Qaynar xətt:

(+99450) 247 90 86

“Çoban məsuliyyəti” - düşünməyə çağıran kitab 

“Çoban məsuliyyəti” - düşünməyə çağıran kitab 

CƏMİYYƏT

40

21.08.2026, 10:24

Fazil Mustafanın “Çoban məsuliyyəti” kitabı dərc olunacaq.

Bu barədə o, özü məlumat verib.

Bildirilir ki, bu kitab yalnız son dövrlərdə baş verən ictimai-siyasi müzakirələrin yazılı yekunu deyil.

Bu kitab həm də Azərbaycan cəmiyyətinin tarixə, Cümhuriyyət ideyasına, milli dövlətçilik düşüncəsinə və xüsusilə “var” ilə “yox” arasında qurduğu münasibətə bir baxış cəhdidir.

Kitabda müəllif son zamanlar apardığı müzakirələrdən, yazdığı məqalə və esselərdən çıxış edərək bir sıra mühüm suallar qoyur:

Biz tariximizi nə qədər doğru anlayırıq? Cümhuriyyət dəyərlərindən danışarkən nə qədər səmimiyik?

Milli ideyaları elmi və praqmatik əsaslarla müdafiə edə bilirikmi?

Güney Azərbaycan məsələsinə emosional şüarlarla, yoxsa real sosial-siyasi prosesləri nəzərə alan düşüncə ilə yanaşmalıyıq?

“Çoban məsuliyyəti”nin əsas çağırışlarından biri də budur ki, millətin taleyi haqqında danışmaq kifayət deyil, bu barədə düşünmək, araşdırmaq və məsuliyyət daşımaq lazımdır.

Müəllifin Məhəmməd Əmin Rəsulzadədən seçdiyi epiqraf da kitabın ruhunu ifadə edir:

“Tarix heç kimi məsuliyyətsiz buraxmır”.

Bu baxımdan, kitab bir polemikanın davamı olmaqdan daha çox, polemikadan düşüncəyə keçid cəhdidir.

Müəllif oxucunu onunla razılaşmağa deyil, düşünməyə dəvət edir.

Hətta sonda çağırışını daha da genişləndirərək deyir ki, kəs öz kitabını yazsın, öz nəzəri mülahizələrini ortaya qoysun və millətin gələcəyi haqqında fərqli baxışların toqquşmasından yeni düşüncə imkanları yaransın.

Gununsesi.info bu barədə müəllifin yazısını təqdim edir:

“Jurlalistlə tez-tez sual göndərirlər: “Sorğu keçiririk, bəs bir siyasətçi olaraq istirahətiniz necə keçir?” Adətən yola vermək üçün cavablar verirəm. Ancaq indi rahat söyləyə bilərəm. Sin iki ayın gərgin müzakirə-mübahisələrinin istirahət adına yekunu yeni kitab oldu. Şükür ki, tamamlaya bildim. “Çoban məsuliyyəti” adlanan bu kitab son vaxtlar yazılmış, yayınlanmış, yayınlanmamış məqalələr və esseler toplusudur. Epiqraf olaraq Məhəmməd Əmin Rəsulzadənin:

“Tarix, əlbəttə hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar.” bu möhtəşəm fikrini seçdim. Yəqin ki, yaxın vaxtlarda redaktə olunandan sonra çapa verəcəyəm. Adətən əksər publisistik üslubda yazılan kitabların təyinatında “geniş öxucu kütləsi üçün nəzərdə tutulur” ifadəsini işlətməyə üstünlük verilir. Mən isə “bu kitab anlayan oxucu üçündür” ifadəsinin daha dəqiq cilalanmış variant olduğunu düşündüm. Çünki son vaxtların müzakirəsi bizə ölkəmizdə olan Cumhuriyyət dəyərlərinə, tarix şüuruna, akademik ağıla və ağılsızlığa baxışda bir sıra reallıqları göstərmiş oldu. Nə qədər diletant- təbərrü diplomluların, nə qədər müzakirələrə hazırlıqsız jurnalistlərin, bloggerlərin, siyasətçilərin, müzakirədən yayınmaq üçün “Dədə Qurqud” müdrikliyi pozasını alan ziyalıların, qaragüruhun qorxusundan fikirlərini açıq söyləməkdən çəkinənlərin varlığından xəbər tutmuş olduq. Cümhuriyyətdən ağız dolusu yazanlar, Rəsulzadəni göyə qaldıranların böyük əksəriyyətinin səmimiyyətsizliyi də aşkar göründü. Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyətlə bağlı məşhur deyimi var: “Yoxdan bir Cümhuriyyət yaratdıq!” Əslində bunlar da Rəsulzadənin qarşısına öz tezisləri ilə çıxaraq dedilər: “Sən söylədiyin “yox” bizim üçün dadı dəyişməz bir konfettir”  Bütün bu müzakirələr, mübahisələr də “var”la “yox” arasında gedirdi. “Var”ı yaşayıb “yox”u sevənlərin sırasında “var-yox”u söylənlərin imperativlərinin daha güclü olduğunu gördük.

Ancaq bu müzakirələr davam etsə-etməsə belə böyük faydası olduğunu düşünürəm. Əlbəttə, bizə, yəni Azərbaycan Respublikası yetkin vətəndaşlarına bir faydası toxunacaq deyil. Hər nə qədər ictimai-siyasi elitamızda qaranlıq keçmişimiz olan “yox”u konfet kimi müstəqil milli dövlətimiz olan “var”ımızın üzərinə pərçimləmək istəyənlər olsa da, dövlət ağlımız deyir ki, biz XIX əsrin əvvəllərində bu “yox”dan qurtulmuşuq, 1918-ci ildən başlayaraq “var” olmuşuq və 2023-cü ildə Xankəndiyə bayraq taxmaqla Azərbaycanı BÜTÖVLƏŞDİRMİŞİK!!! Bu müzakirələrin xeyri İranın Azərbaycan əyalətində, onun hüdudlarından kənar bölgələrdə, mühacirətdə yaşayan soydaşlarımıza hökmən olacaqdır. Mən izləyirəm, onların auditoriyasında danışanlar, təhlil edənlər, nağıl söyləyənlər bolluca olsa da, praqmatik nəzəri mülahizələr, sosioloji kitablar ortaya qoyanlar barmaq sayı qədərdir. Onları bir az da bizim təbərrü-alimlər arxayınlaşdırmışlar. Onlar Güney Azərbaycanla bağlı bizim uydurduğumuz yalanları  İranın real sosial və siyasi mühitinin, dilinin, xalqlarının, mədəniyyətinin və başlıca olaraq xurafat və cəhalətinin içində olduqlarına görə öz yollarını daha konkret praqmatizmlə düşünməli olacaqlar. Onlar anladılar ki, bizdə elmi əsər, publisistik türkçülük, bütöv azərbaycançılıq adına yazılanların böyük əksəriyyəti bəsit-ideoloji şüarlar üzərində elmi metodologiyadan uzaq makulatura yığınından başqası deyildir.

Yəni hər qarşıya çıxan prosesə XIX əsrin Fransasında yaradılan Paris kommunasının liderlərindən biri olan Tyerin məşhur deyimi ilə yanaşmağı tövsiyə edərdim: “Hər şeyi ciddi qəbul edin, faciəli yox!”

Sonda: Mən bu müzakirələrdən bir kitab ortaya qoydum. Buyurun, siz də kitabınızı yazın, düşüncələrinizi, nəzəri mülahizələrinizi təqdim edin, bir-birimizə cavab olaraq deyil, millətimizə fərqli baxışlar üzərində düşünməyə materiallar, qaynaqlar olsun deyə. Bununla biz hüdudlarımızdan kənarda “yox”dan “var” olma mücadiləsi verən soydaşlarımıza daha böyük fayda vermiş olarıq”.