Qaynar xətt:

(+99450) 247 90 86

Gələcəyin binaları necə olacaq: İnsan rahatlığı, yoxsa planetin xilası? – Memar Oxu24.com-a danışdı  

Gələcəyin binaları necə olacaq: İnsan rahatlığı, yoxsa planetin xilası? – Memar Oxu24.com-a danışdı  

CƏMİYYƏT

61

24.07.2026, 15:05

Dünyada müasir şəhərsalma və tikinti sahəsində “yalnız insan üçün deyil, həm də iqlim üçün bina” konsepsiyası günümüzün ən aktual müzakirə mövzularından birinə çevrilib. İqlim dəyişiklikləri və qlobal ekoloji problemlər gələcəyin memarlığı qarşısında tamamilə yeni tələblər və kəskin vəzifələr qoyur. Bu fonda əsas suallardan biri ortaya çıxır: gələcəyin memarlığında prioritet insanların komfortu olacaq, yoxsa planetin xilası? Mütəxəssislərin fikrincə, bu iki mühüm məqsəd bir-birinə zidd deyil, əksinə, düzgün planlaşdırma ilə hər ikisi arasında mükəmməl balans yaratmaq mümkündür. Müasir dövrdə ənənəvi arxitektura yanaşmaları artıq öz yerini planetar yükü azaldan və insan həyat keyfiyyətini artıran innovativ layihələrə verməkdədir. Oxu24.com olaraq gələcək şəhərsalma modelini və ekoloji balansı diqqət mərkəzində saxlayırıq.

Mövzu ilə bağlı Oxu24.com-a öz baxışını və konseptual yanaşmasını tanınmış memar Cahid Həsənov təqdim edib.

"Gələcəyin memarlığı insan və iqlim arasında dirijor rolunu oynayacaq"

Memar Cahid Həsənov bildirib ki, gələcək memarlıq və şəhərsalma bütün dünya memarları qarşısında təxirəsalınmaz tələblər qoyur:

"Növbəti dövr üçün işlənilən memarlıq, şəhərsalma layihələri və yaşayış məskənləri iqlim şəraitinə uyğun həllini tapmalıdır. Artıq coğrafi ərazilərə görə iqlimin sabit dövrü keçib və onun mexanizmi dəyişib. İndi yalnız ənənəvi coğrafi iqlimə görə layihələndirmə yox, ümumiyyətlə planetin yüklənməməsi və insanların bu proseslərdən əziyyət çəkməməsi əsas şərtdir”.

Balans yaratmaq mümkündürmü?

Cahid Həsənovun sözlərinə görə, insan rahatlığı ilə planetin qorunması arasında əlaqələndirici yeganə vasitə məhz memarlıqdır:

“Yeni dövrün memarlıq layihələri həm insan amilinə xidmət etməli, həm iqlimi qorumalı, həm də planetə xeyir verməlidir. Memarlıq bu prosesdə dirijor rolunu oynayacaq.

Əgər layihə insan amilinə xidmət edib ona rahatlıq verirsə, deməli iqlim şəraiti də yerindədir. Təbiətə istinadən inşa edilən bina insanın rahatlığını, sakitçiliyini və həzinliyini təmin etmiş olur. Bu iki faktor birlikdə planetdə havasızlıq və oksigensizlik kimi problemlərdən azad olmağa zəmin yaradır”.

"Ənənəvi memarlıq təhsili artıq kifayət etmir"

Mütəxəssis vurğulayıb ki, qarşıda duran bu böyük hədəflərə çatmaq üçün yanaşmaları və təhsil sistemini köklü şəkildə yeniləmək lazımdır:

“Ənənəvi memarlıq təhsilindən istifadə etmək artıq az olacaq. Bu sahədə təhsili gücləndirmək lazımdır ki, növbəti 10, 20, 30 və 50 ildə bu amilləri yerinə yetirə biləcək yeni memarlar məktəbi yetişsin.

İndi hərəmiz “yaşıl memarlıq” adı altında oradan-buradan müəyyən işlər görürük, lakin bu, ümumi say etibarilə çox azdır. Bu proses ümumbəşəri memarlıq istiqamətinə çevrilməlidir. Çünki artıq planetlərarası məsafələr, yaxın planetlərə uçuşlar dövrü başlayır və bu reallıq yeni Onilliklər üçün yeni memarların yetişdirilməsi tələbini irəli sürür”.

Çimnaz Telmanqızı