Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul edib

SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul edib

SİYASƏT

143

05.06.2026, 13:45

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, təqdim edilən Qanun layihəsi Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir. Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" qanun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat ilə bağlı bəzi müddətlər artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məhkəməyədək sadələşdirilmiş icraatın açılması və ya açılmasından imtina barədə qərarın qəbul edilməsi, təhqiqatın aparılması, prokuror nəzarətinin həyata keçirilməsi və s. ilə bağlı müəyyən edilmiş bəzi prosessual müddətlərin artırılması təklif olunur. Müvafiq müddətlərin artırılmasında məqsəd sadələşdirilmiş icraat aparılarkən işin hərtərəfli araşdırılmasının və zəruri sübutların toplanılmasının təmin olunmasıdır.

Dəyişikliyə əsasən, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.

Qanun layihəsinə əsasən, Məcəllənin bəzi maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.

Qanun layihəsində hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslə bağlı prosedur müəyyənləşir, üzərinə həbs qoyulan əmlakla əlaqədar qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə əlavə edilməsi təklif olunan yeni - 99-1-ci maddədə əksini tapıb.

Təqdim olunan qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzimləyir.

Təklif olunan ən mühüm dəyişikliklərdən biri cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır. Belə ki, mülki mühakimə icratından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.

Layihəyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi Ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılırlar. Cinayət prosesini həyata keçirən orqan yuxarıda göstərilən şəxsin müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edir.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

- cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

- etirazlar etmək və vəsatətlər vermək;

- birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

- qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək;

- məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək:

- nümayəndəyə malik olmaq və səlahiyyətlərinə xitam vermək;

- ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

- cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq:

- əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb-çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək;

- bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.

Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək. Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.