Qaynar xətt:

(+99450) 247 90 86

Putinin Ermənistanda hansı planı var?    —   Balayanla ölən xülya - ŞƏRH

Putinin Ermənistanda hansı planı var?    —   Balayanla ölən xülya - ŞƏRH

DÜNYA

63

06.04.2026, 16:09

Ermənistanda hökumət və siyasi qüvvələr bu ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Rusiya da bu siyasi kampaniyaya müxtəlif formatlarda təsir göstərməyə səy göstərir.

Seçkilərə qatılmaq üçün Moskvanın üstünlük verdiyi lider demək olar ki, yoxdur. Onun yetişdirdiyi erməni milyarder Samvel Karapetyanın isə bu rolda oynaması imkanı sıfırdır. Ona görə RF bütün dağıdıcı, araqarışdırıcı, münaqişəyə, hətta müharibəyə səbəb olmuş tezislərini, ideyalarını dövriyyəyə buraxıb.

Aprelin 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfər edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə RF lideri Ermənistan və Azərbaycanın daxili işlərinə müdaxilə sayılan çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Qarabağla bağlı belə mövqeyini siyasi spekulyasiya adlandıraraq bu kimi davranış və açıqlamaların qabuledilməz olduğunu bildirib.

Nazirlik qeyd edib ki, RF Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilmiş məlum görüş zamanı və ondan sonra Rusiya rəsmiləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.

Qurum rəsmi Bakının mövqeyini, belə çıxışların dayandırılmasına dair gözləntiləri Rusiya Prezident Administrasiyasının, hökumətin və XİN-in diqqətinə çatdırıb:

"Bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla heç bir ölkə heç bir dövrdə Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb. Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq".

Bununla belə ötən gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Görünür, Kremlin sözçüsünün yaddaş problemi var. O unudur ki, vətəndaşı olduğu RF Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçi ATƏT-in Minsk qrupunun ABŞ və Fransa ilə yanaşı, həmsədr dövləti olub. Bu o demək idi ki, Rusiya da daxil olmaqla qrupa üzv 11 dövlət Qarabağı Azərbaycanın tərkib hissi olaraq tanıyır və ovaxtkı münaqişənin dinc danışıqlar yolu ilə həlli istiqamətində diplomatik fəaliyyət göstərirlər.

Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini də Peskov kimi Rusiya rəsmiləri unudurlar.

Habelə, Qarabağ və ətraf rayonların Azərbaycanın ayrılmaz tərkib hissəsi olması kiminsə qərarı, yaxud tanıması ilə deyil, tarixə, beynəlxalq hüquqa söykənir. Bunu Azərbaycan 44 günlük müharibə və 2023-cü ildə keçirdiyi antiterror tədbirləri ilə bir daha təsdiqlədi.

Yeri gəlmişkən, Azərbaycanın da razılığı ilə regiona yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti separatçıların Qarabağdakı tör-töküntülərindən ibarət yeni silahlı terror dəstəsi hazırlamağa səy göstərmişdi. Sülhməramlıların separatçıları dəstəkləməsindən ruhlanan erməni terrorçular Azərbaycan hərbçilərinə hücum etməyə də səy göstəriblər.

Rusiya Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna heç vaxt şübhə ilə yanaşmayıb. O, 1992-ci il aprelin 10-da Azərbaycanı rəsmi olaraq Qarabağ və başqa əraziləri ilə birlikdə tanıyıb.

Prezident Vladimir Putin 2020-ci il noyabrın 10-dək dəfələrlə Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib. Bu tarixdə üçtərəfli bəyanat imzalandıqdan sonra da o, Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu bildirib.

Nikol Paşinyan Vladimir Putinlə görüşdə Azərbaycanın ərazi bütövlüyü məsələsinə bir daha toxunub:

"Mən bəyan etmişdim ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Ermənistan və Azərbaycan arasında sülh yaranıb, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb".

O, həmçinin ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda Ermənistan Azərbaycan ərazisi vasitəsilə Rusiyaya mal ixracına başlayacaq.

Bu arada, Azərbaycan ərazisindən keçməklə Ermənistana yükdaşımalardan da bəhs etmək yerinə düşər. 2025-ci ilin oktyabrından sülh gündəliyi çərçivəsində Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. O tarixdən Azərbaycandan keçməklə Ermənistana müntəzəm olaraq Rusiya və Qazaxıstandan taxıl, dizel yanacağı, gübrə daşıyan qatarlar yola salınır. Hətta, Azərbaycan qonşu dövlətə neft və neft məhsulları da ixrac edib.

Rusiya rəsmilərinin Qarabağla bağlı məsələni yenidən gündəliyə gətirməkdə məqsədi Azərbaycandan könüllü olaraq getmiş erməniləri mövcud hökumətə qarşı qaldırmaqdır. Çünki Rusiya həmin insanlara vermişel, makaron, quru süd bir sözlə, 5-10 dollarlıq bazarlıqla onların rəğbətini yenidən qazanmağa səy göstərir.

Kreml bu məsələ ilə 2026-cı ilin iyununda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Paşinyan komandasına qarşı təbliğat kampaniyası qurmağa çalışır. Bu, Rusiya tərəfindən işlənmiş klassik araqarışdırma alətidir. Çünki 1998-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın bu alətlə istefaya getməsinə nail olmuş, yerinə Xocalı qatili Robert Koçaryan, onun ardınca Serj Sarqsyanın gəlməsinə nail olmuşdu.

44 günlük müharibə zamanı da Rusiya Azərbaycana qarşı təbliğat apardı, İran ərazisindən keçməklə Ermənistana hərbi texnika belə ötürmüşdü. Ancaq onun taktikası reallaşmadı, əksinə, səmərəsiz oldu, Azərbaycandakı etibar və etimadını zədələdi.

Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" Partiyasının qurultayındakı çıxışı ilə Rusiyanın ölkəsindəki əməllərinə işarə edib:

"Biz Ermənistanı geosiyasi tələdən çıxardıq".

Pasxa liturgiyası zamanı II Qaregin Ermənistanın və "Artsax"ın müdafiəsi üçün dua edib. Bu da eyni mərkəzin təbliğatının davamıdır. Çünki onun başçılıq etdiyi kilsə bir qayda olaraq başqa dövlətlərə, millətlərə aid olan torpaqları işğal etmək, özününküləşdirməklə bağlı təbliğat aparıb, habelə müxtəlif silahlı dəstələrin, birləşmələrin yaranmasına xeyir-dua verib.

Odur ki, erməni kilsəsi bu xislətinə görə 200 ilə yaxındır, Rusiyanın əlində alət olub.

Ermənistan parlamentinin sədri Alen Simonyan da bu keşiş barədə deyib:

"Ktriç Nersisyan (II Qaregini nəzərdə tutur - S.İ) Ermənistan üçün təhlükə mənbəyidir".

Onun sözlərinə görə, katolikosun vəzifədən kənarlaşdırılması məsələsinin "Vətəndaş Müqaviləsi" Partiyasının proqramına daxil edilməsi əsaslıdır, başqa siyasi təşkilatlar da Ermənistan Həvari Kilsəsini nüfuzdan salan şəxslərə qarşı çıxmalıdırlar.

Bu baxımdan, Ktriç Nersisyanla Dmitri Peskovun Qarabağla bağlı açıqlamalarını bir mətnin müxtəlif hissəsi saymaq olar.

Qaregin Rusiyanın Ermənistanda istifadə edəcəyi sonuncu fiqurlardandır. Çünki Serj Sarqsyan, Raffi K. Hovhannisyanın "İrs" partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib. Samvel Karapetyanın isə seçkilərdə iştirakı mümkün deyil, çünki o, Ermənistan vətəndaşı deyil. Ona görə də Moskvaya Nikol Paşinyanın, yaxud komandasının qalib gəlməməsi üçün lider və ideya lazımdır.

Hər iki istiqamətdə RF uduzur.

Bu günlərdə türklərə düşmənçiliyin simvolu, keçmiş SSRİ-nin, Rusiyanın Azərbaycana və Türkiyəyə qarşı istifadə etdiyi lakeyi, terrorçu Zori Balayan da öldü.

O, uzun illər sovetlərin yaratdığı şəraitdən istifadə edərək Azərbaycana, türklərə qarşı yalan yayıb, saxtakarlıq edib. Zori Balayan yüzlərlə dinc azərbaycanlının nahaq qanına bais olub. O, Andranik Ozanyandan, Qaregin Njdedən başlamış türk düşmənliyi ideyasının təbliğatçısı olub. Onların apardığı təbliğat, türklərə qarşı törətdikləri qətliamın cavabı 44 günlük müharibədə verilib.

Rusiyanın "diriltmək" istədiyi "Qarabağ kartı" isə balayanlarla birlikdə öldü. Çünki bu xülyalar çürük, saxta düşüncələr əsasında qurulmuşdu.

Ona görə də Moskvanın Cənubi Qafqaza yönəlik ənənəvi pozucu, düşmənlik fəaliyyətini dəyişməsi zərurəti çoxdan yaranıb. Bu daha çox onun özünə faydalı olar.