Qaynar xətt:

(+99450) 247 90 86

Bakalavr 3, magistratura 1 il olacaq? – Təhsil ekspertindənAÇIQLAMA

Bakalavr 3, magistratura 1 il olacaq? – Təhsil ekspertindənAÇIQLAMA

CƏMİYYƏT

70

21.09.2026, 21:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda ali təhsil sistemində illərdir formalaşmış 4 illik bakalavr və 2 illik magistratura modellərinin dəyişdirilməsi ilə bağlı müzakirələr ictimaiyyətin və mütəxəssislərin diqqət mərkəzindədir. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında səsləndirilən təklifə əsasən, təhsil müddətinin qısaldılması, universitetlərə daha çox çevikliyin verilməsini nəzərdə tutan yeni standartların tətbiqi məsələsi gündəmə gətirilib. Deputatlar dünyada gedən prosesləri əsas gətirərək təhsilin bakalavr pilləsində üç, magistratura pilləsində isə bir il olmasının müzakirəyə çıxarılmasını təklif ediblər. Zamanın dəyərli olduğu müasir dövrdə bu təşəbbüs gənclərin əmək bazarına daha tez daxil olması baxımından müsbət addım kimi qiymətləndirilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə bir keçid sadəcə təqvim dəyişikliyi kimi qəbul edilməməli, bütün təhsil ekosistemini əhatə edən kompleks islahatla müşayiət olunmalıdır. Mövcud orta məktəb bazası, maddi-texniki təchizat və akademik potensial nəzərə alınmadan atılacaq addımlar beynəlxalq tanınma prosesində müəyyən çətinliklər yarada bilər. 

Məsələnin mahiyyətini şərh edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Oxu24.com-a bildirib ki, islahatlar sırf pedaqoji yanaşma əsas götürülməklə reallaşdırılmalıdır. O, həm bakalavriat, həm də magistratura pillələrində tətbiq olunması nəzərdə tutulan yeniliklərin üstünlükləri və riskləri barədə dəyərli fikirlərini bölüşüb.

Açıqlama zamanı İlqar Orucov qeyd edib ki, zamanın faydalı istifadəsi nöqteyi-nəzərindən təhsil müddətinin qısaldılması təklifini konseptual olaraq dəstəkləyir. Lakin bu keçid sadəcə inzibati qərar və ya mexaniki təqvim dəyişikliyi kimi qəbul edilə bilməz. Son illərdə təhsil islahatlarında elmi-pedaqoji yanaşmalara istinadların az olduğunu vurğulayan mütəxəssis hesab edir ki, qərarlar çox vaxt menecment prinsiplərinin kölgəsində qalır: 

“Təhsilin canlı bir pedaqoji proses olduğunu unutmaq olmaz. Kadr hazırlığında elmi-pedaqoji metodologiyanın arxa plana keçməsi və qərarların bəzən sadəcə inzibati-iqtisadi göstəricilərə görə verilməsi təhsilin fundamental mahiyyətinə ziddir”.

Pedaqoji iqtisadiyyat müstəvisində 3 illik bakalavr modelinin fayda-xərc və səriştəyönümlülük prinsiplərinə cavab verdiyini deyən cəmiyyət sədri bildirib ki, müasir işəgötürənlər üçün auditoriyada keçirilən illərdən çox peşəkar kompetensiyalar və praktik vərdişlər önəmlidir:

”Bu model tələbələrin insan kimi əmək bazarına bir təqvim ili tez inteqrasiya olunmasını təmin edəcək. Dövlət büdcəsindən sifarişli yerlərin saxlanılması xərclərinə ciddi qənaət imkanı yaradacaq.

Ödənişli təhsil alan ailələrin maliyyə yükünü azaldacaq və universitetləri sovet mirasından qalan əlavə yüklərdən təmizləməyə məcbur edəcək”.

Bununla belə, ekspert ciddi bir struktur şərtinə diqqət çəkib: Dünyada bu model yalnız tam orta təhsilin minimum 12-13 il olduğu, yuxarı siniflərdə dərindən profilləşmənin təmin edildiyi ekosistemlərdə işləyir. Əgər 11 illik tam orta məktəb bazası saxlanılarsa, ümumi cəmi 14 ilə (11+3) enəcək ki, bu da qlobal akademik alt həddən (15-16 il) aşağıdır. Bu halda Azərbaycan diplomları Türkiyənin YÖK qurumu, həmçinin İran, İraq, Pakistan və Hindistan kimi hədəf bazarlarda "natamam ali təhsil" və ya "sub-bakalavr" kimi qiymətləndirilərək ekvivalentlik problemi yarada bilər. Buna görə də proses 12 illik orta təhsil modelinə paralel keçidlə sinxronlaşdırılmalıdır.

İlqar Orucov hesab edir ki, bu model bütün ixtisaslara vahid şablonla tətbiq edilməməlidir:

•3 illik model: Humanitar elmlər, biznesin idarə edilməsi, marketinq və tətbiqi İT sahələrində uğurla işləyə bilər.

•4-6 illik ənənəvi model: İnsan həyatı ilə birbaşa bağlı olan tibb, mürəkkəb laboratoriya və fundamental elmi baza tələb edən mühəndislik, hüquq və memarlıq sahələrində qorunub saxlanılmalıdır.

Həmçinin "Təhsil haqqında" Qanuna dəyişikliklər edilməli, yeni hazırlanmaqda olan “Ali təhsil haqqında” Qanunda bu məsələlər əksini tapmalı, Milli Kvalifikasiyalar Çərçivəsi yenilənməlidir. Tədrisdə isə "saat" prinsipindən "kredit və təlim nəticələri" sisteminə real keçid təmin olunmalıdır.

Magistratura pilləsinin 1 ilə endirilməsinin hər il minlərlə yerin boş qalması problemini (gənclərin əlavə 2 il nəzəriyyə oxumaq istəməməsini) həll edə biləcəyini qeyd edən ekspert, elmi-tədqiqat potensialının qorunması üçün proqramların şaxələndirilməsini təklif edib:

1.Peşəkar magistratura (1 illik): Sırf əmək bazarına yönəlmiş, tətbiqi bacarıqları inkişaf etdirən və dissertasiya əvəzinə layihə əsaslı yekunlaşan model.

2.Akademik magistratura (2 illik): Gələcəkdə doktorantura pilləsinə hazırlaşacaq, elmi-tədqiqat potensialı olan kadrlar üçün nəzərdə tutulan model.

Sonda İlqar Orucov vurğulayıb ki, əsas məqsəd sadəcə rəqəmləri qısaltmaq deyil, zamanın ruhuna uyğun, beynəlxalq məkanda tanınan və dəyər yaradan yeni Azərbaycan təhsil modelini formalaşdırmaqdır.

Çimnaz Telmanqızı