Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ermənistana nə satır, onlardan nə alır? — DETALLAR   

Azərbaycan Ermənistana nə satır, onlardan nə alır? — DETALLAR   

İQTİSADİYYAT

57

23.11.2026, 19:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Erməni siyasi analitik Suren Surenyantsın Azərbaycan Dövlət Gömrük Komitəsinin göstəricilərinə istinadən açıqladığı rəqəmlər iki ölkə arasında ticarət balansındakı kəskin fərqi ortaya qoyub. Məlumata əsasən, 2026-cı ilin ilk doqquz ayında Ermənistandan Azərbaycana ixrac 95,5 min dollar, Azərbaycandan Ermənistana ixrac isə təxminən 23,45 milyon dollar təşkil edib. Ekspertlər bu fərqin həm məhsulların dəyər strukturu, həm də mövcud logistik və hüquqi şəraitlə bağlı olduğunu bildirirlər. Eyni zamanda, ticarət əməliyyatlarının həcmi ümumilikdə hələ də böyük deyil və əsasən son dövrlərdə formalaşan yeni mərhələ ilə əlaqələndirilir. Gələcəkdə kommunikasiyaların açılması və sülh prosesinin irəliləməsi fonunda qarşılıqlı ticarətin daha da genişlənə biləcəyi vurğulanır.

Mövzu ilə bağlı fikirlərini  Oxu24.com-la bölüşən siyasi şərhçi Müşfiq Abdulla ticarət dövriyyəsinin dinamikası, fərqin səbəbləri və gələcək imkanlardan danışıb.

İqtisadi və siyasi amillər: fərq nədən qaynaqlanır?

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında ticarət əməliyyatlarının həcmi ümumilikdə o qədər də böyük deyil və proses əsasən 2025-ci ilin noyabr ayından başlayıb. Müşfiq Abdulla qeyd edib ki, həmin vaxtdan etibarən Azərbaycan ilk dəfə Gürcüstan vasitəsilə Ermənistana neft məhsulları ixrac etməyə başlayıb:

“Azərbaycan Ermənistana əsasən benzin (o cümlədən AI-92, AI-95 və premium benzin) və dizel tədarük edir. Dünya bazarında benzin və dizelin qiymətinin baha olması səbəbindən Azərbaycanın göndərdiyi məhsulların ümumi ticarət dövriyyəsində dəyəri yüksək görünür.Ermənistanın istehsal həcmi ümumilikdə azdır və ölkə daha çox filiz məhsulları və dağ-mədən sənayesi məhsulları ixrac edir. Lakin Azərbaycanla birbaşa nəqliyyat əlaqələri olmadığından bu məhsulların hələlik Azərbaycana göndərilməsi mümkün deyil”.

Müşfiq Abdullanın bildirdiyinə görə, Ermənistandan Azərbaycana indiyədək əsasən folqa kağızları alınıb və bu istiqamətdə digər məhsulların idxalına dair dəqiq, səhih informasiya yoxdur. Eyni zamanda, tərəflər arasında konkret razılaşmalar və müqavilələr mövcud deyil.

Ermənistanın kənd təsərrüfatı, balıq və şərabçılıq məhsulları əvvəllər Rusiya bazarına göndərilirdi; 2026-cı ilin aprelindən tətbiq olunan məhdudiyyətlərdən sonra isə bu məhsullar daha çox Avropa bazarına yönləndirilir. Azərbaycan bazarına satışla bağlı isə hələlik nə razılaşma, nə də hüquqi müqavilə var.

Müşfiq Abdullanın qiymətləndirməsinə əsasən, mövcud ticarət əməliyyatlarında balans Azərbaycanın xeyrinədir. Ermənistanın Azərbaycana göndərdiyi məhsulların həcmi və ümumi dəyərinin az olması, Azərbaycanın ixracı ilə müqayisədə dəfələrlə kiçik rəqəm formalaşdırır.

Ekspertin fikrincə, Ermənistan hazırda Azərbaycana alternativ bazar kimi maraq göstərsə də, bu istiqamətdə real addımlar ata bilmir. Müqavilə və razılaşmaların olmaması, həmçinin birbaşa logistik xətlərin yoxluğu səbəbindən Azərbaycanın ixrac etdiyi enerji məhsulları ticarət dövriyyəsində əsas ağırlığı təşkil edir.

Gələcək potensial: genişlənmə nəyə bağlıdır?

Siyasi şərhçi vurğulayıb ki, iki ölkə arasında nəqliyyat əlaqələri — o cümlədən birbaşa marşrutlar, dəmir və avtomobil yolları bərpa olunarsa və açılarsa, Azərbaycandan idxal xeyli artacaq. Bu isə nəticə etibarilə Azərbaycanın tədarük etdiyi məhsulların ümumi həcminin dəfələrlə artmasına gətirib çıxaracaq.

Müşfiq Abdulla hesab edir ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və sülh müqaviləsinin imzalanması imkanlarının artması fonunda perspektivdə — xüsusilə 2027-ci ilin birinci rübündə — yekun sülh sənədi imzalanarsa, bundan sonra birbaşa ticarət əməliyyatları qurula bilər. Bu halda həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Azərbaycana ixrac və idxal olunan məhsulların həcminin artması mümkündür.

Çimnaz Telmanqızı