Dünən səhər saatlarında AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra dünya mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də təyyarə salonunda hansı oturacaqların daha təhlükəsiz olması ilə bağlıdır.
Rusiyanın tanınmış aviasiya eksperti Viktor Pryadka “Sputnik” agentliyinə açıqlamasında təhlükəsiz oturacaq anlayışının nisbi olduğunu bildirib.
Ekspert deyib ki, oturacaqların təhlükəsizliyi baş verən fəlakətin şərait və səbəblərindən asılı olaraq dəyişir:
“Zərbə zamanı ən təhlükəsiz yer salonun arxa hissəsindəki son üç sıra hesab olunur. Bu onunla bağlıdır ki, sərt eniş zamanı əvvəlcə salonun ön və mərkəzi hissəsi əzilir. Oturacaqların son sıraları zərbəyə daha az məruz qalır. Buna görə də onların sərnişinləri sağ qala bilirlər.
Lakin gəmidə yanğın baş verərsə, bu qayda işləmir. Əksinə, yanğın baş verdikdə, hər saniyənin böyük əhəmiyyəti olur. Bu səbəbdən quyruq hissəsində olan sərnişinlərin təyyarəni tərk etməyə vaxtı olmaya bilər. Bu halda çıxışa ən yaxın olan biznes klass, xüsusən də ön oturacaqlar daha əlverişli mövqedədir”.
Ekspertin sözlərinə görə, sərnişinlərin sağ qalması müxtəlif hallardan – eniş sürətindən və yerin səthindən, həmçinin pilotun təcrübəsindən asılıdır.
ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası ölkədə baş verən təyyarə qəzalarının statistikasını təhlil edərək hesabat açıqlayıb. Hesabatda sərnişin təyyarəsinin salonu təhlükəsizlik baxımından üç zonaya bölünür:
Qırmızı zona (təyyarənin ön üçdə biri) – Bu ərazidə qəzadan sağ çıxmaq şansı salonun qalan hissəsinə nisbətən daha azdır. Buradakı oturacaqların adətən daha rahat olmasına baxmayaraq, qəza zamanı onların təsir zonasına yaxın olması səbəbindən daha az təhlükəsizdirlər.
Sarı zona (təyyarənin orta hissəsi) – Burada sağ qalmaq şansı qırmızı zona ilə müqayisədə daha çoxdur. Salonun ortasında oturacaq seçən sərnişinlərin 5-6%-i fəlakətdən sağ çıxa bilib.
Yaşıl zona (təyyarənin arxa üçdə biri) – Statistikaya görə, qəza zamanı ən təhlükəsiz yer buradadır. Son altı sırada oturan sərnişinlərin təxminən 69%-i qəzadan sağ çıxıb. (Yeniavaz.com)
ŞƏRHLƏR