Qaynar xətt:

(+99450) 247 90 86

Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul verilir?    —   HESABLANMA QAYDASI

Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul verilir?    —   HESABLANMA QAYDASI

HÜQUQ

66

12.04.2026, 20:46

Әmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilən “atalıq məzuniyyəti” Beynəlxalq Әmək Təşkilatının tələbləri əsasında müəyyənləşdirilib. Belə ki, təşkilatın “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli Tövsiyəsində qeyd edilir ki, hər iki valideyn, yəni həm ana, həm də ata mümkün qədər doğumdan dərhal sonra müəyyən bir dövrdə uşaq baxımı üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Әmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilən 4-cü hissəyə əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Oxu24.com xəbər verir  ki,qtisadçı ekspert Anar Bayramov atalıq məzuniyyətinin müddəti, hesablanması, hamıya şamil olunub-olunmaması ilə bağlı incə məqamlara aydınlıq gətirib. Ekspert mövzu ilə bağlı 4 mühüm məqamı xüsusilə vurğulayıb:

Birinci məqam: Atalıq məzuniyyətindən istifadə edən şəxs mütləq qaydada tibb müəssisəsindən arayış əldə etməlidir. Təcrübədə bu arayış uşağın doğulacağı xəstəxanadan və ya qadın məsləhətxanasından alınaraq işəgötürənə təqdim edilir. Arayışda həyat yoldaşının məlumatları və uşağın doğum tarixi göstərilir. Gələcəkdə bu proses elektronlaşdırıla bilər.

İkinci məqam: İşçi arayışı aldıqdan sonra işəgötürənə ərizə ilə müraciət edərək atalıq məzuniyyətindən istifadə etmək istədiyini bildirməlidir. Әmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlər üçün işçinin ərizəsi mütləqdir. İşəgötürən ӘMAS altsistemində 125-ci maddənin 4-cü hissəsinə istinad edərək müvafiq əmr hazırlamalıdır. İşəgötürənin ata olan işçidən nikah şəhadətnaməsinin surətini və ya “my.gov” portalından çıxarışını da əlavə sənəd kimi tələb etməsi mümkündür.

Üçüncü məqam. Atalıq məzuniyyətinin dövrü doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməlidir. Misal üçün, tibb müəssisəsinin arayışında uşağın doğum tarixi 20 fevral 2026-cı il göstərilibsə, işçinin məzuniyyət dövrü mütləq olaraq bu tarixi əhatə etməlidir. Yəni işçinin məzuniyyəti doğuşdan əvvəlki 14 günü tam əhatə edə bilməz; eyni prinsip doğuşdan sonrakı dövr üçün də keçərlidir. Məsələn, işçi 5 fevral tarixindən 14 günlük məzuniyyətə çıxmaq istəyirsə, bu, düzgün deyil. Eyni qayda ilə işçi 21 fevral tarixindən 14 günlük məzuniyyətə çıxarsa, bu da Әmək Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun hesab edilmir. İşçi yalnız 12 fevral tarixindən başlayaraq 14 günlük məzuniyyət hüququndan istifadə edərsə, qanunvericiliyin tələbi ödənilmiş olur.

Beləliklə, işçinin məzuniyyəti doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməli və mütləq doğuş tarixini özündə ehtiva etməlidir. Qeyd edək ki, məzuniyyət doğuş tarixindən, yəni misalımıza uyğun olaraq, 21 fevral 2026-cı il tarixdən də başlaya bilər.

Dördüncü məqam: Atalıq məzuniyyətinin ödənişi işəgötürən tərəfindən hesablanır. Hesablama Әmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq, orta əməkhaqqı əsasında aparılır.

Misal: Aylıq əməkhaqqı 1.000 manat olan işçinin övladı 3 mart 2026-cı il tarixdə anadan olur. İşçi 2 mart 2026-cı il tarixdən 14 təqvim günü müddətinə atalıq məzuniyyəti hüququndan istifadə edir. Fərz edək ki, işçinin əvvəlki iki ay - yanvar və fevral 2026-cı il üzrə əməkhaqqı, müvafiq olaraq, 1.000 manat və 1.400 manat təşkil edib. Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı Nazirlər Kabinetinin 126 saylı Qərarı ilə tənzimlənir.

Orta əməkhaqqının hesablanması:

2026-cı ilin istehsalat təqviminə əsasən:

Yanvar ayı üzrə – 19 iş günü, əməkhaqqı 1.000 manat;

Fevral ayı üzrə – 20 iş günü, əməkhaqqı 1.400 manat.

Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, 1 iş gününə düşən orta əməkhaqqı məbləği 61,54 manat olacaq:

1.000 + 1.400 = 2.400 manat:

19 + 20 = 39 iş günü;

2.400 : 39 = 61,54 manat.

Atalıq məzuniyyəti dövründəki iş günlərinin müəyyən edilməsi

İşçi 2 mart 2026-cı il tarixdən 14 təqvim günü məzuniyyətdə olur (2–15 mart 2026-cı il daxil olmaqla). Qeyd edək ki, 2026-cı il üzrə 8 mart (Qadınlar Günü) bayram (qeyri-iş) günüdür və beşgünlük iş həftəsində 9 mart 2026-cı il (bazar ertəsi) əlavə qeyri-iş günü hesab edilir. Bu səbəbdən, məzuniyyət dövrünə düşən iş günləri aşağıdakılardır:

2–6 mart → 5 iş günü;

10–13 mart → 4 iş günü;

Cəmi: 9 iş günü.

Orta əməkhaqqı üzrə məzuniyyət məbləği

Bu zaman işçiyə hesablanan atalıq məzuniyyəti 553,84 manat təşkil edəcək:

9 x 61,54 = 553,84 manat.

Sonuncu əməkhaqqının müəyyən edilməsi

Mart ayında 14 iş günü olduğunu və işçinin aylıq əməkhaqqısının 1.000 manat təşkil etdiyini nəzərə alsaq, işçinin atalıq məzuniyyət dövründə ala biləcəyi məbləğ 642,87manat təşkil edir:

(1.000 : 14) x 9 = 642,87 manat.

Sonuncu əməkhaqqı ilә orta əməkhaqqının müqayisə edilməsi

Әmək Məcəlləsinin 177-ci maddəsinə əsasən:

Hesablanan orta əməkhaqqı: 553,86 manat;

Sonuncu əməkhaqqı əsasında hesablanan məbləğ: 642,86 manat.

642,87 manat > 553,86 manat.

Qanunvericiliyin tələbinə əsasən, müqayisə aparıldıqda daha yüksək məbləğ tətbiq edilməlidir. Bu halda işçiyə ödənilməli olan atalıq məzuniyyətinin məbləği 642,87 manat təşkil edir. Çünki sonuncu əməkhaqqı (642,87 manat) Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, hesablanan orta əməkhaqqından (553,86 manat) yüksəkdir.