Qaynar xətt:

(+99450) 247 90 86

Dünyəvi məktəbdə dini inanclar necə ifadə olunmalıdır? – İlahiyyatçıdan AÇIQLAMA  

Dünyəvi məktəbdə dini inanclar necə ifadə olunmalıdır? – İlahiyyatçıdan AÇIQLAMA  

CƏMİYYƏT

94

22.09.2026, 18:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət təhsil sisteminin dünyəvi və demokratik xarakter daşıması cəmiyyətdə həmişə diqqət mərkəzində olan fundamental məsələlərdən biridir. Konstitusiyada və müvafiq qanunvericilik aktlarında təsbit olunduğu kimi, ölkəmizdə təhsil həm məcburi, həm də dünyəvi prinsiplərə əsaslanır. Bu yanaşma məktəblərin bütün şagirdlər üçün neytral, inklüziv və bərabərhüquqlu mühit olmasını, hər hansı ayrı-seçkiliyə yol verilməməsini şərtləndirir. Lakin son dövrlərdə bəzi təhsil müəssisələrində geyimlə bağlı və ya dini inancların ifadə formaları ətrafında müxtəlif müzakirələr və suallar ortaya çıxır. Xüsusilə dünyəvi təhsil ocaqlarında xüsusi geyim formalarının və ya dini ayinlərin tətbiqi ilə bağlı yaranan anlaşmazlıqlar ictimaiyyətin diqqətini çəkir. 

Mütəxəssislər hesab edirlər ki, təhsil müəssisələrində həm vətəndaşların vicdan və inanc azadlıqları qorunmalı, həm də ümumi daxili nizam-intizam qaydalarına şərtsiz əməl olunmalıdır. Bəs dünyəvi təhsil prinsipinin qorunması baxımından məktəblərdə dini inancların ifadəsi hansı çərçivədə olmalıdır? Şagirdlərin dini dünyagörüşünə hörmətlə neytral təhsil mühiti arasında zəruri balans necə təmin edilə bilər?

Bu aktual suallara cavab olaraq ilahiyyatçı Tural İrfan Oxu24.com-a geniş açıqlama verərək müzakirə olunan mövzuların bütün detallarına aydınlıq gətirib. İlahiyyatçı səsləndirdiyi fikirlərdə Azərbaycan dövlətinin quruluşundan tutmuş təhsil müəssisələrindəki nizam-intizam qaydalarına qədər bir çox vacib məqama toxunub.

Tural İrfan bildirib ki, Azərbaycan dövləti dünyəvi, hüquqi və demokratik dövlət quruluşuna malikdir. Konstitusiyada və müvafiq qanunlarda nəzərdə tutulduğu kimi, ölkəmizdə təhsil həm məcburi, həm də dünyəvidir. Bununla yanaşı, Azərbaycanda İlahiyat İnstitutu və İlahiyat Kolleci kimi bir sıra ixtisaslaşmış dini tədris müəssisələri fəaliyyət göstərir. Bu qurumlarda insanların xüsusi olaraq dini inançlarını ifadə etmək, hətta onları icra etmək və müvafiq atributlardan istifadə etmək imkanları mövcuddur.

İlahiyyatçının sözlərinə görə, dünyəvi təhsil sisteminin və məktəblərin özünəməxsus modeli, dünya standartlarına uyğun tələbləri vardır:

“Bu tələblərdə əsas elmə və dünyəvi təhsilə üstünlük verilir, inanc fərqi qoyulmur və bərabərlik əsas prinsip kimi ön planda dayanır. Məktəblərdə dini etiqadların ayinlər şəklində həyata keçirilməsi deyil, məhz dünyəvi təhsilin verilməsi ön plandadır”.

Müsahib qeyd edib ki, insanların öz inançlarını ifadə etmək, təzahür etdirmək və bölüşmək hüquqları vardır və ölkəmizdə bu hüquqlar kifayət qədər təmin olunur:

“Orta məktəb sistemində və digər təhsil müəssisələrində vətəndaşlar öz inanc və ya inancsızlıqlarını ifadə edə bilirlər. Lakin təhsil alanlarla təhsil verənlər arasında inancın ifadə olunması məsələsində hər hansı bir ziddiyyət və ya qanun pozuntusu hallarına yol verilməməlidir”.

Tural İrfan vurğulayıb ki, bəzən geyimlə bağlı və ya inanc sahiblərinin fərqli kateqoriyalarının xarici təsirlərdən (mühafizəkarlığa meylli ifadələrdən) qaynaqlanaraq xüsusi geyim formalarını və ayinləri dünyəvi təhsil sisteminə daşımaq istəməsi halları baş verir. Bu cür hallar qanunları dərindən anlamamaqdan və ya yad təsirlərin nəticəsində yaranan anlaşılmazlıqlardan irəli gəlir. O xatırladıb ki, dini inancın və ya dinlərin ilkin tələbi oxumaqdır, təhsil almaqdır (hətta Həzrət Peyğəmbərin "elm Çində də olsa, gedin" hədisi buna bariz nümunədir). Din elmi, təhsili və qanunlara tabe olmağı hər şeydən öndə tutur.

Həmçinin ilahiyyatçı bildirib ki, təhsil verən qurum inancı olan və ya olmayan şəxslərə qarşı balansı qorumalı, sosial bərabərliyi və təhsil sisteminin tələblərinə uyğun olan birliyi təmin etməlidir. Heç bir ayrı-seçkiliyə yol verilməməli, eyni zamanda inanc azadlıqları ilə təhsil ocaqlarının daxili nizam-intizam qaydaları və qanunları arasında ziddiyyət yaradılmamalıdır. 

Tural İrfan sonda əlavə edib ki, bu cür tənzimləmələr təkcə orta məktəblərdə deyil, hərbi xidmət zamanı və digər dövlət qurumlarında da müvafiq nizamnamələrə uyğun şəkildə həyata keçirilir. Bu, hər hansı qeyri-adi məhdudiyyət deyil, ümumi qanunların hamı üçün tələbidir.

Çimnaz Telmanqızı