Qaynar xətt:

(+99450) 247 90 86

Nikahdan kənar uşağın ölkədən çıxışı necə tənzimlənir? – Hüquqi izah  

Nikahdan kənar uşağın ölkədən çıxışı necə tənzimlənir? – Hüquqi izah  

HÜQUQ

107

18.06.2026, 13:51

Nikahdan kənar doğulan uşağın anası ilə birlikdə xarici ölkəyə çıxışı zamanı tələb olunan sənədlərlə bağlı suallar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. 

Mövzuya aydınlıq gətirən vəkil Aytən Abbasova Oxu24.com-a açıqlamasında bildirib ki, bu məsələdə əsas meyar uşağın doğum qeydiyyatındakı hüquqi statusudur.

Vəkilin sözlərinə görə, nikahdan kənar doğulan uşaqlar hüquqi baxımdan iki fərqli vəziyyətdə ola bilər. Birinci hal uşağın yalnız ananın adına qeydiyyata alınması, yəni atalığın müəyyən olunmamasıdır. İkinci hal isə atalıq hüquqi qaydada müəyyən edildiyi, doğum haqqında şəhadətnamədə ata məlumatının rəsmi şəkildə göstərildiyi hallardır.

Aytən Abbasova qeyd edib ki, əgər uşaq yalnız ana tərəfindən qeydə alınıbsa və atalıq müəyyən edilməyibsə, bu zaman uşağın ölkədən çıxışı üçün atanın razılığı tələb olunmur. Çünki hüquqi baxımdan rəsmi ata mövcud sayılmır və bütün valideynlik hüquqları yalnız anaya aiddir. Bu halda ana uşağın xaricə çıxışı ilə bağlı qərarı müstəqil şəkildə verə bilər.

Vəkil əlavə edib ki, bu kateqoriyaya aid uşaqların doğum haqqında şəhadətnaməsində ata məlumatı qeyd olunmur və uşağın soyadı adətən ananın soyadına uyğunlaşdırılır. Belə olduğu halda əlavə icazə və ya razılıq sənədi tələb edilmir və prosedur sadələşdirilmiş qaydada həyata keçirilir.

Lakin hüquqşünas xüsusi olaraq vurğulayıb ki, əgər uşağın atası rəsmi qaydada müəyyən edilibsə, yəni atalıq qeydiyyatı aparılıbsa, bu zaman hüquqi vəziyyət dəyişir. Belə hallarda uşağın ölkədən çıxışı üçün hər iki valideynin razılığı tələb oluna bilər və bu məsələ artıq ümumi ailə hüququ normalarına uyğun tənzimlənir.

Aytən Abbasova bildirib ki, vətəndaşlar belə hallarda konkret vəziyyəti dəqiqləşdirmədən qərar verməməli, mütləq şəkildə rəsmi sənədlərə əsaslanmalıdırlar. Çünki hər bir ailə vəziyyəti fərqli olduğundan hüquqi yanaşma da fərdi qaydada tətbiq edilir.

Nigar