Qaynar xətt:

(+99450) 247 90 86

Qloballaşma dövründə milli dilin qorunması: Təbii zənginləşmə, yoxsa dilə təzyiq?  

Qloballaşma dövründə milli dilin qorunması: Təbii zənginləşmə, yoxsa dilə təzyiq?  

CƏMİYYƏT

53

19.08.2026, 13:59

Qloballaşmanın sürətləndiyi müasir dövrdə milli dillərin özünəməxsusluğunun qorunması və xarici sözlərin dilə təsiri ən çox müzakirə olunan mövzulardandır. Beynəlxalq inteqrasiya bir tərəfdən elmi və texnoloji terminlərin dilə axınını təbii prosesə çevirir, digər tərəfdən isə məişət leksikasına təsir göstərərək dilin strukturunu təhlükə altına ala bilir. Bu prosesdə xarici sözlərin hansı mərhələdə dili zənginləşdirdiyini, hansı mərhələdə isə ona təzyiq göstərdiyini müəyyən etmək vacib məsələdir. Mövzu ilə bağlı dilin müasir vəziyyəti və qloballaşma şəraitində milli leksikonun qorunması yolları geniş təhlil olunur. Məsələyə münasibət bildirən mütəxəssislər elmi terminologiya ilə gündəlik nitq arasındakı sərhədin gözlənilməsini önə çəkirlər.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov bildirib ki, qloballaşma şəraiti bütün dillərə təsir edir və bu təsir beynəlxalq dil olan ingilis dilinin vasitəsilə həyata keçir:

“İngilis dili ümumbəşəri dil olduğu üçün global miqyasdakı nüansları və iradəni o müəyyənləşdirir. Dillərin milli özünəməxsusluğuna birbaşa təzyiq gözlə görünməsə də, onlar müəyyən sahələrdə istifadədən çıxa bilər. Məsələn, ali təhsil və ya elmi sahələrdə tədricən ingilis dilinin sıxışdırması baş verə bilsə də, qloballaşma milli dillərin elementlərini məhv etmir, sadəcə onların əvvəlki mövqeyini sıxışdırır”.

Akademikin sözlərinə görə, insan təfəkkürünün elə sahələri var ki, orada həmişə ümumdünya miqyasında ümumiliyə cəhd olunur. Bunların başında isə elm gəlir, çünki elmi təfəkkür ümumbəşəridir:

“Azərbaycan dilinin kifayət qədər inkişaf etmiş elmi üslubu var. Bu gün elmi sferada terminlər daha çox ingilis dili ilə paralellik təşkil edir. Biz hətta Azərbaycan dilində olan terminləri ingiliscə qarşılığı ilə dəqiqləşdiririk, çünki beynəlxalq terminlər hər zaman daha dəqiq olur. Bədii və publisistik üslubda isə xarici dil o qədər də müdaxilə edə bilmir, çünki bu sahələr xalqın mentalitetinə uyğundur”.

O qeyd edib ki, xarici sözlərin dilə daxil olmasına gəlincə, dilin termin olmayan öz sözlərinin — məsələn, məişət leksikonunun, adi danışıq sözlərinin əvəzinə xarici sözlər işlədilirsə, bu artıq dilə təzyiqdir. "Ata", "ana", "yazmaq", "oxumaq" kimi bünvərə sözlərin yerinə beynəlxalq sözlərin gəlməsi dilin strukturuna təzyiq hesab olunur. Amma intellektual terminlərin gəlməsi təzyiq sayılmır, bu intellekt aktıdır.

Son olaraq, Nizami Cəfərov vurğulayıb ki, hər bir milli dil öz mental leksikonunu qoruyub saxlamağa məhkumdur və heç bir xalq öz təməl sözlərindən imtina etmək isteməz. Bütün dillər bu cür təzyiqlərə müqavimət gösterir, lakin intellektual leksikaya müqavimət göstərmək mənasızdır.

Çimnaz Telmanqızı