkret göstərilməyib:

“Eyni zamanda, sözsüz ki, qətnamənin özündə də bir dəqiqlik olmalıdır. Məsələn, yenə də götürək 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qəbul olunan dörd qətnaməni.Həmin qətnamələrdə bəli, Azərbaycanın konkret ərazilərinin işğal olunması göstərilirdi və ərazilərin boşaldılması tələb edilirdi. Amma bu qətnamələrin heç birində işğalçının kimliyi göstərilmir.

Dörd qətnamənin heç birində göstərilmir ki, Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazisi boşaldılmalıdır və s. Ünvan da göstərilmir. Deməli, bu qətnamə elə vaxtilə sadəcə olaraq deklarativ xarakterli olaraq qəbul olunmuşdu. Bu da ümumilikdə BMT-nin nüfuzuna çox ciddi xələl gətirir”.

Politoloq bildirib ki, daha yeni yaranmış regional və beynəlxalq təşkilatlar belə BMT ilə müqayisədə daha fəal mövqe nümayiş etdirirlər:

“Artıq nisbətən yeni yaranma tarixinə malik olan regional və beynəlxalq təşkilatlar daha artıq fəallıq nümayiş etdirməkdədirlər.

Əgər BMT öz strukturunda, idarəetmə prinsiplərində, yanaşmalarında ciddi dəyişiklik etməzsə, hesab edirəm ki, BMT-nin perspektivləri heç də yaxşı görünmür”.

Elşad Mirbəşiroğlu BMT-nin qətnamələrin icrasını təmin etmək üçün hərbi və xüsusi polis imkanlarının olmamasını da əsas problemlərdən biri kimi göstərib:

“Bir məqamı da qeyd etmək lazımdır: BMT-nin qətnamələrinin icrasına mane olan əsas səbəblərdən biri də BMT-nin hərbi birləşməyə və özünün xüsusi təyinatlı polisinə sahib olmaması ilə bağlıdır. Dünyamızın reallığı tələb edir ki, bir təşkilat dövlətlərarası münasibətlərin dinc vasitələrlə tənzimlənməsini və ya münaqişələrin aradan qaldırılmasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirirsə, mütləq onun məcburetmə sistemi də olmalıdır. Çünki biz görürük ki, əksər hallarda münaqişə tərəfləri öz xoşlarına münaqişə vəziyyətindən çəkinmək istəmirlər.

Məsələn, Ermənistanı yenə də nümunə gətirə bilərik. Azərbaycan güc tətbiq etməsəydi, Ermənistan Azərbaycan torpaqlarından geri çəkilməyəcəkdi. BMT-nin də bunu etmək üçün, birincisi, siyasi istəyi mövcud deyildi, ikincisi, istəsə belə ciddi resursları mövcud deyildi”.

Politoloq hesab edir ki, qətnamələrin icrasının təmin edilməsi üçün regional təşkilatlarla əməkdaşlıqdan da istifadə etmək mümkündür:

“Bunun da müəyyən mexanizmləri ola bilərdi: məsələn, regional təşkilatlarla əməkdaşlıq çərçivəsində bunu etmək olardı və yaxud maraqlı dövlətlər bu prosesdə fəallıq nümayiş etdirə bilərdilər. Amma bütün bunların heç birini biz görmədik.

Bu baxımdan, hesab edirəm ki, səsləndirdiyim istiqamətlərdə BMT öz strukturunda yeniliklər edərsə və ümumiyyətlə proseslərə yanaşma bucağını, prinsiplərini dəyişərsə, artıq onu effektiv bir təşkilat kimi səciyyələndirmək mümkün olar”.

Çimnaz Telmanqızı