Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyevin BƏYANATI

Prezident İlham Əliyevin BƏYANATI

SİYASƏT

162

11.03.2026, 20:34

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata bəyanatlarla çıxış ediblər.

Oxu24.com  xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən Avropa İttifaqı Şurasının Prezidentini salamlayıram. Cənab Prezident, Sizi qəbul etməkdən çox məmnunam. Ötən il iki dəfə görüşmüşük və çox yaxşı müzakirələrimiz olub. Yadınızdadırsa, mən Sizi Azərbaycana səfərə dəvət etdim. Dəvətimi qəbul etdiyinizə görə minnətdaram. Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.

Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.

Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz. Təbii ki, xüsusi olaraq, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Cənab Prezidentə söylədiyim kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz bu gün sonra söhbətimizi davam etdirəcəyik. Bizimlə olduğunuza görə, cənab Prezident, bir daha təşəkkür edir, Sizə xoş səfər arzulayıram.

x x x

Sonra Avropa İttifaqı Şurasının Prezidenti bəyanatla çıxış etdi

Prezident Antonio Koştanın

bəyanatı

-Günortanız xeyir. İlk növbədə, burada Bakıda olmaqdan məmnunam. Prezident Əliyev, xüsusilə regionda geosiyasi vəziyyətin sürətlə dəyişməsi kimi mürəkkəb şəraitdə dəvətinizə və səmimi qarşılamanıza görə Sizə təşəkkür edirəm.

Mən Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə etmək istərdim. İcazə verin, Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına şərait yaratdığı üçün Azərbaycanın göstərdiyi yardıma görə səmimi minnətdarlığımı çatdırım. Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır. Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə birgə baxışımıza dair güclü siqnal verir. Biz, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq.

Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bizim enerji sahəsində hazırkı tərəfdaşlığımız heç zaman olmadığı kimi daha əhəmiyyətlidir. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Biz, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini sizin geniş planınızda daha fəal iştirak etməyə çağırırıq.

Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir.

Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır.

Biz həqiqi sülhün təkcə siyasi razılaşmalar, Sizin dediyiniz kimi kağız üzərində yox, insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulduğunu bilirik. Qarşılıqlı iqtisadi asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan birmənalı yoldur və Avropa İttifaqı hamının faydası üçün bu imkanlardan yararlanmağa kömək etməyə hazırdır. Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir. Mən İranda və Yaxın Şərqdə baş verən, sizə çatmış təhlükəli hərbi eskalasiya fonunda üzləşdiyiniz çağırışları bilirəm. İcazə verin, bir daha Avropa İttifaqı adından Azərbaycan və onun xalqı ilə tam həmrəy olduğumuzu ifadə edim.

Biz bu yaxınlarda İran tərəfindən Naxçıvan hava limanına edilmiş hücumu qətiyyətlə pisləyirik. Regional sabitliyi və təhlükəsizliyi Beynəlxalq Millətlər Təşkilatının və beynəlxalq hüququn prinsiplərinə tam riayət edərək qorumaq zəruridir. Avropa İttifaqı bütün gərginliyi azaltmaq və vətəndaşları qorumaq üçün dialoq və diplomatiya vasitəsilə bütün tərəfdaşlarla işləməyə sadiqdir. Vəziyyətin daha da kəskinləşməsi təkcə Yaxın Şərqi deyil, Avropanı və daha geniş dünyanı təhlükə altına atır.

Bununla belə, cərəyan edən son hadisələr beynəlxalq hüquqa zidd olaraq zorakı fəaliyyətin narahatedici tendensiyasını bildirir. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq beşinci ildir ki, davam edir. Bu müharibə Avropa üçün ekzistensial təhlükə olaraq qalır və qlobal miqyasda vəziyyəti poza biləcək amildir.

Qlobal sabitsizlik fonunda aramızdakı əlaqələri gücləndirmək heç zaman olmadığı qədər vacibdir. Biz 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

Sonda icazə verin, bir daha vurğulayım ki, Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik.

Növbəti aylarda Sizi Brüsseldə qəbul edəcəyimə ümid edirəm.

Çox sağ olun, cənab Prezident.