Adil Kərimli onu Aparat rəhbəri təyin etdi - DOSYE
19 Avqust 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
120
19.08.2026, 14:18
Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində diplomatik fəallıq davam edərkən, diqqətlər yenidən Ermənistanın əsas qanununda gözlənilən dəyişikliklərə yönəlib. Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri ölkənin yeni Konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını artıq təsdiqləyiblər. Həmin Bəyannamədə Azərbaycanın suveren ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı revanşist ideoloji və siyasi-hüquqi yanaşmaların yer alması Bakı üçün sülh müqaviləsinin bağlanmasında əsas hüquqi maneələrdən biri hesab olunur. İrəvandakı revanşist müxalifət isə bu addımı “Azərbaycana növbəti güzəşt” və “kapitulyasiya” kimi qələmə verməyə, cəmiyyət arasında siyasi manipulyasiya aparmağa cəhd edir. Lakin rəsmi Bakı prosesə təkcə bir cümlənin və ya ifadənin dəyişdirilməsi kimi deyil, Ermənistanın gələcək dövlətçilik və inkişaf modelinin köklü seçimi kontekstində yanaşır. Bu baxımdan, İrəvanın hüquqi müstəvidə atacağı bu addımın beynəlxalq auditoriyaya yönəlmiş siyasi mesaj, yoxsa real və geridönməz sülhün təməli olacağı sualı böyük maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli məsələnin siyasi və hüquqi incəliklərini şərh edib:
“Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılması o deməkdir ki, İrəvan ən azı hüquqi müstəvidə öz dövlətinin gələcəyini keçmişin ərazi iddiaları və revanşist ideologiyası ilə bağlamaqdan imtina etmək və əsas qanununu beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırmaq niyyətindədir. Çünki Ermənistanın hazırkı Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad var və həmin Bəyannamədə Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı siyasi-hüquqi yanaşma öz əksini tapıb”.
Deputatın sözlərinə görə, məsələ bir cümlənin, yaxud bir ifadəni dəyişdirilməsi deyil. Məsələ ondan ibarətdir ki, Ermənistan dövlət olaraq hansı inkişaf modelini seçir? Azərbaycan situativ sülh istəmir. Bu, bir hökumətin imzaladığı və gələcəkdə başqa hökumətin siyasi qərarı ilə mahiyyəti dəyişdirilə biləcək sənəd olmamalıdır. Sülh elə hüquqi-siyasi əsaslara söykənməlidir ki, sabah Ermənistanda hakimiyyət dəyişdikdə revanşist qüvvələr yenidən həmin iddiaları dövlət siyasətinə çevirə bilməsinlər. Azərbaycanın rəsmi mövqeyində də Ermənistan Konstitusiyasının sülh sazişinin mətninə və ruhuna uyğunlaşdırılması məhz bu kontekstdə izah olunur.
Elçin Mirzəbəyli qeyd edib ki, burada revanşist qüvvələrin mövqeyi də diqqət çəkir. Onlar bu prosesi “kapitulyasiya”, “milli maraqlardan imtina” və sair kimi təqdim etməyə çalışırlar. Amma əslində, onların narahatlığının kökündə başqa məqamlar dayanır:
“Bu adamların Ermənistanın siyasi həyatındakı mövcudluğunu təmin edən və Azərbaycana qarşı ərazi iddiaları üzərində qurulan saxta ideologiyanın əsassız, qondarma hüquqi dayaqları sıradan çıxır və təbii ki, onların özləri də bu saxta iddialarla birlikdə tarixin qaranlığına gömülürlər.
Əgər Ermənistan həqiqətən sülh istəyirsə, o zaman Azərbaycanın ərazi bütövlüyünü tanımaq yalnız siyasi bəyanat səviyyəsində qala bilməz. Bunun Ermənistanın hüquqi sistemində də qarşılığı olmalıdır. Əks halda, bu gün verilən bəyanatla sabah qüvvəyə minə biləcək konstitusion norma arasında ziddiyyət yaranacaq. Sülh isə ziddiyyətlərin üzərində qurula bilməz”.
Siyasətçi vurğulayıb ki, bu səbəbdən, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması mühüm siyasi addımdır:
“Bunu sülhün hərtərəfli təminatı hesab etmək də sadəlövhlük olardı. Çünki kağız üzərində dəyişikliklə siyasi düşüncənin dəyişməsi eyni şey deyil. Ermənistanın yeni Konstitusiyasında bu istinadın olmaması mühüm hüquqi-siyasi mesaj verəcək. Lakin əsas məsələ ondan sonra başlayır. Ermənistan hakimiyyəti bu xətti özünün real dövlət siyasətində davam etdirə biləcəkmi? Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyəyə münasibətdə qondarma iddialar üzərindən formalaşdırılmış düşmənçilik stereotiplərindən siyasi manipulyasiya vasitəsi kimi istifadə olunmasına imkan veriləcəkmi?”.
O bildirib ki, bunlar cavab tələb edən suallardır. Azərbaycanın Ermənistanın niyyətlərinə ehtiyatla yanaşmasının səbəbi də məhz budur:
“Etimad bəyanatlarla deyil, davranışla formalaşır. Azərbaycanın rəsmi nümayəndələri də Ermənistanın konstitusion dəyişikliklərini sülh prosesinin mühüm şərtlərindən biri kimi təqdim edərkən məhz davamlı və geri dönməz sülh məsələsini önə çəkirlər. Ona görə də Ermənistanın Konstitusiyasında ediləcək dəyişiklik ilk növbədə Ermənistan üçün seçimdir. İrəvan ya keçmişin siyasi yükünü öz gələcəyinə daşımağa davam edəcək, ya da Cənubi Qafqazın yeni reallığını qəbul edərək dövlətçiliyini sülh, suverenlik və ərazi bütövlüyünün tanınması prinsipləri üzərində quracaq”.
Deputat Azərbaycanın öz seçimini çoxdan etdiyini qeyd edib:
“Azərbaycan üçün əsas məsələ Ermənistanın hansı ifadəni Konstitusiyasından çıxarması deyil. Əsas məsələ odur ki, Ermənistan bundan sonra hansı siyasi xətti dövlət siyasətinə çevirəcək. Əgər Konstitusiya dəyişikliyi Ermənistanın ərazi iddialarından hüquqi-siyasi imtinası ilə, sülh sazişinin tam icrası və revanşizmin dövlət siyasətinə çevrilməsinin qarşısını alan real mexanizmlərlə müşayiət olunarsa, onda bu addım Cənubi Qafqazda yeni siyasi reallığın hüquqi təsdiqi kimi qiymətləndirilə bilər. Əks halda isə Konstitusiyanın dəyişdirilməsi sadəcə “hüquqi kosmetika” olaraq qalacaq.
Və burada əsas məsuliyyət artıq Ermənistan hakimiyyətinin üzərinə düşür. Çünki sülh üçün siyasi iradə nümayış etdirmək başqa, sülhü gələcək nəsillər üçün hüquqi və siyasi baxımdan geridönməz etmək tamam başqa məsələdir”,- deyə E.Mirzəbəyli əlavə edib.
Çimnaz Telmanqızı
14:50 / 19 Avqust 2026
10
14:49 / 19 Avqust 2026
8
14:44 / 19 Avqust 2026
22
14:30 / 19 Avqust 2026
44
14:24 / 19 Avqust 2026
47
14:15 / 19 Avqust 2026
56
14:05 / 19 Avqust 2026
46
13:59 / 19 Avqust 2026
59
13:45 / 19 Avqust 2026
56
13:37 / 19 Avqust 2026
61
13:30 / 19 Avqust 2026
55
13:10 / 19 Avqust 2026
69
13:06 / 19 Avqust 2026
67
12:59 / 19 Avqust 2026
63
12:52 / 19 Avqust 2026
317
12:49 / 19 Avqust 2026
289
12:45 / 19 Avqust 2026
77
12:38 / 19 Avqust 2026
75
12:32 / 19 Avqust 2026
106
12:30 / 19 Avqust 2026
63
12:16 / 19 Avqust 2026
63
12:01 / 19 Avqust 2026
77
11:52 / 19 Avqust 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.