Tale deyilən nəsnə yaranışdan insanın əlində deyil, ola bilər ki, ağlınla hadisələrə cüzi təsir göstərib onu öz xeyrinə yönəldə bilərsən, amma bütünlüklə heç nəyi dəyişə bilməzsən. Əgər o sənin taleyindirsə, ağıl da taleyinə nə qədər düşübsə o qədərdir, sonradan hansısa xidmətlərinə görə artırılmır. Düzdür, insan ömür boyu nəyisə dəyişməyə cəhdlər göstərir... amma yenə əvvəlcədən kodlaşdırılmış formada ömrü sona çatır.
Tanrının bütün yaratdıqları kimi qəhrəmanımız da Tanrının ona bəxş etdiyi əmanət ömrü kodlaşdırıldığı kimi yaşadı və...
“Əhməd hardadır?”ın qəhrəmanı
Səyavuş Şəfiyevdən danışacağıq. Onun qəribə olduğu qədər də maraqlı taleyindən. Bəlkə kimlərəsə bu ad heç nə demir, amma öz dövrünün çox populyar, sevilən şəxsiyyəti olub. Adı dillərdə gəzib, Bakıda, Moskvada, keçmiş SSRİ-nin məkanının kumirlərindən biri idi. Onu bir dəfə görmək üçün saatlarla keçəcəyi küçədə dayanıb gözləyənlər olardı. Bacıları deyir ki, evimizdə telefonun dəstəyi yerə dəyməzdi, bəzən Səyavuş özü də bezib telefona gəlməzmiş.
Bizim nəsil isə Səyavuş Şəfiyevi kinolardan tanıyır. “Əhməd hardadır?”dan Əhməd, “Uşaqlığın son gecəsi”ndən Rüstəm və “Nəsimi”, “Nizami” kimi filmlərdə oynadığı epizodik rollardan.
Məhəmməd və Südabə Şəfiyevlərin ailəsində beş uşaq böyüyürdü. İki oğlan, üç qız. Böyüyü Səyavuş 1937-ci ildə, o vaxt onların ailələri kimi yüzlərlə ailənin repressiya xofu, ağrısı ilə yaşadığı vaxt dünyaya gəldi. Onda Məhəmməd Şəfiyev doğulduğu Cəbrayıl qəzasının Xanlıq kəndində rəhbər vəzifədə çalışırdı. (İndi həmin kənd işğalda inləyən Qubadlı rayonu ərazisindədir) 1941-ci ildə onu cəbhəyə göndərirlər. Ayağından yara alıb ordudan tərxis olunan kapitanı Beyləqan rayonuna birinci katib təyin edirlər. Səyavuş orada ibtidai sinfi bitirir. Bakıya köçmələri isə yenə Məhəmməd Şəfiyevin Mərkəzi Komitəyə şöbə müdiri təyin olunması ilə bağlı olur. Beləliklə, Səyavuş Şəfiyev Bakıda orta məktəbi bitirir. Ata-anasının arzusu bütün azərbaycanlı valideynlər kimi, onu hüquqşünas, həkim görmək idi. Səyavuşun isə daxili dünyası başqa sənəti diktə edirdi. Hələ orta məktəbdə oxuyanda dram dərnəklərinə, idmana gedirdi. Həmyaşıdlarının qibtə etdiyi bədən quruluşu vardı. Hamı ona səhnə adamı üçün istedadı və görkəmi olduğunu deyirdi. Odur ki, Səyavuş valideynlərinin istəyinə zidd çıxıb sənədlərini Moskva Sirk Sənət Məktəbinə verir və qəbul olunur.
Elə orda da sirk fəaliyyətinə başlayır və sevilməyə başlayır. Uğur uğur arxasınca gəldikcə Səyavuş Bakı üçün daha çox darıxır. Hər gün bu alqışları Bakıda qazanmağın həvəsi ilə yaşayır və bu istək onu geri, Bakıya çəkir. Gəlib Azərbaycan Milli Sirk Kollektivinə qoşulur.
Valideynlər isə yavaş-yavaş onunla barışmalı olurlar. Səyavuş Şəfiyev Bakı Teatr İnstitutunun rejissorluq fakültəsində oxuya-oxuya sirkdə çalışır. İnstitutda isə Adil İsgəndərovdan dərs alır. Dəvət olunduğu “Koroğlu” filmində Koroğlu roluna sirk kollektivi ilə qastrola getdiyindən çəkilə bilmir. Amma ustadı Adil İsgəndərov “Əhməd haradadır?” filmində Əhməd rolunda ancaq onu gördüyündən qastroldan qayıtmasını da gözləyir. Əhməd obrazına - qaraqaş, qaragöz, qamətli azərbaycanlı oğlu üçün Səyavuş ideal surət idi.
Qorxdu, iti zəncirlədilər
Adil İsgəndərovun onu çox tanınmış, peşəkar sənətkarlarla bir filmə çəkməsini Səyavuş Şəfiyev ömür boyu xoş hisslərlə xatırlayardı. Amma orada bəzi səhnələrdə çox çətinlik çəkdiyini də xatirələrində danışıb. Məsələn, pəncərədən, hasardan tullanmasını idmançı olduğundan özü etsə də, it üstünə gələndə çox qorxduğunu da etiraf edirmiş. Axırda hasardan atılanda üstünə gələn iti zəncirləməli olurlar ki, ona qədər qaça bilməsin və Səyavuş-Əhməd rahat çəkilə bilsin. “Uşaqlığın son gecəsi” filmində isə Rüstəm Elyanı qucaqlayıb öpdüyü səhnə var. Rejissor nə qədər çalışırsa, Səyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar. Aktyor utandığından qızı öpmür.
Bu arada Səyavuş Şəfiyev daha bir hərəkəti ilə valideynlərinin ziddinə getmiş olur. Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib onu Bakıya gətirir. Anasından qorxduğundan gəlini nənəsinin yanında saxlayır, bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gətirir ki, gizli ailə qurulmaz. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar. Onların bir qızı da dünyaya gəlir. Səyavuşun isə həm milli sirk kollektivi, həm də Azərbaycan kinosunda şöhrəti birə beş artırdı. Artıq əməkdar artist idi, amma mənzili yox idi. Hökumətə müraciət edir, baxırlar, amma ona evi mikrorayonda panel binada verirlər.
Səiyavuş Şəfiyev imtina edir: “Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram”, – deyib inciyir.
Oğlunun sındığını görən anası Südabə xanım çox narahatlıq keçirir və 1970-ci il noyabrın 25-də insult keçirib beyninə qan sızması ilə dünyasını dəyişir. Səyavuşun incik qəlbi daha bir yara alır. Ömründə yaşarmayan gözlərindən göz yaşları yanaqları boyu axır. Özünü anasının ölümündə günahkar hesab edir və içindən gələn bir duyğu ilə “mən də belə öləcəm” deyir.
Onu döşəməyə yıxılmış tapdılar
Bu o dövr idi ki, Moskva sirk kollektivi Səyavuşu geri qaytarmaq üçün cəhdlər edirdi. Onu orada fəxri adla yanaşı, mənzil şəraiti, dünyaya çıxmaq imkanları gözləyirdi.
Ailəsini də götürüb gedir. Moskva sirk birliyinin baş rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Səyavuş Şəfiyev sevimli işi, ailəsi ilə bir yerdə olsa da, Bakıya qarşı içində qəribə bir nisgil vardı. Nə vaxtsa Bakıya qayıdacağının ümidi ilə yaşayırdı. Bacıları üçün də darıxırdı. Bir ayağı Fransada, İtalyada, biri Almaniyada dolaşır. Bir gün yenə rəhbərlik etdiyi sirk kollektivi ilə Fransanın Havr şəhərində gecəni mehmanxanada qalırlar, sabah çıxışları olacaqdı. Səhər hamı məşqə gəlib, Səyavuş Şəfiyev yoxdur. Çox məsuliyyətli adam olduğundan, həmişə hamıdan tez məşqə gəldiyindən yoldaşları təəccüblənirlər. Qaldığı otağın qapısını açanda hamı şoka düşür. Səyavuş Şəfiyev döşəmənin üzərində huşsuz vəziyyətdə tapılır. İnsult keçirib, beyninə qan sızıb, eyni ilə anası kimi.
Moskvada yaşayan bir qrup azərbaycanlı ziyalı, o cümlədən Rüstəm İbrahimbəyovun, Polad Bülbüloğlunun köməkliyi ilə Səyavuşun xanımı Lyubanı Fransaya göndərə bilirlər. Sonra da Səyavuş Şəfiyev Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Bakıya gətirmək istəyirlər Səyavuş Şəfiyev əl işarəsi ilə bu vəziyyətdə Bakıya getmək istəmədiyini başa salır. Bu onun arzusu deyildi, arzusu Bakıya başqa cür gəlmək idi.
Sənətkar doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, illər öncə anasını itirdiyi həmin gün ikinci insult onun əzablarına son qoyur. Vəsiyyətinə uyğun olaraq Səyavuş Şəfiyev Bakıya gətirilib doğma torpağına tapşırılır.
Cənazədə hamı vardı, doğmalar, dostlar, onu sevən, onun tanımadıqları belə. Bir qızı Cəmilədən başqa. Amerikada yaşayan və ana olacağı günləri sayan Cəmiləni təyyarəyə minməyə qoymamışdılar. Qız atasının qəbir daşına yazılan bu misraları yazıb göndərə bilmişdi.
“Dostum, sevincim-fərəhim, fəxrim, idealım, yeganə sevdiyim atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç unutmayacam. Həmişə olduğu kimi başım üzərində parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların.”
Bu da belə bir tale idi. İnsanın dəyişməyə can atdığı, amma dəyişmək gücündə olmadığı tale. Necə kodlaşdırılmışdısa elə yaşadı və... getdi.
EPİLOQ
İndi Amerikada Səyavuşun qızı və əkiz nəvələri yaşayır.
Ramilə Qurbanlı (“33 pərdəli dram” - 2015)
Oxu24.com
ŞƏRHLƏR