Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Son iki ildə müsbət inkişaf dinamikasına nail olan bank ili uğurlu nəticələrlə başa vurub. 31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.9 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər sayəsində bankın kapital mövqeyi daha da möhkəmlənib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə də artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.Hesabat dövründə bankın kredit portfeli 8%-dən çox artaraq 1.9 milyard manat olub. Bank tərəfindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verilib.
Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində görülən işlər il ərzində bankın mənfəətliliyinə də müsbət təsir göstərib. Azərbaycan Beynəlxalq Bankı 2018-ci ili 425,8 milyon manat xalis mənfəətlə başa vurub. Ötən illərdə dövlət tərəfindən Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, Bankın əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankda yenilənmə və inkişaf proseslərinin davam etdirildiyini bildirib: “Müasir dövlət bankı olaraq iqtisadiyyatın müxtəlif seqmentlərində görülən işlərə dəstək olmağa çalışırıq. Hazırda üzərində işlədiyimiz bir çox layihələrimiz var. Ölkədə innovativ ödəniş sistemlərinin və nağdsız ödənişlərin inkişafında Azərbaycan Beynəlxalq Bankının ənənəvi olaraq xüsusi rolu olub, yeni məhsul və xidmətlərimizlə bu sahədə fəaliyyətimizi genişləndirəcəyik. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən biznes qurumları, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə öz layihələrini uğurla reallaşdırmaq üçün dəstək olmaqda davam edəcəyik.”
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxu24.com
ŞƏRHLƏR