Qaynar xətt:

(+99450) 247 90 86

Şərqlə Qərbin yeni körpüsü: ŞƏT Azərbaycan üçün nə vəd edir? - Deputatlar DANIŞIR

Şərqlə Qərbin yeni körpüsü: ŞƏT Azərbaycan üçün nə vəd edir? - Deputatlar DANIŞIR

SİYASƏT

221

01.09.2026, 17:24

Bu gün Avrasiyanın geosiyasi və geoiqtisadi xəritəsi sürətlə dəyişir. Yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi və Şərqlə Qərb arasında ticarət əlaqələrinin genişlənməsi coğrafi mövqeyi strateji əhəmiyyət daşıyan ölkələri ön plana çıxarır. Bu baxımdan Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq yalnız diplomatik münasibətlərin genişləndirilməsi deyil, həm də ölkənin malik olduğu tranzit, logistika və enerji imkanlarının daha böyük bir iqtisadi məkanla əlaqələndirilməsi baxımından mühüm perspektivlər açır. Bu gün dünyanın nəhəng iqtisadi və demoqrafik potensialını özündə birləşdirən ŞƏT-in coğrafiyası Çin və Hindistandan Mərkəzi Asiyaya, Rusiyadan İrana qədər uzanır. Azərbaycanın isə Xəzərin qərb sahilində yerləşməsi, Avropa və Türkiyəyə çıxışı, Orta Dəhliz və “Şimal-Cənub” marşrutlarında mühüm mövqeyə malik olması ölkəmizi bu nəhəng məkanla Avropa arasında təbii bağlantı halına gətirir.

Bəs Azərbaycanın bu strateji mövqeyi ŞƏT çərçivəsində hansı imkanlara çevrilə bilər? Ölkəmizin təşkilatla əməkdaşlığının genişlənməsi siyasi, iqtisadi və nəqliyyat baxımından hansı nəticələr doğura bilər? 

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

Millət vəkili Elnarə Akimova Oxu24.com-a açıqlamasında  qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin genişlənməsi Azərbaycanın dəyişən dünya düzənində öz xarici siyasət imkanlarını şaxələndirməsinin və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmasının mühüm istiqamətlərindən biridir: 

“Hazırda Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusundadır və təşkilatın 2025-ci il Tiancin sammitində yeni “ŞƏT tərəfdaşı” statusuna keçidi nəzərdə tutan institusional dəyişikliklər başlanıb, mövcud statusların yeni hüquqi çərçivə qüvvəyə minənədək saxlanıldığı bildirilir.  Bu mənada Azərbaycanın qarşısında ilk növbədə siyasi dialoqu daha da intensivləşdirmək, təhlükəsizlik, nəqliyyat, enerji, ticarət, rəqəmsal inkişaf, humanitar və mədəni əməkdaşlıq istiqamətlərində konkret layihələrə çıxmaq imkanı yaranır. Xüsusilə Çin, Mərkəzi Asiya ölkələri, Pakistan, Hindistan, Rusiya və digər ŞƏT məkanında yerləşən dövlətlərlə təmasların çoxtərəfli platformada daha sistemli xarakter alması Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir. Azərbaycan Prezidentinin 2025-ci ildə Tiancində keçirilən ŞƏT Plus formatındakı çıxışında nəqliyyat-logistika, enerji, rəqəmsal iqtisadiyyat, elm, təhsil və mədəniyyət əməkdaşlığının xüsusi əhəmiyyət daşıması da bu istiqamətin praktiki potensialını göstərir. 

Azərbaycanın ŞƏT məkanındakı ən böyük üstünlüyü, məncə, onun coğrafiyanı siyasi və iqtisadi üstünlüyə çevirə bilməsidir. Azərbaycan xəritədə sadəcə Şərqlə Qərbin arasında yerləşən ölkə deyil; artıq bu coğrafi mövqeyini real nəqliyyat, logistika və enerji infrastrukturu ilə tamamlayan bir dövlətə çevrilib. Orta Dəhlizin Çin və Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropaya bağlaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və dəmir yolu şəbəkəsinin imkanlarının artırılması, Şimal–Cənub marşrutunun inkişaf etdirilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini yüksəldir. Prezident İlham Əliyev də ŞƏT Plus platformasında Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu, Orta Dəhlizin Çin və Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən etibarlı marşrut olduğunu vurğulayıb”.

Deputat məsələnin daha vacib tərəfinə diqqət çəkib:

“Azərbaycan ŞƏT üçün yalnız tranzit ölkə deyil, Şərqlə Qərb arasında etibarlı bağlantı məkanıdır. Çin üçün Avropa bazarlarına çıxışın şaxələndirilməsi, Mərkəzi Asiya dövlətləri üçün dünya bazarlarına alternativ yolların genişləndirilməsi, Avropa üçün isə Asiya ilə daha çevik və təhlükəsiz əlaqələrin qurulması Azərbaycanın rolunu artırır. 2024-cü ildə Azərbaycan–Çin arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə də Orta Dəhlizin inkişafı, tranzit əlaqələrinin təhlükəsizliyi və fasiləsizliyi, qarşılıqlı investisiyaların təşviqi ayrıca vurğulanıb. Bu baxımdan Azərbaycanın coğrafiyası artıq taleyin verdiyi sadə üstünlük deyil, dövlət siyasəti və irimiqyaslı infrastruktur layihələri ilə iqtisadi və geosiyasi resursa çevrilmiş üstünlükdür.

Azərbaycanın eyni vaxtda Şərq, Qərb və müxtəlif regional platformalarla əməkdaşlıq etməsi isə ölkəmizin xarici siyasətinin əsas güclü cəhətlərindən biridir. Müasir dünyada bir geosiyasi mərkəzə bağlanmaq ölkənin manevr imkanlarını məhdudlaşdıra bilər. Azərbaycan isə əksinə, Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurur, Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir, NATO ölkələri ilə tərəfdaşlıq münasibətlərini saxlayır, eyni zamanda ŞƏT, İƏT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda iştirak edir. Çinlə münasibətlərin 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi və tərəflərin BMT, ŞƏT və digər beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığı vurğulaması bu çoxvektorlu siyasətin konkret nümunəsidir”.

E.Akimova hesab edir ki, bu siyasətin mahiyyəti “hamı ilə eyni dərəcədə yaxın olmaq” deyil. Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın öz milli maraqlarını qoruyaraq müxtəlif tərəfdaşlıqlardan maksimum fayda götürə bilməsidir:

“Şərqlə Qərbin qarşı-qarşıya qoyulduğu bir vaxtda Azərbaycan körpü rolunu yalnız siyasi ritorika ilə deyil, konkret yollar, limanlar, dəmir yolları, enerji xətləri və iqtisadi layihələrlə reallaşdırır. Bu isə ölkənin beynəlxalq çəkisini artırır. Azərbaycanın diplomatik gücü də məhz buradan qaynaqlanır: Bakı müxtəlif platformaların bir-birinə alternativ olmasını deyil, onların Azərbaycanın milli maraqları ətrafında tamamlayıcı imkanlara çevrilməsini hədəfləyir.

ŞƏT-lə münasibətlərin gələcəkdə daha yüksək institusional səviyyəyə yüksəlməsi isə Azərbaycan üçün ilk növbədə siyasi iştirak imkanlarının genişlənməsi demək olacaq. Təşkilat hazırda 2035-ci ilədək inkişaf strategiyası çərçivəsində beynəlxalq əlaqələrini genişləndirməyə və digər təşkilatlarla əməkdaşlığını gücləndirməyə çalışır.  Azərbaycanın daha yüksək status qazanması onun təşkilat daxilində siyasi, iqtisadi və humanitar gündəmlərin formalaşmasında daha fəal iştirakına şərait yarada bilər. Bu, həmçinin Azərbaycan üçün Çin və Mərkəzi Asiya bazarlarına çıxış imkanlarının genişlənməsi, yeni investisiya layihələrinin cəlb olunması, nəqliyyat dəhlizlərinin daha sıx inteqrasiyası, enerji və yaşıl enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm perspektivlər açır.

İqtisadi baxımdan isə əsas məsələ sadəcə tranzit gəlirlərinin artırılması deyil. Azərbaycan öz ərazisindən keçən yükün yalnız dayanacaq nöqtəsi yox, əlavə dəyərin yaradıldığı iqtisadi məkan olmağa çalışmalıdır. Bunun üçün logistika mərkəzləri, sənaye zonaları, rəqəmsal gömrük sistemləri, elektron ticarət, nəqliyyat xidmətləri, sığorta və maliyyə infrastrukturu, yaşıl enerji və texnologiya layihələri inkişaf etdirilə bilər. Çinlə strateji tərəfdaşlıq çərçivəsində də investisiya, nəqliyyat, yaşıl enerji, yüksək texnologiyalar və süni intellekt kimi sahələr üzrə əməkdaşlıq imkanları ayrıca qeyd olunub”.

Millət vəkili sonda əlavə edib ki, ən mühüm siyasi məqam isə budur ki, Azərbaycanın ŞƏT-lə yaxınlaşması onun Qərbdən uzaqlaşması kimi təqdim edilməməlidir. Əksinə, bu, Azərbaycanın müstəqil xarici siyasət kursunun coğrafiyasını genişləndirməsidir:

 “Azərbaycan bir platformaya daxil olduqda digər platformadan çıxmır; yeni əməkdaşlıq kanalı yaratmaqla öz diplomatik və iqtisadi imkanlarını artırır. Bu baxımdan ŞƏT Azərbaycanın xarici siyasətində “Şərq seçimi” deyil, Azərbaycanın Şərq və Qərb arasında yaratdığı strateji bağlantının daha bir mühüm sütunu kimi qiymətləndirilməlidir.  Digər tərəfdən, 31 avqust 2026-cı ildə Prezident İlham Əliyevin ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri ilə görüş keçirməsi də göstərir ki, belə çoxtərəfli platformalar yalnız iqtisadi deyil, regional sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün də əlavə diplomatik imkan yaradır. 

Beləliklə, ŞƏT Azərbaycan üçün sadəcə yeni diplomatik ünvan deyil. Bu təşkilat ölkəmizin Avrasiyanın siyasi xəritəsindəki çəkisini, tranzit imkanlarını, iqtisadi əlaqələrini və diplomatik manevr dairəsini genişləndirə biləcək platformalardan biridir. Azərbaycanın əsas üstünlüyü isə ondadır ki, o, bu prosesə istehlakçı və ya kənar müşahidəçi kimi deyil, Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı, enerji və nəqliyyat marşrutlarını birləşdirən fəal tərəf kimi daxil olur. Məhz bu amil gələcəkdə ŞƏT-Azərbaycan münasibətlərinin həm siyasi, həm də iqtisadi məzmununu müəyyənləşdirən əsas faktor ola bilər”.

Oxu24.com-a danışan Millət vəkili Nigar Məmmədova qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik inkişaf yolu göstərir ki, təşkilat yarandığı dövrlə müqayisədə kifayət qədər geniş və çoxşaxəli əməkdaşlıq platformasına çevrilib:

“Əvvəlcə əsas diqqət regional təhlükəsizlik, terrorizm, ekstremizm və separatizmlə mübarizə kimi məsələlərə yönəlsə də, bu gün ŞƏT-in gündəliyində iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, logistika, enerji, rəqəmsal texnologiyalar, süni intellekt, kənd təsərrüfatı, ekologiya, təhsil və humanitar əlaqələr də mühüm yer tutur. 2026-cı ildə təşkilatın 25 illiyinin qeyd olunması fonunda Bişkek sammitinin gündəliyində də təhlükəsizliklə yanaşı iqtisadiyyat, nəqliyyat, ekologiya, süni intellekt və humanitar əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan üçün ŞƏT-lə əməkdaşlıq həm siyasi dialoq, həm də böyük bir iqtisadi və geostrateji məkana çıxış imkanları deməkdir. Burada Azərbaycanın əsas üstünlüyü onun coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat-logistika infrastrukturu ilə bağlıdır. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı nöqtəsidir. Orta Dəhliz məhz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycan, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirir.  Azərbaycanın bu dəhlizdəki mövqeyi ölkəmizə ŞƏT məkanının iqtisadi potensialının Avropa istiqamətində reallaşdırılmasında mühüm rol oynamaq imkanı verir. 

Digər tərəfdən, Azərbaycan üçün ŞƏT-in genişlənən gündəliyi yeni texnologiyalar və innovasiyalar sahəsində də imkanlar yaradır. Belə ki, süni intellekt, rəqəmsal logistika, elektron ticarət, yaşıl enerji, kibertəhlükəsizlik və rəqəmsal bağlantılar gələcək əməkdaşlığın perspektivli istiqamətləridir. Yəni, Azərbaycanın ŞƏT-lə münasibətlərinə Avrasiyanın böyük iqtisadi məkanına inteqrasiya imkanlarından biri kimi baxmaq lazımdır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Çin və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sürətli inkişafı, şübhəsiz ki, ŞƏT çərçivəsində əməkdaşlığımız üçün əlavə imkanlar yaradır:

 “Təsadüfi deyil ki, Azərbaycan daha çox “ŞƏT-in Avropa istiqamətində mühüm bağlantı ölkəsi”, “Orta Dəhlizin əsas həlqəsi” və Çin–Mərkəzi Asiya–Avropa əlaqələrinin inkişafında vacib tərəfdaş kimi qəbul olunur. Azərbaycan tərəfi Çinlə əməkdaşlığın ŞƏT kimi çoxtərəfli platformalarda regional problemlərin həllinə imkanları artırdığını bəyan edib. Eyni zamanda, ölkəmiz 2015-ci ildən ŞƏT-də dialoq tərəfdaşı kimi iştirak edir və 2016-cı il memorandumunda iqtisadiyyat, nəqliyyat, ticarət, investisiya, telekommunikasiya, regional təhlükəsizlik və humanitar əlaqələr kimi istiqamətlər müəyyənləşdirilib. 

Azərbaycanın Çinlə ikitərəfli münasibətlərinin dərinləşməsi ŞƏT daxilində və ŞƏT ətrafındakı çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirir. Təşkilatın aparıcı ölkələri – Çin və Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər güclənməkdədir. Bu da ŞƏT platformasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Xüsusilə Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mühüm amildir. 2024-cü ildə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamədə nəqliyyat, logistika, investisiya, enerji, yüksək texnologiyalar, süni intellekt və Orta Dəhlizin inkişafı ilə bağlı konkret istiqamətlər müəyyənləşdirilib. Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının daha da inkişaf etdirilməsini və ölkəmizin təşkilatdakı statusunun gücləndirilməsini dəstəklədiyini bəyan edib. 

Mərkəzi Asiya ilə münasibətlərimiz də eyni dərəcədə əhəmiyyətlidir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər region ölkələri ilə Azərbaycanın siyasi, iqtisadi və nəqliyyat əlaqələri son illərdə əhəmiyyətli dərəcədə intensivləşib. Xüsusilə Xəzər üzərindən Orta Dəhlizin inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında təbii bağlantı nöqtəsinə çevirir.

Beləliklə, Azərbaycan regional iqtisadi əməkdaşlığın əsas iştirakçılarından biri kimi çıxış etmiş olur”.

Müsahibimizin sözlərinə görə, enerji və nəqliyyat Azərbaycanın ŞƏT məkanı ilə əməkdaşlığında təbii olaraq prioritet istiqamətlərdir:

“Lakin düşünürəm ki, gələcək mərhələdə əməkdaşlığın gündəliyini yalnız bu sahələrlə məhdudlaşdırmaq düzgün olmazdı. İlk növbədə rəqəmsal iqtisadiyyat və süni intellekt istiqamətini qeyd etmək istərdim. ŞƏT məkanında dünyanın ən böyük texnoloji və iqtisadi potensialına malik ölkələri təmsil olunur. Azərbaycan isə rəqəmsal transformasiya, elektron hökumət, rəqəmsal xidmətlər və innovasiya sahəsində müəyyən təcrübə formalaşdırıb. Bu təcrübənin Çin və digər ŞƏT ölkələri ilə mübadiləsi çox perspektivlidir.

Digər istiqamət yaşıl enerji və enerji keçididir. Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı var. Bu potensialdan istifadə etməklə həm enerji istehsalını artırmaq, həm də yaşıl enerji texnologiyaları, elektrik şəbəkələrinin modernləşdirilməsi sahəsində ŞƏT ölkələri ilə əməkdaşlıq etmək mümkündür.

Bundan başqa, elm, təhsil, səhiyyə, turizm və mədəni-humanitar əlaqələrin inkişafı üçün də yaxşı imkanlar mövcuddur. Yeri gəlmişkən, təşkilatın gündəliyində də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələlərinin əhəmiyyəti vurğulanır.  Azərbaycan həm türk dünyasının, həm Xəzər regionunun, həm də daha geniş Avrasiya məkanının bir hissəsi kimi müxtəlif coğrafiyalar arasında mədəni və humanitar körpü rolu bu xüsusda yeni imkanlar yaradır”.

Millət vəkili hesab edir ki, Azərbaycanın gələcək strateji rolunun həm siyasi tərəfdaşlıq, həm də nəqliyyat-logistika bağlantısı baxımından güclənəcək:

  ““ŞƏT Plyus” formatında çıxış zamanı da Cənab Prezident bəyan etdi ki, “Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə vermək niyyətindədir.

Azərbaycanın ŞƏT məkanındakı ən böyük strateji üstünlüyü, şübhəsiz ki, onun bağlantı potensialıdır. Azərbaycanın coğrafi mövqeyi unikaldır. ŞƏT məkanının əsas iqtisadi güclərindən olan Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında ən əlverişli bağlantılardan biri Xəzər dənizi və Azərbaycan ərazisindən keçir. Orta Dəhlizin inkişafı bu baxımdan ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artırır. Azərbaycan–Çin strateji tərəfdaşlığı çərçivəsində Çin də Orta Dəhlizin inkişafında və onun fasiləsiz fəaliyyətinin təmin olunmasında əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. 

Təsadüfi deyil ki, Orta Dəhlizin Azərbaycan üzərindən keçən hissəsində son illərdə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.  Bununla yanaşı, Azərbaycanın siyasi rolu da burada vacibdir.  Ölkəmiz təşkilatın “ŞƏT plyus” formatında iştirak edir və bu platforma Azərbaycan üçün müxtəlif dövlətlərlə birbaşa siyasi və iqtisadi dialoq aparmaq imkanı yaradır. 2026-cı ildə Bişkekdə keçirilən 25 illik yubiley tədbirləri fonunda Azərbaycanın bu formatda iştirakı da ölkəmizin ŞƏT məkanında artan marağını və rolunu göstərir. Ona görə hesab edirəm ki, Azərbaycan ŞƏT məkanında həm etibarlı siyasi tərəfdaş, həm də Şərqlə Qərbi birləşdirən strateji bağlantı mərkəzi kimi mövqeyini gücləndirəcək. Azərbaycanın üstünlüyü də məhz ondadır ki, ölkəmiz coğrafiyanı real iqtisadi və siyasi üstünlüyə çevirə bilib”.

Oxu24.com –a danışan Millət vəkili Vüqar Rəhimzadə deyib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığının genişlənməsi ölkənin çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin yeni istiqamətlər üzrə inkişafı baxımından mühüm imkanlar yaradır. Onun sözlərinə görə, ŞƏT-in əhatə etdiyi coğrafiya nəzərə alındıqda, bu platforma Azərbaycan üçün Mərkəzi Asiya, Çin və digər üzv və tərəfdaş ölkələrlə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir:

“Ölkəmizin bu təşkilatla münasibətlərinin dinamikası rəsmi Bakının çoxşaxəli və balanslı xarici siyasət strategiyasının bir hissəsidir. 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. 2016-cı ildə isə Pekində Azərbaycanın “dialoq üzrə tərəfdaş” statusunu rəsmiləşdirən Memorandum imzalanıb. 2022-ci ildə Səmərqənddə ŞƏT sammitində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Dövlət başçısı  İlham Əliyev 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantısının iştirakçısı olub. Bununla da, institusional əlaqələr yeni müstəviyə keçib. 2025-ci ilin sentyabr ayında Çinin Tiencin şəhərində keçirilən  “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin çıxışı Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrinin  bu günü  və gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. ŞƏT çərçivəsində iştirak ölkəmizə regional təhlükəsizlik, nəqliyyat, enerji, ticarət, rəqəmsal transformasiya və humanitar əlaqələr kimi istiqamətlərdə yeni əməkdaşlıq imkanları təqdim edir. Xüsusilə, Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində fəal diplomatik və iqtisadi münasibətlər qurması ölkəyə müxtəlif geosiyasi və geoiqtisadi mərkəzlər arasında körpü rolunu daha effektiv şəkildə həyata keçirmək imkanı verir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın əsas üstünlüklərindən biri onun əlverişli geostrateji mövqeyidir:

“Ölkəmiz Xəzər dənizi hövzəsində yerləşməklə Avropa ilə Mərkəzi Asiya, Şərqlə Qərb arasında mühüm əlaqələndirici mövqeyə malikdir. Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin uğurlu inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan  Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və sair istiqamətlər üzrə bağlantılar yaradır. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir, bu halda  Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Azərbaycan bu xəritədə xüsusi coğrafi mövqeyə malikdir. Azərbaycan-ŞƏT münasibətlərində siyasi dinamika əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın üstünlüyü yalnız coğrafi mövqedən ibarət deyil. Ölkənin enerji resursları, nəqliyyat infrastrukturu, siyasi sabitliyi və müxtəlif regional tərəfdaşlarla əməkdaşlıq təcrübəsi də onun ŞƏT məkanında əhəmiyyətini artıran amillərdir”. 

Vüqar Rəhimzadə qeyid edib ki, Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri və regional təşkilatlarla paralel və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmasıdır:

“Bu yanaşma ölkənin beynəlxalq sistemdə manevr imkanlarını genişləndirir və xarici siyasətdə strateji alternativlərin qorunmasına şərait yaradır. Azərbaycanın Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ŞƏT və digər platformalarla uğurlu əməkdaşlığı müxtəlif istiqamətləri tamamlayan əməkdaşlıq formatları kimi qiymətləndirilə bilər. 

Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını yalnız bir geosiyasi istiqamətlə məhdudlaşdırmır. Ölkə həm Qərblə iqtisadi və enerji əməkdaşlığını inkişaf etdirir, həm Türk dünyası ilə siyasi və iqtisadi əlaqələri dərinləşdirir, həm də Asiya və digər regionların əsas aktorları ilə münasibətləri genişləndirir. Nəticədə Azərbaycanın regional və beynəlxalq məsələlərdə siyasi çəkisi artır, ölkənin müxtəlif tərəfdaşlar arasında dialoq və əməkdaşlıq platforması kimi rolu möhkəmlənir”.

Müsahimiz əlavə edib ki, ŞƏT-lə münasibətlərin inkişafı Azərbaycanın siyasi və iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək:

 “ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. Ölkəmiz 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. Bu status Azərbaycanın təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib. İqtisadi baxımdan isə əsas perspektivləri nəqliyyat-logistika, enerji, ticarət, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində görmək mümkündür. ŞƏT ölkələrinin böyük əhali və iqtisadi potensiala malik olması Azərbaycan məhsulları üçün yeni bazarlara çıxış imkanlarını genişləndirəcək, eyni zamanda, ölkəmizə yeni investisiya axınlarını stimullaşdıracaq. Digər mühüm istiqamət nəqliyyat bağlantılarıdır. Azərbaycan Orta Dəhlizin inkişafında öz rolunu gücləndirməklə Çin və Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların əsas marşrutlarından birinə çevrilmək imkanına malikdir. ŞƏT çərçivəsində bu istiqamətdə koordinasiyanın artması Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək”.

Millət vəkili Bəhruz Məhərrəmov Oxu24.com-a açıqlamasında deyib ki, Möhtərəm Prezidentin Bişkek təmasları da göstərməkdədir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı platformasında artan nüfuzu, ölkənin geoiqtisadi mövqeyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji əhəmiyyəti kontekstində Cənubi Qafqaz və geniş Avrasiya məkanında keyfiyyətcə yeni siyasi-hüquqi və iqtisadi reallıqlar meydana çıxmaqdadır:

 “Azərbaycanın formalaşdırdığı müasir nəqliyyat-logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və genişləndirilmiş Orta Dəhliz ŞƏT üzvü olan ölkələr, xüsusilə Çin və Mərkəzi Asiya dövlətləri üçün misilsiz iqtisadi imkanlar açaraq qlobal geosiyasi böhranlar və ənənəvi tədarük zəncirlərindəki qırılmalar fonunda Azərbaycanın təqdim etdiyi marşrut risklərdən azad, sabit və təhlükəsiz tranzit zəmanəti verməklə Şərq-Qərb istiqamətində yükdaşımaların müddətini dəniz yolu ilə müqayisədə 30-45 gündən 12-15 günə qədər qısaldır və bu isə ticarət dövriyyəsinin operativliyini və səmərəliliyini kəskin artırır. Eyni zamanda ölkəmizin ŞƏT məkanı ilə Avropa arasında mühüm logistika və tranzit mərkəzinə çevrilməsi prosesini sürətləndirmək üçün institusional və infrastruktur sahəsində bir sıra vacib addımların atılması xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, koridor üzərində yerləşən ölkələrlə vahid rəqəmsal gömrük pəncərəsi sisteminin qurulması, sərhəd-keçid prosedurlarının unifikasiyası və tranzit bəyanetmənin elektronlaşdırılması, eyni zamanda yüklərin real vaxt rejimində izlənilməsini təmin edən rəqəmsal texnologiyaların və "Smart Port" konseptinin Bakı Limanında daha dərin tətbiqi, rəqabətqabiliyyətli konsolidə olunmuş tarif siyasətinin yürütülməsi xüsusi diqqət yetirilməli məsələlərdir. Aydındır ki,  Ələt Azad İqtisadi Zonasının imkanlarından yararlanaraq tranzit yüklərin yalnız keçidini deyil, onların yerli emalını təşkil etmək və əlavə dəyər yaradılmış məhsul kimi Avropa bazarlarına çıxarmaq Azərbaycanın strateji hab statusunu tam yayımlayacaqdır. Qlobal ÜDM-in 1/4 -dən çoxunu və nəhəng istehlakçı auditoriyasını təcəssüm etdirən ŞƏT ölkələrinin bazarı Azərbaycanın qeyri-neft sektoru üçün də geniş perspektivlər vəd edir. Bu nəhəng bazara aqrar-sənaye kompleksinin "yaşıl" kənd təsərrüfatı məhsulları, kimya və polimer sənayesi malları, həmçinin tikinti materiallarının ixracı imkanları artır. ŞƏT ölkələrinin iri sənaye korporasiyalarının Azərbaycana birbaşa investisiyalar yatırması, birgə müəssisələrin qurulması və nəqliyyat-ekspedisiya, sığorta, bankçılıq kimi xidmət sektorlarının inkişafı milli iqtisadiyyatın diversifikasiyasına güclü təkan verir”.

Millət vəkili vurğulayıb ki, Cənubi Qafqazda sülhün möhkəmlənməsi və yeni nəqliyyat bağlantılarının, o cümlədən Zəngəzur koridorunun açılması Azərbaycanın Avrasiya nəqliyyat xəritəsindəki rolunu keyfiyyətcə daha yüksək pilləyə qaldıracaqdı. O qeyd edib ki,  Zəngəzur dəhlizi Orta Dəhlizin Qərb qoluna əlavə alternativ yaradaraq Naxçıvan üzərindən Türkiyə və Avropaya ən qısa quru yolunu təmin edəcək, əsas marşrut üzərindəki yük gərginliyini azaldaraq buraxılış qabiliyyətini kəskin artıracaqdır. 

“Nəticə etibarilə, görünən odur ki, cənab İlham Əliyevin yaratdığı yeni reallıq sayəsində Azərbaycan regionda, sadəcə, iki nöqtəni birləşdirən tranzit ölkə kimi deyil, Xəzər və Qara dəniz hövzələrini, Rusiyanı və Fars körfəzini, Mərkəzi Asiyanı və Avropanı kəsişdirən mərkəzi geoiqtisadi düyünə çevriləcək, sülh və nəqliyyat inteqrasiyası isə regionun risk indeksini aşağı salaraq qlobal investorlar üçün uzunmüddətli təhlükəsizlik zəmanəti formalaşdırmaqdadır”- deyə, Bəhruz Məhərrəmov qeyd edib.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Türkiyə - Azərbaycan oyunu bu kanallarda CANLI VERİLƏCƏK

16:52 / 01 Sentyabr 2026

İDMAN İDMAN

Türkiyə - Azərbaycan oyunu bu kanallarda CANLI VERİLƏCƏK

61

0
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra... 

16:50 / 01 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra... 

66

0
Mərhumun kartındakı və bank hesabındakı pul necə bölüşdürülür?  

16:50 / 01 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Mərhumun kartındakı və bank hesabındakı pul necə bölüşdürülür?  

62

0
Keyfiyyətə nəzarət: Daha böyük məsuliyyət, daha az problem  

16:43 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Keyfiyyətə nəzarət: Daha böyük məsuliyyət, daha az problem  

106

0
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib 

16:35 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib 

62

0
2 sentyabrda bizi nələr gözləyir?  — ULDUZ FALI

16:25 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2 sentyabrda bizi nələr gözləyir?  — ULDUZ FALI

121

0
Azərbaycan idmanına ağır itki üz verib

16:19 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan idmanına ağır itki üz verib

509

0
Damardaxili litotripsiya necə işləyir? - Kardioloq Üzeyir Rəhimov DANIŞIR

16:10 / 01 Sentyabr 2026

TİBB TİBB

Damardaxili litotripsiya necə işləyir? - Kardioloq Üzeyir Rəhimov DANIŞIR

68

0
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü 

16:09 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü 

107

0
Tələbə krediti ilə bağlı MÜHÜM MƏQAMLAR: “Gələcək gəlirinizi əvvəlcədən hesablayın”  

16:00 / 01 Sentyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Tələbə krediti ilə bağlı MÜHÜM MƏQAMLAR: “Gələcək gəlirinizi əvvəlcədən hesablayın”  

104

0
Tez-tez təyyarəyə minmək dəmir çatışmazlığı yaradır? – Həkimdən Şəbnəm Tovuzluya CAVAB  

15:53 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tez-tez təyyarəyə minmək dəmir çatışmazlığı yaradır? – Həkimdən Şəbnəm Tovuzluya CAVAB  

481

0
Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib 

15:43 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib 

73

0