Boşanmadan sonra soyad mübahisəsi: hüquq nə deyir?
03 İyul 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
631
12.04.2026, 21:10
Xəbər verdiyimiz kimi, son dəyişikliklər çərçivəsində Әmək Məcəlləsinə “ezamiyyət” anlayışı əlavə edilib. Burada əsas məqsəd həm işəgötürən, həm də işçi üçün ezamiyyətlə bağlı hüquq və vəzifələrin qanunvericilik çərçivəsində müəyyənləşdirilməsidir. Bəs işçilərin ezamiyyətlə bağlı hansı hüquq və vəzifələri ӘməkMəcəlləsinə aid edilib?
Oxu24.com xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Әmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş “o” bəndində işçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ təsbit edilib. Maddədə əksini tapan əsas məqamlara ayrıca diqqət yetirək.
Birinci məqam ondan ibarətdir ki, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normaları” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş ezamiyyə xərcləri normaları nəzərdə tutulur. Xatırladaq ki, həmin qərarla həm Azərbaycan Respublikasının ərazisində, həm də xarici ölkələrə ezamiyyət zamanı tətbiq olunan gündəlik ezamiyyə xərcləri normaları müəyyən edilib.
İkinci məqam isə ondan ibarətdir ki, işəgötürən ezamiyyətə göndərilən işçiyə Nazirlər Kabinetinin müəyyən etdiyi normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini ödəmək öhdəliyinə malikdir. Belə ki, Nazirlər Kabinetinin 14 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 90 manat məbləğində müəyyən edilib.
Misal 1: İşəgötürənin tapşırığına əsasən, işçi 3 gün müddətinə Naxçıvan şəhərinə ezam edilib. Nazirlər Kabinetinin 14 nömrəli Qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizi mehmanxana xərclərinə aid edilir. Naxçıvan şəhəri üzrə gündəlik ezamiyyə normasının 100 manat olduğunu nəzərə alsaq, işçinin azı 230 manat məbləğində ezamiyyə xərci almaq hüququ vardır:
100 x 2 = 200 manat;
100 x 30% x 1 = 30 manat;
200 + 30 = 230 manat.
Təcrübədə işçinin ezamiyyətə göndərilməsi ilə bağlı bəzi hallarda anlaşılmazlıqlar yaranırdı. Belə ki, işəgötürən işçini ezamiyyətə göndərmək istədikdə, işçi ezamiyyət tarixinin ona uyğun olmadığını əsas gətirərək ezamiyyətə getməkdən imtina edirdi. İmtinanın əsaslandırılması isə çox vaxt əmək müqaviləsində və ya Әmək Məcəlləsində ezamiyyətə getmə ilə bağlı konkret normanın mövcud olmaması ilə izah edilirdi.
Bu kimi anlaşılmazlıqların aradan qaldırılması məqsədilə Әmək Məcəlləsinə “ezamiyyət” anlayışı ilə yanaşı, işəgötürənin və işçinin hüquq və vəzifələrinə dair müvafiq əlavələr edilib. Belə ki, Әmək Məcəlləsinin 10-cu maddəsinin “f” bəndinə əsasən, bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək işçinin vəzifəsi hesab edilir.
Maddənin məzmunundan göründüyü kimi, qanunvericilikdə işçilər üçün ezamiyyətə göndərilmə ilə bağlı müəyyən məhdudiyyətlər də nəzərdə tutulur.
Birinci məhdudiyyət Әmək Məcəlləsinin 254-cü maddəsində əksini tapıb. Həmin maddənin birinci hissəsinə əsasən, yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi qadağan edilir.
Ezamiyyətə göndərilmə ilə bağlı digər məhdudiyyət Әmək Məcəlləsinin 242-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən, hamilə qadınların, 14 yaşınadək uşağı olan qadınların, habelə əlilliyi olan uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə isə əlavə olaraq onların, habelə uşağın həyat və ya sağlamlığı üçün təhlükənin olmaması barədə həkim rəyi tələb edilir.
Məhdudiyyətlərin tətbiqini daha aydın göstərmək üçün aşağıdakı misallara nəzər salaq.
Misal 2: İşəgötürənin əmrinə əsasən, 17 yaşı olan işçi Bakı şəhərindən Şəki şəhərinə ezamiyyətə göndərilib. Əmək Məcəlləsinin 254-cü maddəsinə əsasən, 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağan edildiyindən, bu halda işəgötürənin verdiyi ezamiyyət əmri qanun pozuntusu hesab olunur.
Misal 3: İşəgötürən 2 yaşlı övladı olan qadın işçini ezamiyyətə göndərmək istədikdə, həmin işçinin yazılı razılığı ilə yanaşı, həm işçi, həm də uşağın sağlamlığı üçün təhlükənin olmaması barədə həkim rəyi də təqdim edilməlidir.
Misal 4: İşəgötürən 5 yaşlı övladı olan qadın işçini ezamiyyətə göndərdikdə isə yalnız işçinin yazılı razılığının alınması kifayət edir. Çünki həkim rəyi tələbi yalnız 3 yaşınadək uşağı olan qadınlara münasibətdə tətbiq edilir.
Vergiler.az
14:36 / 03 İyul 2026
1
14:32 / 03 İyul 2026
8
14:30 / 03 İyul 2026
12
14:24 / 03 İyul 2026
33
14:14 / 03 İyul 2026
46
14:00 / 03 İyul 2026
44
13:55 / 03 İyul 2026
50
13:48 / 03 İyul 2026
58
13:44 / 03 İyul 2026
60
13:22 / 03 İyul 2026
66
13:15 / 03 İyul 2026
64
13:12 / 03 İyul 2026
77
13:08 / 03 İyul 2026
65
13:06 / 03 İyul 2026
431
13:03 / 03 İyul 2026
61
12:59 / 03 İyul 2026
71
12:30 / 03 İyul 2026
83
12:22 / 03 İyul 2026
74
12:17 / 03 İyul 2026
76
12:15 / 03 İyul 2026
1013
12:14 / 03 İyul 2026
75
12:10 / 03 İyul 2026
89
12:08 / 03 İyul 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.