Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

Ermənistandakı \"Zəngəzur təhlükəsi\" bəyanatlarına REAKSİYA: \"Prosesin qarşısını ala bilməzlər\"  

SİYASƏT

72

27.07.2026, 11:55

Ermənistanda regional kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması prosesinə qarşı vaxtaşırı müxtəlif bəyanatlar və qərəzli iddialar səsləndirilməkdədir. Son olaraq Ermənistan politoloqlar Assosiasiyasının rəhbəri Miqran Şahzadeyan Zəngəzur dəhlizinin ölkəsi üçün ciddi geosiyasi və təhlükəsizlik riskləri yaradacağını iddia edib. Şahzadeyan bildirib ki, layihənin icrası nəticəsində Ermənistan İranla əlaqələrini itirə, Rusiyadan təcrid oluna və hətta İran hərbçilərinin potensial hədəfinə çevrilə bilər. Lakin bu cür açıqlamalar regionda formalaşan yeni siyasi reallıqlar və tərəflər arasında əldə olunan razılaşmalarla üst-üstə düşmür. Ekspertlər dəhlizin bütün region ölkələri üçün böyük iqtisadi dividend və inteqrasiya imkanları açacağını vurğulayırlar. Bəs İrəvanda səslənən bu iddialar sülh sazişi üzrə danışıqlara və regional kommunikasiyaların açılmasına həqiqətən də təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Zəngəzur dəhlizi məsələsi artıq həll olunmuş sayıla bilər:

"Bu məsələ ilə bağlı müvafiq razılaşma əldə olunub, sənədlər imzalanıb. Sadəcə sülh müqaviləsinin rəsmiləşməsi və texniki işlərin görülməsi qalıb ki, dəhliz istifadəyə açılsın. Müxtəlif yönlü şəxslər bəzən bu dəhlizin açılması əleyhinə fikirlər səsləndirir, müxtəlif iddialar ortaya atırlar. Lakin hər hansı ehtimal və ya risk varsa, onunla bağlı diplomatik həll yolları da mövcuddur”.

Politoloq vurğulayıb ki, sözügedən dəhliz regionun heç bir ölkəsi üçün mənfi nəticə vəd etmir, əksinə, bütün tərəflərin iqtisadi inkişafına xidmət edir:

"Erməni politoloqun haqqında danışdığı ölkələrin özləri də bu dəhlizdən maksimum yararlana bilərlər. Bu cür bəyanatlar artıq həllinə qərar verilmiş Zəngəzur dəhlizinin açılmasına heç bir maneə yarada bilməz. Eyni zamanda sülh sazişinə və kommunikasiyaların açılması prosesinə xələl gətirmək gücündə deyil”.

Tural İrfan Ermənistanda bu cür mövqelərdən çıxış edən şəxslərin müstəqil olmadığını da diqqətə çatdırıb:

"Ermənistanda Rusiya və İranın bəzi pozucu maraqlarını təmsil edən qeyri-müstəqil şəxslərin söylədiyi əsassız fikirlər məsələnin mahiyyətini dəyişmir. Bu dəhliz erməni tərəfini məhrumiyyətlərə deyil, əksinə, daha geniş coğrafiyalara çıxışını təmin edəcək mühüm bir vasitədir”.

Çimnaz Telmanqızı