Qaynar xətt:

(+99450) 247 90 86

"Moody's" "Kapital Bank"ın kredit reytinqini təsdiqləyib 

\"Moody\'s\" \"Kapital Bank\"ın kredit reytinqini təsdiqləyib 

İQTİSADİYYAT

82

24.07.2026, 09:53

Beynəlxalq reytinq agentliyi "Moody's Ratings" "Kapital Bank"ın uzunmüddətli yerli və xarici valyutada Ba2 depozit reytinqini təsdiqləyib, reytinq üzrə müsbət proqnozu isə dəyişməz saxlayıb.

Oxu24.com xəbər verir ki, agentlik qərarını bankın yüksək aktiv keyfiyyəti, güclü gəlirliliyi, sabit maliyyələşmə bazası və yüksək likvidliyi ilə əsaslandırıb.

"Moody's"in qiymətləndirməsinə görə, 2025-ci ilin sonunda bankın problemli kreditləri ümumi kredit portfelinin 3,7%-ni təşkil edib. Problemli kreditlər üzrə ehtiyatların təminat səviyyəsi isə 130% olub.

Agentlik qeyd edib ki, Kapital Bankın 2025-ci ildə konsolidasiya edilmiş xalis mənfəəti 275 milyon manat təşkil edib. Bankın aktivlərinin gəlirliliyi (ROTA) 2%-dən 2,3%-ə, xalis faiz marjası (NIM) isə 7,7%-dən 8,1%-ə yüksəlib.

"Moody's" həmçinin bankın kapital mövqeyinin gücləndiyini bildirib. Belə ki, bankın əsas kapitalının risklə ölçülmüş aktivlərə nisbəti 2024-cü ildəki 13,7%-dən 2025-ci ilin sonunda 14,5%-ə yüksəlib. Agentlik bunu yüksək mənfəət və dividend ödənişlərinin azalması ilə əlaqələndirib.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə müştəri depozitləri 8% azalsa da, onlar bankın maliyyələşmə mənbələrinin 80%-ni təşkil etməyə davam edib. "Moody's" bunu bankın maliyyə dayanıqlığı üçün risk hesab etmir və Kapital Bankın likvidlik mövqeyinin yüksək olaraq qaldığını vurğulayır.

Agentlik hesab edir ki, növbəti 12-18 ay ərzində bankın aktiv keyfiyyəti və gəlirliliyi ümumilikdə sabit qalacaq.

"Moody's" bildirib ki, Azərbaycanın suveren kredit reytinqinin gələcəkdə artırılması Kapital Bankın depozit reytinqinin də yüksəldilməsinə səbəb ola bilər. Əksinə, əməliyyat mühitinin əhəmiyyətli dərəcədə pisləşməsi, aktiv keyfiyyəti, gəlirlilik və ya kapital adekvatlığının zəifləməsi bankın reytinqinə mənfi təsir göstərə bilər.