Qaynar xətt:

(+99450) 247 90 86

Qastroenteroloq: "Dondurma və buz kimi soyuq içkilər mədə-bağırsaq xəstəliklərini kəskinləşdirə bilər"  

Qastroenteroloq: \"Dondurma və buz kimi soyuq içkilər mədə-bağırsaq xəstəliklərini kəskinləşdirə bilər\"  

CƏMİYYƏT

52

16.07.2026, 21:27

Yay aylarında havaların isti keçməsi səbəbindən insanlar daha çox dondurma, buzlu və qazlı sərinləşdirici içkilərə üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsullar hər kəs üçün təhlükəsiz hesab edilmir. Xüsusilə mədə və bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar soyuq qidaların qəbulunda diqqətli olmalıdırlar.

Qastroenteroloq Ülvi İbrahimov Oxu24.com-a açıqlamasında bildirib ki, yay mövsümündə ən çox rast gəlinən qidalanma səhvlərindən biri həddindən artıq soyuq qida və içkilərin qəbul edilməsidir. Onun sözlərinə görə, sağlam insanlarda belə buz kimi soyuq məhsullar həzm sistemində müəyyən narahatlıq yarada bildiyi halda, mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə vəziyyət daha ciddi ola bilər.

Həkim qeyd edib ki, xüsusilə dondurma, buzlu qazlı içkilər və soyuducudan yeni çıxarılmış mayelər mədənin selikli qişasına təsir göstərərək mövcud problemlərin şiddətlənməsinə səbəb ola bilər.

"Əgər insanda mədə xorası, qastrit və ya digər mədə xəstəlikləri varsa, həddindən artıq soyuq qidaların qəbulu həmin xəstəliklərin əlamətlərini daha da artırır. Bu zaman mədə ağrıları, yanma hissi, köp, həzmsizlik və narahatlıq daha qabarıq şəkildə özünü göstərə bilər", – deyə Ülvi İbrahimov bildirib.

Mütəxəssis vurğulayıb ki, soyuq qidalar reflüks xəstəliyindən əziyyət çəkən insanlar üçün də arzuolunan hesab edilmir. Onun sözlərinə görə, bu zaman mədə turşusunun qida borusuna geri qayıtması sürətlənə, döş sümüyü arxasında yanma hissi və ağıza turş mayenin gəlməsi kimi şikayətlər arta bilər.

Qastroenteroloqun sözlərinə görə, ən çox problemlərdən biri də bağırsaq xəstəlikləri olan insanlarda müşahidə edilir. Xüsusilə yoğun bağırsağın iltihabi xəstəlikləri və qıcıqlanmış bağırsaq sindromu olan pasiyentlərdə buz kimi soyuq içkilər bağırsaq spazmlarını gücləndirə, qarın ağrısı, köp, ishal və digər narahatlıqları artıraraq xəstəliyin gedişini ağırlaşdıra bilər.

Ülvi İbrahimov bildirib ki, həkimlik təcrübəsində yay aylarında məhz bu səbəbdən müraciət edən xəstələrin sayı xeyli artır.

"Praktik fəaliyyətimiz zamanı görürük ki, isti havalarda insanlar susuzluqlarını aradan qaldırmaq üçün çox soyuq içkilərə üstünlük verirlər. Lakin bu, xüsusilə həzm sistemi həssas olan şəxslərdə ciddi problemlərə səbəb ola bilir. Ona görə də bu cür məhsulları qəbul edərkən ehtiyatlı olmaq vacibdir", – deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, insanın ürəyi dondurma və ya sərin içki istəyə bilər. Lakin mədə-bağırsaq sistemi ilə bağlı hər hansı problem mövcuddursa, həmin məhsulları birbaşa çox soyuq halda qəbul etmək məsləhət görülmür.

Onun sözlərinə görə, ən doğru yanaşma dondurmanı və ya soyuq içkini bir qədər otaq temperaturunda saxladıqdan sonra qəbul etməkdir. Bu, həm mədə və bağırsaqların ani temperatur dəyişməsinə məruz qalmasının qarşısını alır, həm də həzm sisteminə düşən yükü azaldır.

Qastroenteroloq əlavə edib ki, sağlam qidalanma yalnız qəbul edilən məhsulların seçimi ilə deyil, onların temperaturu ilə də sıx bağlıdır. Xüsusilə yay aylarında sərinləmək məqsədilə buz kimi içkilərdən həddindən artıq istifadə etmək əvəzinə, otaq temperaturuna yaxın mayelərə üstünlük vermək orqanizm üçün daha faydalıdır.

Ülvi İbrahimov sonda vurğulayıb ki, mədə və bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslər özbaşına qidalanma vərdişlərini dəyişmək əvəzinə, mütləq həkim tövsiyələrinə əməl etməlidirlər. Onun fikrincə, sadə görünən qidalanma səhvləri belə bəzi hallarda xəstəliyin kəskinləşməsinə və əlavə müalicəyə ehtiyac yaranmasına səbəb ola bilər.