Nazir Oktay Babayevi vəzifəsindən azad etdi
01 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
478
01.05.2026, 13:39
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri kateqoriyasına daxil edilir.
Qeyd edilib ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb. Bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Oxu24.com xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 33.-1-ci fəsildə əksini tapıb.
Layihəyə əsasən, rüsumsuz ticarət idxal gömrük rüsumları və vergilər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisinə gətirilmiş xarici malların gömrük ərazisini tərk edən fiziki şəxslərə şəxsi istifadə (istehlak) üçün pərakəndə qaydada rüsumsuz ticarət mağazalarında satılmasını nəzərdə tutan xüsusi gömrük prosedurudur. Daxili malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilərək satışı gömrük orqanlarının icazəsi ilə həyata keçirilir. Malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Rüsumsuz ticarət mağazalarının yerləşdiyi ərazi gömrük nəzarəti zonası hesab olunur. Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında malların yerləşdirilməsi və satışı gömrük orqanlarının nəzarəti ilə həyata keçirilir.
Rüsumsuz ticarət mağazalarının yaradılmasına icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi, ləğvi və şərtlərinə riayət olunmasına nəzarət “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı rüsumsuz ticarət mağazalarının reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti həmin mallar təkrar ixrac və ya digər gömrük proseduru altında yerləşdirildikdə, məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda başa çatmış hesab olunur.
Rüsumsuz ticarət mağazası ləğv edildikdə rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mallar təkrar ixrac və ya bütün gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında, bu mümkün olmadıqda isə müvəqqəti saxlanc və ya gömrük anbarında yerləşdirilməlidir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək.
Həmçinin oxuyun
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir. Təklif olunan dəyişiklik malların saxlanması və bu sahədə xərclərin azaldılmasına yönəlməklə, malların saxlancının gömrük orqanının icazəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən anbarlarda və gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində həyata keçirilməsi imkanını müəyyən edir. Bu dəyişiklik xarici ticarət iştirakçıları üçün mühüm əhəmiyyətə malik olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Beynəlxalq təcrübədə ölkələrin iqtisadi siyasətində əhəmiyyətli mövqe qazanmış və etibarlı tərəfdaş rolunu oynayan “Səlahiyyətli İqtisadi Operator” institutu təkmilləşdirilir, bu statusun verilməsi “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək, reyestr yaradılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, səlahiyyətli iqtisadi operator statusu malların təyinat yerinə təhlükəsiz qaydada çatdırılması və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsi üçün veriləcək. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğv edilməsi “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətli iqtisadi operatorların reyestrini aparacaq, onların siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilə əsasında tanınacaq.
Səlahiyyətli iqtisadi operator statusu almış şəxs fəaliyyəti dövründə bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.
Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtləri, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Gömrük təmsilçiliyi yenidən instututlaşdırılır, “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəzlənir. Bundan başqa, reyestr yaradılacaq, birbaşa gömrük təmsilçiliyi olacaq, bu sahə üçün lisenziya tələbi ləğv ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, “dolayı gömrük təmsilçisi” olmaq üçün müvafiq reyestrə daxil olma şərtdir. “Dolayı gömrük təmsilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar dolayı gömrük təmsilçiliyi hüquqi şəxslər tərəfindən həyata keçiriləcək. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, dolayı gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirəcək və onun kimi məsuliyyət daşıyacaq. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri bəyannaməçi qismində dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs tərəfindən gömrük orqanına elektron formada təqdim olunacaq.
Layihəyə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif olunan dəyişiklik bu daşıyıcıya tələbin sadələşdirilməsini, daşıyıcı ola biləcək şəxslərin dairəsinin genişləndirilməsini və lisenziyanın ləğvini ehtiva edir. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı alınacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.
Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən “Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.
Qeyd edilən maddəyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əməkhaqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar olaraq 9.1-ci maddə yeni redaksiyada verilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
15:17 / 01 May 2026
4
15:15 / 01 May 2026
13
15:08 / 01 May 2026
32
15:05 / 01 May 2026
24
15:04 / 01 May 2026
36
15:01 / 01 May 2026
22
14:57 / 01 May 2026
24
14:47 / 01 May 2026
79
14:33 / 01 May 2026
397
14:30 / 01 May 2026
171
14:06 / 01 May 2026
435
14:04 / 01 May 2026
88
14:01 / 01 May 2026
60
13:59 / 01 May 2026
64
13:51 / 01 May 2026
50
13:47 / 01 May 2026
51
13:39 / 01 May 2026
71
13:37 / 01 May 2026
97
13:35 / 01 May 2026
83
13:32 / 01 May 2026
58
13:29 / 01 May 2026
58
13:28 / 01 May 2026
54
12:57 / 01 May 2026
213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.