Prezidentdən SƏRƏNCAM: Plan TƏSDİQLƏNDİ
27 Fevral 2026, 14:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5935
27.02.2026, 16:27
Azərbaycanda doğum niyə azalır? – Ekspertlərdən həyəcan təbili
Ölkəmizdə doğum sayı azalır. 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95875 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb. Bu məlumat Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafına dair makroiqtisadi göstəricilərində yer alıb. Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub.
Maliyyə Nazirliyinin 2026–2029-cu illəri əhatə edən ortamüddətli xərclər sənədində qeyd olunur ki, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması fonunda pensiyaçıların sayının artması, işləyənlərin sayının isə azalması gələcəkdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmaları azalda bilər. Bu səbəbdən, pensiya sistemində islahatların aparılması da istisna edilmir.
Azərbaycanda doğum göstəriciləri niyə aşağı düşür? Yaxın bir neçə ildə ölkəmizi demoqrafiq böhran gözləyir?
Sosioloq, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub Oxu24.com-a deyib ki, Azərbaycanda doğum səviyyəsinin azalmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, əsas amillərdən biri insanların həyata baxışının dəyişməsidir:
“Ötən əsrin 60-cı illərində Azərbaycanda bir anaya orta hesabla 6–7 uşaq düşürdü. Hazırda isə bu göstərici təxminən 1-2 civarındadır. Bu gün ailələr artıq iki uşaq səviyyəsinə belə çatmır. Bunu yalnız sosial-iqtisadi səbəblərlə izah etmək düzgün olmaz. Əgər məsələ təkcə maddi vəziyyətlə bağlı olsaydı, 60-cı illərdə doğum daha az olmalı idi. Halbuki o dövrdə insanların sosial rifahı indiki qədər yüksək deyildi. Əsas dəyişiklik insanların dünyagörüşündədir. Keçmişdə valideynlər övladın repetitor yanına getməsi, bahalı məktəbdə oxuması, müxtəlif kurslara və ya səyahətlərə aparılması kimi məsələləri bu qədər düşünmürdülər. Bu gün isə ailələr uşağın təhsili, geyimi, texnologiyaya çıxışı və digər imkanları üçün daha çox məsuliyyət hiss edirlər. Nəticədə valideynlər daha az sayda uşaq sahibi olmağa üstünlük verirlər. Onlar düşünürlər ki, bir və ya iki övladı daha yaxşı şəraitdə böyütmək mümkündür. Bu gün maraqlı məqamlardan biri də odur ki, maddi imkanı daha yüksək olan ailələrdə də uşaq sayı çox olmur. Əksər hallarda onlar bir və ya iki uşaqla kifayətlənirlər. Eyni zamanda insanlar özlərinə də vaxt ayırmaq, istirahət etmək istəyirlər. Həyat tərzi dəyişib və bu da doğum səviyyəsinə birbaşa təsir göstərir”.
Sosioloq doğum səviyyəsinin azalmasının digər mühüm səbəblərini belə izah edib:
“Digər mühüm amil isə sosial-iqtisadi faktorlarla bağlıdır. Evliliklərin gecikməsi, nikah yaşının yüksəlməsi, boşanmaların artması doğum səviyyəsinə birbaşa təsir edir. Bütün bunlar ümumi artım tempinin azalmasına gətirib çıxarır.
Fikrimcə, Azərbaycanda bu tendensiya hələ bir müddət davam edəcək. Təəssüf ki, biz tədricən Avropa modelinə yaxınlaşırıq. Avropa İttifaqı ölkələrinin əksəriyyətində doğum səviyyəsi demək olar ki, sıfıra yaxınlaşır, bəzilərində isə mənfi göstərici qeydə alınır. Yəni əhali təbii şəkildə azalır.
Məsələn, Rusiyada hər il təbii azalma nəticəsində əhali təxminən 800 min nəfər azalır və bunun qarşısını almaq çox çətindir. Təəssüf ki, oxşar tendensiya Azərbaycanda da hiss olunmağa başlayıb.
Bu prosesin qarşısını almaq üçün dövlətin aktiv müdaxiləsi vacibdir. Təşviqedici addımlar atılmalıdır. Məsələn, üçüncü uşağın dünyaya gəlməsi üçün xüsusi güzəştlər tətbiq edilə bilər. Uşaq pullarının bərpası da müəyyən mənada demoqrafik artıma müsbət təsir göstərə bilər”.
Sosioloq Hüseyn İbrahimov Oxu24.com-a açıqlamasında bildirib ki, hazırda dünyanın bir çox ölkəsində demoqrafik problemlər müşahidə olunur:
“Bəzən bu problemlər əhalinin sosial vəziyyəti ilə tam adekvat olmur. Bu gün rəsmi statistikaya baxdıqda doğumun azalması və demoqrafik artım tempinin zəifləməsi müşahidə olunur. Doğumun azalmasının bir neçə səbəbi var. İlk növbədə, ailələrin yanaşması dəyişib. Bu gün daha çox ailə az uşaqlı olmağa üstünlük verir. Digər tərəfdən, gənclərin həyat prioritetləri də dəyişib. Keçmişdə valideynlərin təkidi ilə erkən yaşda ailə quranların sayı daha çox idi. Bu gün isə valideynlər övladlarının seçimlərinə daha az müdaxilə edirlər. Gənclər isə daha çox təhsil almağa, karyera qurmağa və sosial vəziyyətlərini yaxşılaşdırmağa üstünlük verirlər. Nəticədə əvvəlki illərlə müqayisədə 18–24 yaş arasında ailə quranların sayı da azalıb”
H. İbrahimov əlavə edib ki, son illər nikah yaşı yüksəlir:
“Hazırda 25 və daha yuxarı yaşda ailə quranların sayı artır. Nikah yaşının yüksəlməsi isə statistik baxımdan doğum sayına təsir göstərir və demoqrafik artım tempini zəiflədir. Digər ciddi məsələlərdən biri də boşanmaların artmasıdır. Boşanma halları doğum statistikasına birbaşa təsir edir. Belə ki, bəzi ailələr ümumiyyətlə uşaq sahibi olmadan ayrılır, bəziləri isə bir uşaqdan sonra boşanır və sonradan yenidən ailə qurmur. Bu kimi hallar ümumi demoqrafik göstəricilərdə azalmaya səbəb olur. Boşanmaların artması eyni zamanda sosial-psixoloji təsir də yaradır. Gənclər ailə qurmaq məsələsində daha ehtiyatlı davranmağa başlayırlar. Onlar qərar verməzdən əvvəl daha çox düşünür, tərəddüd edirlər. Bu isə nikahların sayına təsir edir. Bundan başqa, son illər xarici vətəndaşlarla ailə quran azərbaycanlı qızların sayı da artır. Digər tərəfdən, yeni ailə modelləri də formalaşır. Bəzi cütlüklər ailə qursalar da, uzun müddət və ya ümumiyyətlə uşaq sahibi olmaq istəmirlər. Bütün bu amillər ölkədə demoqrafik proseslərə öz təsirini göstərir”.
Həmçinin oxuyun
Mövzu ilə bağlı Oxu24.com-a danışan iqtisadçı alim Vüsalə Əhmədova deyib ki, istənilən ölkədə urbanizasiya və təhsil səviyyəsinin artması və buna paralel olaraq da, iqtisadi qeyri-müəyyənliklər doğum səviyyəsinin azalmasına gətirib çıxaran əsas amillərdir:
“Azərbaycan da istisna deyil. Özəlliklə ölkəmizdə heç kimə sirr deyil ki, real gəlirlərin artım tempi həyat xərclərinin artımından geri qalır. Uşaq böyütmək ciddi xərc tələb edir. Uşağın qidalanması, geyimi, gigiyenası, sağlamlığı, təhsili, əlavə məşğələləri və s. ailə büdcəsinin önəmli hissəsini tutur. Heç bir iş stabil deyil, qadınlar üçün iş imkanları çox məhduddur, əksəriyyət vətəndaşın kredit borcu var. İnflyasiya fonunda gündəlik xərclərin artması ailə büdcəsinə təzyiq edir. Və bunların nəticəsi olaraq da, ailələr uşaq tərbiyyə etmək kimi uzunmüddətli öhdəliklərdən çəkinirlər. Böyük şəhərlərdə, xüsusilə Bakıda mənzil qiymətlərinin yüksək olması gənc ailələrin ayrıca ev sahibi olmasını çətinləşdirir. İpoteka şərtləri əlçatan deyil. Kiçik sahəli mənzillərdə çoxuşaqlı ailə modeli necə real görünə bilər? Özəl bağça və məktəblərin qiymətlərindən isə heç danışmıram. Əgər iqtisadi təhlükəsizlik hissi güclənərsə ailələr uşaq sahibi olmağı daha çox arzu edərlər. Uşaq doğumuna görə verilən birdəfəlik müavinətlərin məbləği artırılmalıdır. Dəfələrlə deyirik ki, hər bir uşaq üçün real yaşayış minimumuna uyğun aylıq müavinətlər verilsin. Çoxuşaqlı ailələr üçün kommunal güzəştlər edilsin. Gənc ailələr üçün aşağı faizli və uzunmüddətli ipotekalar verilməlidir. Dövlət bağçalarının sayı artırılmalıdır”.
İqtisadçı vurğulayıb ki, ölkənin gələcək əhali artımı və ya azalması tendensiyasını müəyyən edən əmsal var. Buna, TFR (Total Fertility Rate) və ya Azərbaycan dilində "ümumi doğum əmsalı" deyirik:
“Əmsalın təxminən 2.1 səviyyəsində olması vacibdir. Məsələn, AB ölkələrinin ortalaması 2022-2023-cü illərdə təxminən 1,5 uşaq olub, bu da davamlı azalma deməkdir. Avropa ölkələri bu tendensiyanı iqtisadi siyasətlə aradan qaldırmağa çalışır və buna da nail olurlar. Birbaşa uşağa verilən pul yardımı ilə doğum səviyyəsi həmişə eyni dərəcədə yüksəlməyə bilir, lakin pul yardımı effekti əksər ölkələrdə güclüdür. Uşağa birbaşa pul müavinətlərinin doğum səviyyəsi ilə korrelyasiyası ən yüksək olan ölkələrə baxsaq bunlar, Birləşmiş Krallıq - 0.90, Niderland - 0.89, Estoniya - 0.87, İspaniya - 0.86, Polşa - 0.84, Çexiya - 0.82 və s. ölkələrdir. Macarıstan uzun illərdir ailə dəstəyinə böyük məbləğlər xərcləyir və bu nəticədə TFR göstəricisində 2010-2020 dövründə təxminən 1,25-dən 1,5-ə qədər artım olub. Universal uşaq müavinəti dövründə İspaniyanın TFR əmsalında təxminən 3%-lik artım müşahidə olunub. Proqram ləğv olunduqda isə bu artımın geri çəkildiyini müşahidə etdilər. Ümumiyyətlə OECD hesablamalarına görə, ən geniş ailə dəstək sistemi olan ölkələr Fransa, Skandinav ölkələri və Macarıstandır. Hesabatlar göstərir ki, doğum qərarına mənfi təsir göstərən əsas iqtisadi faktorlardan biri də, mənzil xərclərinin artmasıdır. Bu səbəbdən uğurlu siyasət yalnız maliyyə dəstəyini deyil, həmçinin, mənzil və həyat xərcləri, uşaq baxımı xidmətləri, vergi və kommunal güzəştlər kimi çoxşaxəli amilləri əhatə etməlidir”.
Oxu24.com-a danışan millət vəkili Arzuxan Əlizadə qeyd edib ki, ölkədə doğum sayının azalması hər birimizi ciddi narahat edən, bəlkə də ən vacib problemlərdən biridir:
“Bu tendensiya gələcəkdə ölkənin genefondu üçün ciddi risklər yarada bilər. Ölkədə yeni nikaha daxil olanların sayı azalır. Eyni zamanda statistik məlumatlar boşanmaların sayının kifayət qədər yüksək olduğunu göstərir. Bu isə cəmiyyət üçün həyəcan siqnalı olmalıdır. Yeni evlənən ailələr əksər hallarda ən yaxşı halda iki uşaq dünyaya gətirməyə üstünlük verirlər, bir çox hallarda isə yalnız bir uşaqla kifayətlənirlər. Bu isə gələcəkdə demoqrafik vəziyyətə ciddi təsir göstərə biləcək amillərdəndir. Mütəxəssislər bildirirlər ki, ailədə bir uşaq varsa, bu azalma deməkdir. İki uşaq olduqda balans qorunur. Əhali artımının hiss olunması üçün isə üç və daha çox uşaq olmalıdır. Mövcud vəziyyət ürəkaçan deyil və cəmiyyət bu məsələ ilə bağlı daha ciddi düşünməlidir. Lakin bu istiqamətdə hələ də ciddi nəticələr əldə olunmayıb, əksinə, uşaq doğumu ilə bağlı azalma davam edir”.
Deputat əlavə edib ki, mənzil əldə etməyin getdikcə çətinləşməsi də gənclərin ailə qurmasına və ailələrdə daha çox uşağın dünyaya gəlməsinə ciddi təsir göstərir:
“Yeni qurulan ailələrə və uşaq böyüdən gənc ailələrə dövlət tərəfindən əlavə stimullar verilməlidir. Dövlət bu istiqamətdə əlavə güzəştlərə getməli, ailələrin çoxuşaqlı olması təşviq olunmalıdır. Hazırda qanunvericiliyə əsasən beş və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab edilir. Uzun müddətdir cəmiyyətdə bu meyarın dəyişdirilməsi, yəni üç və daha çox uşağı olan ailələrin də çoxuşaqlı ailə kimi qəbul edilməsi məsələsi müzakirə olunur. Bu məsələ ciddi şəkildə araşdırılmalı və mütəxəssislərin rəyləri nəzərə alınmalıdır. Əsas məqsəd gənclərə ailə qurmaq üçün stimul yaratmaq, yeni qurulan ailələrdə uşaqların dünyaya gəlməsini təşviq etmək olmalıdır. Dövlət bu sahədə əlavə tədbirlər həyata keçirməlidir. Belə addımlar ailələrdə doğum göstəricilərinin artmasına kömək edə bilər. Əks halda, gələcəkdə ölkənin demoqrafik vəziyyətinə və əhalinin sayına ciddi təsir göstərə bilər”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "gender, ailə və domoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.
18:00 / 27 Fevral 2026
9
17:44 / 27 Fevral 2026
35
17:21 / 27 Fevral 2026
392
17:17 / 27 Fevral 2026
261
16:53 / 27 Fevral 2026
86
16:50 / 27 Fevral 2026
43
16:48 / 27 Fevral 2026
40
16:43 / 27 Fevral 2026
33
16:16 / 27 Fevral 2026
58
16:08 / 27 Fevral 2026
429
15:50 / 27 Fevral 2026
287
15:37 / 27 Fevral 2026
103
15:33 / 27 Fevral 2026
75
15:11 / 27 Fevral 2026
238
15:05 / 27 Fevral 2026
67
14:50 / 27 Fevral 2026
415
14:48 / 27 Fevral 2026
383
14:47 / 27 Fevral 2026
63
14:28 / 27 Fevral 2026
526
14:21 / 27 Fevral 2026
76
14:18 / 27 Fevral 2026
85
14:10 / 27 Fevral 2026
92
14:08 / 27 Fevral 2026
292
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.